“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cərimə kamerasında (“kars”) saxlanma müddətinin daha 10 gün uzadıldığı bildirilir.
Bu barədə “İşçi Masası” məlumat yayıb.
Məlumata görə, o, 14 gündən çoxdur karserdədir.
Elvin Mustafayev mayın 6-da Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbusların azad edilməsi tələbilə aclıq aksiyasına başlamışdı. Bundan sonra ona təzyiq olunub və yeri dəyişdirilib. Uzun müddət hansı müəssisədə olduğu barədə xəbər verilmirdi. Məlumata görə, Elvin Mustafayev 6 saylı cəzaçəkmə müəssisənin cərimə təcridxanasındadır. Mayın 19-da oradan çıxarılmalı olsa da 10 gün əlavə olaraq orada qalacağı bildirilir.
“İşçi Masası” ailəsi və yaxınlarının Elvin Mustafayevin səhhətindən narahat olduğunu bildirib və onun karserdən çıxarılmasını tələb edib.
Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və narkotik alverində ittiham olunub.
Mustafayev ittihamları rədd edərək bildirib ki, narkotik maddəni onun üzərinə qoyublar.
2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Həmin il səhhətində problem olsa da, müalicə müəssisəsindən yenidən cəzaçəkmə müəssisəsinə qaytarılan Elvin Mustafayev buna etiraz olaraq aclıq aksiyası keçirmişdi.
Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov və üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.
Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.