İsa Qəmbər: “O qədər qeyri-ciddi mövzudur ki, bu barədə danışmağa utanıram”

“Kim? Kimlər? Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar”

Source:


“Kim? Kimlər? Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar”

Müsavat Partiyası Mərkəzi İcra Aparatının mühacir statusu almaq üçün partiyanın adından istifadə edənlərlə bağlı iyunun 3-də yaydığı bəyanat ətrafında açılmış müzakirə genişlənir.

Bəyanatda adı hallandırılan, hazırda Belçikada mühacir statusu almış Elnur Mirzəyev “Yeni Müsavat”a açıqlamasında saxta sənədin ona partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı tərəfindən verildiyini iddia edir. Yayılmış bəyanatı imzalayan Gülağa Aslanlı isə deyilənləri rədd edir.

Partiyanın indiki və keçmiş rəhbərlərinin məsələyə münasibəti maraq doğurur. Partiya başqanı Arif Hacılı “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib: “Xüsusi araşdırmalara ehtiyac yoxdur. Saxta sənəddir və Müsavat Partiyası tərəfindən təqdim olunmayıb”.

Musavat.com saytında yayımlanmış “”Saxta mühacir sənədi” qalmaqalı böyüyür, iddialar havada “uçur”” sərlövhəli məqaləni öz Facebook səhifəsində paylaşan keçmiş başqan İsa Qəmbər bu cür şərh verib: “Yazıda ən çox diqqətimi çəkən Elnur Mirzəyevin bu sözləri oldu: “Və məni partiyaya apardılar, orda qapıda gözlədim. Sonra da mənə bildirildi ki, məsələ bir-iki günə həll olunacaq. Dedikləri kimi də oldu. İki gündən sonra mənə zəng gəldi ki, hazırdı. Və mənə bilet, Müsavatın nizamnaməsi, himni və strukturları haqda bir qovluq verdilər”. … apardılar, ….bildirildi, … zəng gəldi, ….qovluq verdilər… Kim? Kimlər? Bax Elnur Mirzəyev bunu da desə, saxta sənəd işbazlarının ifşasına böyük xidmət göstərmiş olar”.

Hadisələrin İsa Qəmbərin başqanlığı dövründə cərəyan etdiyi iddia olunduğundan Meydan TV onun məsələyə münasibətini öyrənmək istəyib. Lakin sabiq başqan “Bu hadisələrin sizin başqanlığınız dövründə baş verməsini necə qiymətləndirirsiz” sualından qəzəblənib, suala sualla cavab verib: “Nə baş verib mənim başqanlıq dövrümdə?

İsa Qəmbər məsələdə Gülağa Aslanlının adının hallanmasını qeyri-ciddi hal kimi qiymətləndirib: “Şayiələri ümumiləşdirib təqdim etmək lazım deyil. Elnur Mirzəyev özü etiraf edir ki, kimsə ona pul müqabilində sənəd verib. Ad çəksin, biz də ifşa edək. Əgər yüzdə 99,99 faiz hansısa saxtakar bir iş varsa. Gülağa Aslanlının adını çəkir. Bu, ciddi söhbət deyil. O qədər qeyri-ciddi mövzudur ki, bu barədə danışmağa utanıram. Yalandır, böhtandır. Sizin kimi peşəkar jurnalist bu adamın dediklərini sakit və qərəzsiz oxusa, hər şey aydın olacaq”.

Ana səhifəXəbərlərİsa Qəmbər: “O qədər qeyri-ciddi mövzudur ki, bu barədə danışmağa utanıram”