Ayxan İsrafilov barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib
Avqustun 11-də saxlanılan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilova qarşı narkotik ittihamı irəli sürülüb.
Onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Bu barədə Meydan TV-yə “Demokratiya-1918” Hərəkatının (D-18) sədri Əhməd Məmmədli məlumat verib.
Qərar Nərimanov Rayon Məhkəməsində çıxarılıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunur.
Bu, son bir həftə ərzində eyni maddə ilə ittiham olunan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının ikinci üzvüdür.
Ümumiyyətlə, avqustun 1-də kuryerlərin etiraz aksiyasından sonra bu təşkilata daxil olan bir sıra şəxslər müxtəlif ittihamlarla həbs olunub.
Aksiyada iştirak edərək, kuryerlərə dəstək verən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov elə həmin gün – avqustun 1-də axşam saxlanılıb.
Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilib.
Ardınca avqustun 4-də bu qurumun üzvü Elvin Mustafayev həbs edilib.
İki gün sonra məlum olub ki, ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə narkotik ittihamı irəli sürülüb.
“Kuryerlər də Azərbaycan cəmiyyətinin bir parçasıdır. Bir tikə çörəyilə imtahana çəkilir və qorxurlar. Cəsur simaları isə həbs olunur və təzyiqlərə məruz qalır”, – Əhməd Məmmədli bildirib.
Gənc fəalların ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.