“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Ayxan İsrafilov qanunsuz olaraq qapalı şəraitdə saxlanıldığına və şəxsi əşyalarının götürülüb geri qaytarılmadığına görə 3 gündür ki, quru aclığa başlayıb.
Bu barədə Meydan TV-yə İsrafilovun yaxınları məlumat verib.
Yaxınları bildirib ki, bu gün onunla telefon danışığı zamanı əlaqə anidən kəsilib. Hazırda İsrafilovla əlaqə saxlamaq mümkün deyil.
Ailəsi və yaxınları Ayxan İsrafilovun səhhətindən narahat olduqlarını qeyd ediblər.
Onlar vurğulayıb ki, İsrafilov 3-cü qrup əlildir və quru aclıq onun səhhəti üçün son dərəcə təhlükəlidir.
Ayxan İsrafilov 2023-cü il avqustun 11-də həbs olunub.
O, narkotik maddələrin əldə etmə, daşıma maddəsi ilə ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsində bu ittihamla ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.
Lakin o, özünü təqsirli bilmir, narkotiklə şərlənərək həbs olunduğunu deyir.
Ayxan İsrafilov bildirib ki, işçilərin hüquqlarını müdafiə etdiyinə, tənqidi fikirlərinə və siyasi baxışlarına görə sifarişlə cəzalandırılıb.