İsa Qəmbər: Rusiyanın Xocalı hava limanı ilə bağlı müəyyən planları var

“Xocalı hava limanını misal çəkirlər, yenə deyirəm, 2-3 ay yox, 10-15 il sonraya baxın”.

Source: Specify Source


MSDM sədri: "Xocalı aeroportu ilə bağlı məsələyə aydınlıq gətirilməlidir"

“Füzuli şəhərində hava limanının tikilməsi haqda suala cavab verməzdən əvvəl başqa suala cavab tapılmalıdır ki, Azərbaycan rəhbərliyi niyə Xocalı aeroportu ilə bağlı məsələyə aydınlıq gətirmir”.

Bunu Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər dövlət başçısı İlham Əliyevin Füzulidə beynəlxalq hava limanın inşa olunması barədə fikirlərini Meydan TV-yə şərh edərkən deyib.

İsa Qəmbər bildirib ki, Xocalı hava limanının Rusiyanın nəzarətində olması bəllidir: “Rusiyanın da Xocalı hava limanı ilə bağlı müəyyən planları var. Amma rəsmi Bakı hansı mövqedədir? Yoxsa Moskvanın təkbaşına Azərbaycanın hüquqlarını pozan yanaşmasıyla razılaşmaq niyyətindədir? Əvvəlcə, bu suallara cavab verilməlidir. Azərbaycan dövləti ilk növbədə öz ərazilərinə və bu torpaqlarda bütün obyektlərə sahib çıxmalıdır”.

Isa Gambar – Musavat (2).jpg
İsa QƏmbər

İsa Qəmbərin sözlərinə görə, prinsip etibarilə Azərbaycanın müxtəlif bölgələrində aeroportların inşası özü-özlüyündə müsbət hadisədir: “Burada da müqəddəs bir hədəf bəlirlənib, yəni ordan Şuşaya getmək imkanı yaranır. Bəli, hədəf kimi yaxşıdır, amma bəllidir ki, Azərbaycanın müxtəlif bölgələrində inşa olunmuş aeroportlar faktiki olaraq çox nadir hallarda istifadə olunur. Ona görə də hər hansı bu cür ciddi addım atmazdan əvvəl onun nəticələri, siyasi-iqtisadi faydaları araşdırmalıdır. Bir daha təkrar edirəm: mən Füzuli şəhərində hava limanının tikilməsini çox müsbət qiymətləndirirəm, amma bundan əvvəlki sualıma cavab verilməsini zəruri hesab edirəm”.


Mehman Əliyev: "Qarabağ probleminin həllinin iki tərəfi var: siyasi statusun həlli və iqtisadi dirçəliş"

“Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Füzulidə hava limanının tikilməsini strateji addım hesab edir: “İndiki vəziyyətdə işğaldan azad olunmuş rayonlarda aeroport vacibdir, çünki insanları operativ şəkildə ora aparmağa ehtiyac yaranır. Mən məsələyə strateji baxımdan yanaşaraq belə düşünürəm. Vaxtında Gəncə, yaxud Lənkəran, Qəbələ hava limanı tikilməsəydi, F-16-ları hara qoyacaqdıq?! Bu mənada sabah çevik şəkildə min nəfər Füzuliyə göndərmək lazım oldu. Belə olanda 4-5 saata avtobusla getmək əvəzinə 10 təyyarə ayırıb göndərirsən. Məsələ ondadır ki, Qarabağ zonasının hava limanı yoxdur”.

Mehman Aliyev (6).jpg
Mehman Əliyev

“Mövcud iqtisadi imkanlar baxımından hava limanının inşası əlavə xərc deyilmi?” sualına Mehman Əliyev belə cavab verib: “Azərbaycanda o qədər pullar oğurlanır ki, bu cür hava limanlarının tikilməsi onların yanında böyük problem deyil. Əsas problem ayrılan vəsaitlərə ictimai nəzarətdir. Vaxtilə “Kür” Vətəndaş Cəmiyyəti daşqınlar zamanı dəyən ziyanın aradan qaldırılması üçün ayrılan vəsaitlərin 70-80 faizinin oğurlandığını bəyan edirdi. Biz cəmiyyəti həyata keçirilən layihələrə nəzarətə yönəltməliyik. Birinci, rayonların bərpasına ayrılan vəsaitlərin xərclənməsinin ictimai müzakirələri təşkil olunmalıdır. Bəli, deyə bilərlər ki, hökumət bunda maraqlıdırmı? Hökumət onsuz da ictimai müzakirələrdə maraqlı olmayıb, çünki korrupsiyaya bulaşan hökumət necə ictimai müzakirələrdə maraqlı ola bilər?! Bunun üçün cəmiyyət tələb etməlidir. İkinci, biz vəziyyətə indiki böhrandan yanaşmayaq, gələcəyə baxaq, əgər ədalətli cəmiyyət qurulsa, insanlar yaxşı əməkhaqqı alsa, niyə təyyarədən istifadə etməsin?! Almaniyada Frankfurt, Fransada Tuluza hava limanları var. Xocalı hava limanını misal çəkirlər, yenə deyirəm, 2-3 ay yox, 10-15 il sonraya baxın. Qarabağ probleminin həllinin iki tərəfi var: siyasi statusun həlli və iqtisadi dirçəliş. Erməni icmasının yaşadığı rayonları kənara qoyaq, dağıdılımış bölgələrin normal hala salınması ən azı 2 ilə başlanacaq və davam edəcək. Hava limanını da 2 aya tikmək mümkün deyil, ən azı 3-5 il çəkəcək. Qarabağ icmasının isə geriyə yolu yoxdur, Yerevanın onlardan üz döndərdiyini bilirlər. Yerevan da Bakıyla mütləq münasibətlərini qurmalıdır və bunlar hamısı proseslərə təsir edir”.


Rauf Mirqədirov: "Azərbaycanda bir neçə beynəxalq hava limanı var, heç biri rentabelli deyil"

Siyasi icmalçı Rauf Mirqədirov Füzuli şəhərində hava limanının inşa edilməsinin əsas səbəbini Xocalıdakı hava limanının yenidən qurulması haqda məlumatdan irəli gəldiyini düşünür: “Əsas məsələ Xocalı hava limanının nə vaxt Azərbaycanın nəzarətində olmasıdır. Ona görə də yaxın vaxtlarda Xocalı hava limanından istifadə etmək real görünmür, yalnız gələcəkdə bu mümkündür”.

Azərbaycanda bir neçə beynəxalq hava limanının olduğunu xatırladan Rauf Mirqədirov bildirib ki, həmin limanların heç biri rentabelli deyil: “Azərbaycan kimi kiçik ölkədə bu qədər hava limanına ehtiyac yoxdur. Mənim yadıma gəlmir ki, Qəbələyə və yaxud Yevlaxa hansısa xarici ölkədən təyyarələr ensin. İkinci, beynəlxalq hava limanları böyük xərc deməkdir. Üçüncü, Azərbaycanda ən qeyri rentabelli dövlət şirkətlərindən biri AZAL-dır, bir neçə ilin məlumatına əsasən 1 milyard dollara yaxın xarici borcu olduğu açıqlandı. Ona görə də beynəlxalq hava limanlarının sayının bu qədər artması qəbuledilməzdir. Belə vəziyyətdə milyonlarla vəsaiti beynəlxalq hava limanına yönəltmək ən azından məqsədəuyğundur.

Məsələ ondadır ki, beynəlxalq hava limanı inşa olunarsa, istər-istəməz ya AZAL-ın üstünə yüklənəcək, ya da kredit götürüləcək. AZAL da borcu yalnız dövlət təminatıyla götürə bilər”.

1478033754_12596605_986768104750481_2097728364_.original.jpg
Rauf Mirqədirov

Rauf Mirqədirov hesab edir ki, hava limanına ayrılacaq vəsaiti, azad olunan rayonlarda daha vacib istiqamətlərdə xərcləmək olar: “Hazırkı sosial-iqtisadi vəziyyət də bu cür layihələrin həyata keçirilməsi üçün məqbul deyil. İnsanların əksəriyyəti pandemiya səbəbindən bir ilə yaxındır işləmir. İki gün əvvəl isə Tarif Şurasının qərarı digər məhsulların qiymətinin artımına birbaşa təsir göstərəcək. Müharibə özü büdcə kəsirini artırırb. Bu cür vəziyyətdə iqtisadiyyatın dirçəlməsi naməlum deyil. Mən azad olunmuş rayonlarda regional layihələrin olmasınəın əleyhinə deyiləm, amma həmin layihələr səmərəli və effektiv olmalıdır. Azərbaycandakı beynəlxalq aeroportların səmərəsi və rentabelliyinin çox aşağı olması isə hökumətə də məlumdur”.

Dövlət başçısı İlham Əliyev yanvarın 5-də yeni təyin etdiyi mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən Füzuli şəhərdində beynəxalq hava limanının tikiləcəyini

bildirib

.

Ana səhifəSiyasətİsa Qəmbər: Rusiyanın Xocalı hava limanı ilə bağlı müəyyən planları var