İsa

Həyat bahasına səmimiyyət

Source:



İsanın ölümü, İsanın intiharı əslində, son illərin ən təsirli etiraz aksiyası idi. Normal toplum, normal cəmiyyət bu aksiyadan şoka düşməli, öz hesabını götürməli idi. Anlamalı idi ki, heç bir din, mentalitet, ənənə, qayda bir gəncin, onun timsalında daha neçə gənclərin həyatına son qoyması bahasına qorunmamalıdır. Bizim cəmiyyət bu nəticəni çıxardımı özü üçün? Bilmirəm. İnanmıram.

İki il əvvəl Azərbaycanda insanlar mənim üçün iki yerə bölündü. Bu bölgünün meyarı İsa idi. Daha doğrusu, İsaya münasibət. Ömrünün ən təravətli illərini yaşayan gənc, az qala yeniyetməni düşünün. Hələ bütün gələcək, bütün uğurlar, səfərlər, gözəl günlər qarşıdadır. Onun əlində bu gün şəxsən mənim yaşıdlarımın həsəd aparacağı bir şey var: gənclik, gələcək, zaman, illər! O gözəldir, yaradıcıdır, sevgi dolu qəlbi, sevdikləri, dostları, işi, idealları var. Qarşıda nə qədər gözəl günlər, yaşanacaqlar, sevgilər, dostluqlar, həyacanlar, hisslər var.

Amma günlərin birində, o boğazına bayraq dolayıb, özünü əbədi qaranlığın içinə atır. Əbədi boşluğa yuvarlanır. Bir gənc bunu eləmək üçün nə qədər əzab çəkməli, nə qədər ümidsizliyə qapılmalı, nə qədər əlini üzməlidir hər şeydən?

Asan şey deyil intihar. Bir anın, hətta bir günün qərarı deyil. intihar üçün uzun, upuzun zaman düşünməlisən. Haqq-hesab çəkməlisən, qarşıda səni gözləyən gözəllikləri, yenilikləri, yaşaya biləcəyin şeyləri indi səni intihara vadar edən səbəblərlə tərəziyə qoymalısan. Yalnız nəticədə, çəkidə əzab daha üstün gələrsə, qərar verə bilərsən intihara, ömrünün bitməyinə.

Bunları düşünürəm və heyrətə gəlirəm ki, 21 yaşında insan əzabın hansı qədərini, hansı mərhələsini dadmalı idi ki, son nəticədə intihara qərar versin.

Ona bu əzabları yaşadanların bircə istəyi vardı: yalan danış, özünü, rəngini, fərqliliyini gizlə, səninlə işimiz olmasın. Başını aşağı sal, özünü hamı kimi göstər, hamı kimi olduğunu nümayiş elə. Gizlində isə nə istəyirsən elə, necə istəyirsən, yaşa. Əksini eləsən, gen dünyanı sənə dar edəcəyik, barmaq tuşlayacaq, təhdid edəcək, səni sevdiklərinlə düşmən edəcəyik.

O çalışdı, bağırdı, haqlı olduğunu isbatlamağa çalışdı. Kinonu, sənəti köməyə çağırdı, doğmalarına filmlər izlətdi, bütün zəhərə, tələblərə, təhdidlərə qarşı sevgisini qoydu. Amma ondan sevgi deyil, yalan tələb elədilər.

O isə səmimiyyəti seçdi. O öz rəngini, öz fərqini, öz naturasını gizlətməyi özünə rəva bilmədi. Özündə gizlətməli heç bir şey görmədi. Bunu özü üçün şərəf, ləyaqət məsələsi elədi. Və ləyaqətlə yaşamağın əvəzini öz canı, gəncliyi, gələcəyi ilə ödədi.

İsanın ölümü, İsanın intiharı əslində, son illərin ən təsirli etiraz aksiyası idi. Normal toplum, normal cəmiyyət bu aksiyadan şoka düşməli, öz hesabını götürməli idi. Anlamalı idi ki, heç bir din, heç bir mentalitet, heç bir ənənə, heç bir qayda bir gəncin, onun timsalında daha neçə gənclərin həyatına son qoyması bahasına qorunmamalıdır. Bizim cəmiyyət bu nəticəni çıxardımı özü üçün? Bilmirəm. İnanmıram.

Lermontov yaşına beş il vardı. Yesenin yaşına doqquz. Puşkin yaşına on altı.

Sən ikinci İsa yaşını müəyyənləşdirib, getdin.

Qəbrin nurla dolsun, İsa. Qəbrin nurla dolsun.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim Fikrimcəİsa