“Siyasi məhbuslarla bağlı son qərarlara diqqət etsəniz, hesab etmək olar ki, hakimiyyət artıq durumu dərk etməyə başlayır”
Prezident İlham Əliyevin martın sonunda ABŞ-da keçiriləcək Nüvə Təhlükəsizliyi Sammitinə dəvəti müxtəlif rakurslardan şərh olunur. Hakimiyyət təbliğatçıları dövlət başçısının dəvət olunmasını beynəlxalq birliyin rəsmi Bakıyla hesablaşdığını, yaxud Azərbaycanın beynəlxaq müstəvidə verilən roluyla bağlayırlar. Müxalif yanaşmalarda son 2 həftədə 15-dən çox siyasi məhbusun azad olunması bu dəvətlə əlaqələndirilir. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bununla bağlı Meydan TV-nin suallarını cavablandırıb.
–
İsa bəy, dövlət başçısı İlham Əliyevin gözlənilən ABŞ səfəri barədə müxtəlif fikirlər səsləndirilir, hakimiyyət təbliğatçılarıyla müxalif baxışların yanaşması bir-birinə əksdir. Necə düşünürsüz, keçiriləcək beynəlxalq tədbirin region və Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
– Amerikada nüvə silahıyla bağlı sammitlərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycan dövlət başçısının bu dəfə dəvət olunmasını belə qiymətləndirirəm ki, ABŞ İlham Əliyevə beynəlxalq normalara uyğun davranmaq üçün bir şans tanıyır. Çünki Azərbaycan bundan əvvəlki tədbirə dəvət edilməmişdi. İlham Əliyev bu şansı ciddi dəyərləndirməlidir. Söhbət Azərbaycanın maraqlarından və bu çətin böhran mərhələsindən çıxa bilməsi üçün verilən şansdan gedir.
–
Novruz bayramı ərəfəsində 15-ə yaxın siyasi məhbusun əfv sərəncamıyla azad olunması və martın 28-də Ali Məhkəmənin İntiqam Əliyevin azad edilməsi haqda qərarı dediyiniz şansı dəyərləndirmək üçün əsas sayıla bilərmi?
– İlham Əliyevə vəziyyət kifayət qədər izah olunub. Son 1 ilə yaxın müddətdə beynəlxalq birliyin davranışından görünür ki, artıq ayrı-ayrı avtoritar liderlərin, diktatorların nazına dözmək fikrində deyillər. Aydın şəkildə bütün siyasi məhbusların azad olunması tələb edilir. Bu barədə əksər beynəlxalq təşkilatların bəyanatları, qətnamələri var, hətta Amerikada Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsilə bağlı qanun layihəsi ciddi şəkildə müzakirəyə təqdim olunub. Bu baxımdan İlham Əliyev başa düşməyə başlayır ki, artıq bu dəfə əvvəlkilər kimi deyil. Əgər diqqət etdinizsə, 14 siyasi məhbus əfv sərəncamıyla azad olunduqdan və Rauf Mirqədirov məhkəmənin hökmüylə şərti cəzayla azadlığa buraxıldıqdan sonra beynəlxalq birlik adətən etdiyi kimi – Əliyevə təşəkkür üçün növbəyə düzülmədi. Birmənalı şəkildə qeyd olundu ki, siyasi məhbusların azadlığa buraxılması normal hadisədir, çünki onlar azad edilməlidir. Amma həbsdə olan xeyli siyasi məhbus da azad edilməlidir. Və əlavə etdilər ki, söhbət yalnız siyasi məhbusların azad edilməsindən getmir, həm də cəmiyyətə azad fəaliyyət üçün şərait yaradılmalıdır, azadlıqlara əməl olunmalıdır. Bu mesaj çox aydın şəkildə beynəlxalq birlik tərəfindən verilib. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin də bəzi məsələləri dərk etməsinin zamanı gəlib. Əliyevin siyasi məhbuslarla bağlı son qərarlarına diqqət etsəniz, hesab etmək olar ki, hakimiyyət artıq durumu dərk etməyə başlayır. Amma bunu nə qədər sürətlə və tam şəkildə etsələr, yəni bütün siyasi məhbuslar azad olunsa, azadlıqlarla bağlı qərarlar qəbul olunsa, onların öz maraqlarına daha çox uyğun olar. Təbii ki, bu addımlar Azərbaycanın da maraqlarına uyğundur.
–
Yəni konqressmen Kristofer Smitin məlum layihəsi təxirə düşə bilər?
– Əgər siyasi məhbusların azad olunması davam edilsə, layihə hələlik layihə kimi saxlanılacaq. Hətta indi də 16 siyasi məhbus azadlığa qovuşub, bu, layihənin təxirə düşməsi üçün kifayət etməyə bilər.