Elə bil, hardansa komanda verilib. Demokratiya tələb etmək, dəyişiklik üçün çalışmaq, cəmiyyətin bütünləşməsi üçün çabaya ehtiyacın yarandığı zaman biriləri Müsavata qarşı kampaniyanın növbəti mərhələsini başladıblar. Cənablar yorulmadız?
Anlaşılmaz və mənasız söz davası nə qədər gedər, ağsaqqal-qarasaqqal biri-birini nə qədər söyər, təhqir edər? Dalaşmaqları bir yana, Müsavat Partiyasına zərər vurmağa çalışırlar. Partiyanı da bu “savaş”a soxmaq istəyirlər. Baxmayaraq ki, Müsavat mənasız və zərərli müzakirələrin iştirakçısı olmayacağını davamlı söyləyir.
Müsavat mübarizəni müxalifətin daxilindən çıxarmaq üçün səy göstərir. Başqaları israrla daxili mübarizə görüntüsü yaratmaq istəyirlər. Ağsaqqal- qarasaqqal qalmayıb, hər kəs söyür. Biri özünü ən ağıllı, biri özünü ən vicdanlı adlandırır.
Gülməlisi odur ki, güya hər iki tərəf Müsavat Partiyasını düşünürmüş kimi davranaraq, bizə qarşı çirkli fəaliyyətlərini davam etdirirlər. Bir tərəf Lider tv səviyyəsində xəbərləri tirajlayır, yazılar yazır. Aztv-nin dediklərini, “Səs” qəzetinin yazdıqlarını qəzetlərində çap etdirirlər. Müsavata qarşı səbəbsiz dava aparırlar. Bu davada ağsaqqal birini özlərinə qalxan edib, urvatsız edirlər. Belə etmələrinin bir çox səbəbi var. Ehtiyac olsa, o haqda da yazmaq olar.
Digər tərəfə gəldikdə, savadsız və avantüristlərdən Müsavata qarşı müsahibələr, rəylər alır, əxlaqsız adamların anti-Müsavat yazılarını dərc edir, Müsavata qarşı, müsavatçılara qarşı tərbiyəsizlik edənlərlə qol boyun olur, bir sözlə, Müsavata zərərli fəaliyyətlə məşğuldurlar.
Siyasət meydanında uğur qazana bilməyib, getdikcə batanlar, batdıqca başqalarını da özləriylə birlikdə aşağı çəkmək istəyənlər, sona qədər davam gətirə bilməyənlər hər fürsətdə Müsavat Partiyasına qarşı olduqlarını kimlərəsə sübut etməyə çalışırlar. Nədir, nə məsələdir?
Ayıq müşahidəçilərə səbəb aydındır. Müsavatın və onun liderinin prinsipial və ardıcıl siyasi fəaliyyəti partiyanı elə bir üstün mərtəbəyə gətirib çıxarıb ki, öz şəxsi maraqları naminə qeyri-müəyyən və dəyişkən, hətta avtoritar rejim qarşısında təslimçi mövqe sərgiləyənlərin önə çıxması müşgül bir işə çevrilib. Tək onlar yox, hakimiyyətdəkilər də narahatdırlar. Müsavatı zəiflətmək, gözdən salmaq, düşərgədaxili çəkişmələrə cəlb edib mübarizədən yayındırmaq üçün müxtəlif üsullara əl atırlar.
Hər kəsin də gördüyü kimi, artıq bir neçə aydır ki, partiyanın gizli və aşkar düşmənlərini, dost və təəssübkeş iddiasıyla Müsavatı çökdürməyə hər an hazır və həvəsli olanları səfərbər edib partiyaya qarşı səlib yürüşü başladıblar.
Niyə?
Çünki Müsavat Partiyası ən güclü və ən prinsipial siyasi təşkilat, İsa Qəmbər isə ölkənin ən parlaq siyasi fiquru olaraq qalır. Müsavat hakimiyyətin və onun əlaltılarının niyyətini ürəyində qoyur, planlarını boşa çıxardır, təşkilatlanma işini gücləndirir, beynalxalq aləmlə, cəmiyyətlə əlaqələrini gücləndirir. Aydın görünür ki, bu uğurlar kimlərisə ciddi şəkildə narahat edir və onların arasında təkcə hakimiyyət təmsilçiləri yox, müxalifət düşərgəsindəki “dostlarımız” da var.
Onlar uğursuzluq çökəyindən çıxmaq üçün Müsavatı hədəf seçiblər. Bəzi jurnalistlərə partiyamız haqqında məntiqsiz yazılar yazdırıb öz uğursuzluqlarını Müsavatın günahı kimi qələmə verməyə çalışırlar. İzafi əməkdir, boşuna sərf edilən enerjidir. Çünki bu partiyanın hədəfləri də cəmiyyətə bəllidi, məqsədi də, fəaliyyəti də. Bu fəaliyyətin ciddiliyi heç kəsdə şübhə doğurmadığı üçündür ki, bu gün cəmiyyət Müsavatın qurultayıyla, partiyanın Gənclər Təşkilatına sədr seçkisiylə daha çox maraqlanır, nəinki bəzi partiyaların özü və lideriylə.
Onların şübhəli-sürüşkən fəaliyyəti nəticəsində səslərin yarıdan çoxu saxtalaşdırlımış seçki cəmiyyətdə cəmi 3 ay müzakirə olundu. Yəni kimin cazibəsi itib, kimin cazibəsi qalıb, göz qabağındadır, bunu onlar da hər kəs də bilir. Bilirlər ki, İsa Qəmbər tribunada olanda tribuna, meydanda olanda meydan müzakirə edilir. Bilirlər ki, İsa Qəmbərin olduğu bütün birliklər hər zaman uğur qazanıb. Bilirlər ki, Müsavatın ətrafında yaranan bütün birliklər ciddi nəticələr əldə edib. İndi cazibədən danışanlar, demokratik hakimiyyəti yıxanlarla birlikdə Müsavata, İsa Qəmbərə qarşı olanda da, hakimiyyətə yarınanlarla birlikdə restoranlarda Müsavata qarşı görüşəndə də cazibə mərkəzi Müsavat ən parlaq siyasi lider İsa Qəmbər olub. Cəmil Həsənlinin müxalifətin vahid namizədi olması da, müxalifətin seçkidə iştirak edib seçki saxtakarlıqlarını ifşa etməsi də məhz İsa Qəmbərin sayəsində baş tutub. Bilirlər.
Dediyimiz kimi, “vuruşan” tərəflərin ikincisi də Müsavata qarşı fəaliyyət göstərir. Bu ikinci tərəf də fərqli formada eyni mövqe sərgiləməkdədir. Amma siyasi bilikləri də, dünya görüşü də bərbad olan birilərini İsa Qəmbərə və Arif Hacılıya qarşı danışdırmaqla Müsavatı zəiflətməyin mümkün olmayacağını siyasətin əlifbasını bilənlər belə bilir. Bunlar guya bilmir?
Hakimiyyətin anti-Müsavat təbliğatında iştirak edən siyasət piyadalarının bütün ciddi-cəhdlərinə rəğmən Azərbaycanın aparıcı siyasi təşkilatı olan Müsavat demokratiya uğrunda mübarizənin öncülü və əsas dayağıdır. Azərbaycanın dövlət təhlükəsizliyinin qarantlarından biri də Müsavat Partiyasıdır. Bunu görməmək siyasi korluqdur.
Belə bir partiyanın üzvü olmaq şərəfdir və biz qazanc olaraq bu şərəfi seçmişik, bizim üçün ən böyük xeyir fədakar müsavatçı adıdır.
Son olaraq, siyasi mövqeyinə görə həbsdə olan birinə şər atanlarla üzvləri həbsdə olan, prinsipial mübarizənin simvolu olan partiyaya şər atanların, həmin partiyanı gözdən salmağa cəhd edənlərin heç bir fərqi yoxdur.
Avtoritarizimə qarşı mübarizə aparan insanlara şər atmaq, onları gözdən salmağa cəht etmək vicdanlı iş deyil.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.