“Azərbaycan hökumətinin müstəqil və tənqidi səslərə təzyiqi parlament seçkisi öncəsi ziyanlı təsirə malikdir”
Bu bəyanatı ATƏT Parlament Assambleyasının Demokratiya və insan haqları Komitəsinin sədri İsabel Santos oktyabrın 27-də yayıb.
İsabel Santos deyib ki, seçki müşahidəçisi Anar Məmmədli həbsxanadan seçkini müşahidə edə bilmir. Jurnalist Xədicə İsmayıl “barmaqlıqlar” arxasından seçki kampaniyası barədə xəbər verə bilmir. İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus – Azərbaycanda siyasi məhbusa çevrilmiş insan haqları müdafiəçiləri və hökumət tənqidçilərinin siyahısı böyüməkdədir. Parlament seçkisi öncəsi bilgili debatların olması vacibdir və Azərbaycan vətəndaşları hökumətin yaratdığı sükutdan daha çox ziyan çəkəcəklər.
Xanım Santos parlamentari müxalifət lideri İlqar Məmmədovun həbsxanada döyülməsi xəbərlərindən də narahatlığını bildirib:
“Ölkə rəhbərlərini vətəndaşları və beynəlxalq ictimaiyyət ilə işləməyə, açıq və səmimi dialoq aparmağa, sonucda ölkədə insan haqları və hüququn aliliyini bərpa etməyə çağırıram”.
İsabel Santos hakimiyyətlə bu və demokratiyaya bağlı digər məsələlər üzrə konstruktiv əməkdaşlığa açıq olduğunu bəyan edib.
O, ümidvar olduğunu bildirib ki, hökumət ATƏT-in seçkini müşahidə öhdəliklərinə əməl edəcək və quruma gələcək seçkiləri tam və məhdudiyyətsiz izləməyə şəraiti yaradacaq.
azadliq.org