İşçi hüquqları fəalı Ayxan İsrafilov Bakı İstintaq Təcridxanasına köçürülüb

Ayxan İsrafilov. Foto: Ayxan İsrafilovun şəxsi arxivindən

Həbsdə olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov hazırda Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə onun yaxınları məlumat verib.

Ayxan İsrafilov 2023-cü il avqustun 11-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində bu ittihamla da ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

O, özünü təqsirli bilmir, narkotiklə şərlənərək həbs olunduğunu deyir. O, məhkəmədə ifadəsində bildirib ki, işçilərin hüquqlarını müdafiə etdiyinə, tənqidi fikirlərinə və siyasi baxışlarına görə sifarişlə cəzalandırılıb.

Məlumata görə, fəal həbs müddətinin üçdə ikisini tamamladığı üçün şərti azadlığa çıxmaq məqsədilə məhkəməyə müraciət edib, lakin Bakı Ağır Cinayətlər Məhkəməsi vəsatətini təmin etməyib. Bunun ardınca A. İsrafilov qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Onun işinə baxılacaq növbəti iclas noyabrın 12-də keçiriləcək.

Ailə üzvlərinin bildirdiyinə görə, fəalın saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən onu Bakı İstintaq Təcridxanasına (BİT) köçürüblər. İsrafilovun öz sözlərinə görə, BİT-də tətbiq olunan qapalı rejim onun sağlamlığı üçün əlverişli deyil.

“Mənə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ümumi rejimli cəzaçəkmə müəssisəsində həbs hökmü verilmişdi. Lakin apellyasiya məhkəməsinə baxış üçün məni Kürdəxanı təcridxanasından İstintaq Təcridxanasına gətiriblər. Buradakı qapalı şərait isə mənə verilmiş hökmün şərtlərinə uyğun deyil”, – deyə fəal ailəsi ilə telefon danışında bildirib.

Ailə üzvləri əlavə ediblər ki, İsrafilovun ayağında zədə var və onun müntəzəm fiziki məşqlər etməsi vacibdir. Lakin BİT-də qapalı rejim buna imkan vermir.

Fəal həmçinin qeyd edib ki, burada ona ailəsi ilə yalnız şüşə arxasında görüşmək icazəsi verilir və 10 kvadrat metrlik kamerada altı nəfər birlikdə qalır.

Ana səhifəSiyasətİşçi hüquqları fəalı Ayxan İsrafilov Bakı İstintaq Təcridxanasına köçürülüb