“Azərbaycanın o qədər ciddi islahatlara ehtiyacı var ki, cəmiyyətin etimadına malik olmadan heç bir siyasi qüvvə bu ciddi islahatları həyata keçirə bilməz”
Fevralın 6-da Milli Strateji Düşüncə Mərkəzi cəmiyyətə yeni “Yol xəritəsi”ni təqdim etdi. “Yol xəritəsi”nin “Böhrandan imkana doğru” adlanan hissəsində ölkənin indiki vəziyyətdən çıxarılması üçün təkliflər qeyd olunub. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər təşkilatın hazırladığı sənədlə bağlı Meydan TV-yə müsahibə verib.
İsa bəy, Milli Strateji Düşüncə Mərkəzi olaraq cəmiyyətə yeni “Yol Xəritəsi” təqdim etmisiz. Bu “Yol Xəritəsi”nin məqsədi nədir?
Ölkə böhran içindədir. Böhran gündən-günə dərinləşir. Hakimiyyətin yarımçıq siyasəti bu böhranın qarşısını almaq üçün yetərli deyil. Siyasi qüvvələr, Müsavat Partiyası, digər qüvvələr, müstəqil ekspertlər kifayət qədər yaxşı ideyalar irəli sürürlər. Biz bunların hamısını görürük, qiymətləndiririk. Eyni zamanda biz hesab elədik ki, bu təklifləri ümumiləşdirib, böhrandan çıxış yolu ilə bağlı, həmçinin böhrandan imkana doğru bir yol xəritəsi hazırlayaq. Ona görə də 8 istiqaməti özündə əks etdirən belə bir sənəd hazırladıq. Burda əsas istiqamətləri və onların ardıcıllığını müəyyənləşdirdik. Hesab edirik ki, bütün xalqın, ölkəmizin, əhalinin hər bir kəsiminin, hər bir zümrəsinin maraqlarına uyğun təkliflərlə çıxış etmiş olduq.
Yəni hesab edirsiniz ki, irəli sürdüyünüz bu tələblərlə ölkəni düşdüyü vəziyyətdən çıxarmaq mümkündür?
Məhz yeganə bu istiqamətdə atılan addımlar ölkəni böhrandan çıxara bilər. Çünki əgər bu gün köklü müsbət dəyişikliklər həyata keçirilməyəcəksə, ölkə böhrandan qurtarmayacaq. Açıq deyək, sabah bir fantastik hadisə baş versə və neftin qiyməti yenidən 100-150 dollara yüksəlsə, bu, qısamüddətli, sanki xəstəyə oksigen vermək kimi bir şey olacaq. Ancaq xəstəliyin müalicəsi olmayacaq. Çünki bu böhranın səbəbi təkcə neftin qiymətinin düşməsi deyil, böhranın səbəbi Azərbaycandakı rejimin korrupsiyalaşmasıdır, monopoliyalarla ölkəni idarə etməsidir, bərbad idarəçilikdir. Bunlar aradan qaldırılmalıdır. Ölkədə iqtisadi və siyasi azadlıqlar bərqərar edilməlidir. Bunun üçün də köklü dəyişikliklərə ehtiyac var. Bu baxımdan nəinki bu təkliflər ölkəni böhrandan çıxarmağa qadirdir, bu təkliflərsiz ölkəni böhrandan çıxarmaq mümkün deyil.
Amma irəli sürdüyünüz təkliflər arasında elə təkliflər var ki, bir çox insan onların həyata keçirilməsini indiki zaman üçün o qədər də vacib hesab etmir. Məsələn, referendum, parlament və prezident seçkilərinin keçirilməsi təkliflərini. Bu addımların indi atılması ölkə üçün nə dərəcədə əhəmiyyətli hesab oluna bilər?
Orada addımların ardıcıllığı var. İlk 4 addım təcili addımlarla bağlıdır. Təcili sosial tədbirlər, təcili iqtisadi tədbirlər, təcili siyasi tədbirlər, təcili beynəlxalq çağırışlar və ortaya mövqe qoyulması. Bunlar 1-2 həftənin içərisində edilə biləsi məsələlərdir. Sonrakı addımlar isə Azərbaycanda legitim hakimiyyətin formalaşdırılması ilə bağlıdır. Çünki Azərbaycanın o qədər ciddi islahatlara ehtiyacı var ki, legitim hakimiyyət olmadan, cəmiyyətin etimadına malik olmadan heç bir siyasi qüvvə bu ciddi islahatları həyata keçirə bilməz. Məhz legitimlik və etimad imkan verəcək ki, xalqın tərəfindən seçilmiş və xalqın tam etimadına malik qüvvə bu islahatları həyata keçirsin. Ona görə də bizim orada irəli sürdüyümüz heç bir təklif ayrıca bir məsələ deyil. Hamısı bir –biri ilə bağlı məsələlərdir. Prezident seçkiləri keçirilməlidir, ondan əvvəl parlament seçkiləri olmalıdır. Və bu seçkilərdən əvvəl də referendum keçirilməlidir ki, ölkədə legitim hakimiyyət formalaşsın. Biz orada istiqamətlərin əsas yönünü yazmışıq, detallara getməmişik. Ancaq biz hesab edirik ki, misal üçün, prezident hakimiyyəti məhdudlaşdırılmalıdır, hökumətin səlahiyyəti artırılmalıdır, parlamentin səlahiyyəti artırılmalıdır. Bunlar isə Konstitusiya islahatı olmadan mümkün deyil. Məhz buna görə də Konstitusiya referendumu keçirilməlidir.
Maraqlıdır , iqtidar nümayəndələrinə bu sənəd göndərilibmi? Göndərilibsə, reaksiyaları necədir?
Biz bu sənədi xüsusi olaraq heç kimə göndərməmişik. Bunu mediaya, cəmiyyətə təqdim etmişik. Reaksiyalardan görürük ki, maraq böyükdür. Çünki həm mediada bu sənəd yayılıb, geniş şərh olunub, həm hakimiyyət nümayəndələrinin müəyyən cavablarını görürük. Eyni zamanda cəmiyyətin içində reaksiyaları görürük, beynəlxalq birlikdən bu sənədi marağı hiss edirik.
Sənəddəki tələblərin həyata keçiriləcəyinə inamınız varmı?
Bu, tələb deyil. Bu, atılması zəruri olan, qaçılmaz addımlar, təklifləridir. Yəni bunu yerinə yetirmək lazımdır. Bunu bu hakimiyyət yerinə yetirməyəcəksə, yeni hakimiyyət həyata keçirməli olacaq. İstər hakimiyyətdaxili çevrilişlə kimsə hakimiyyəti ələ keçirsin, istər hansısa bir xaosun nəticəsində ortaya çıxmış bir hakimiyyət, istərsə də azad seçkilərdən sonra formalaşacaq legitim bir hakimiyyət olsun. Hansı qüvvə hakimiyyətə gəlsə, bunu etməli olacaq. Bunu etmədən heç bir qüvvə uzun müddət Azərbaycanda hakimiyyətdə qala bilməyəcək.