”Hakimiyyət xalqı böhrandan xilas etmək əvəzinə, öz rejimini, ailə hakimiyyətini böhrandan xilas etmək xəttini seçir”
“Əliyev rejiminin ilk siyasi məhbuslarından biri olaraq Əliyev rejiminin son siyasi məhbusu üçün “priz” təsis etməyi düşünürəm”.
Hələlik əsas namizədlər Natiq Cəfərli və Elgiz Qəhrəmandır”.
Bu açıqlamanı Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər öz “facebook” səhifəsində paylaşıb.
Yazdıqlarını Meydan TV-yə şərh edən İ.Qəmbər bildirib ki, yeni həbs dalğası Azərbaycan hakimiyyətinin hərtərəfli və dərin böhran içində olmasının təzahürüdür: “Mövcud vəziyyətlə əlaqədar siyasi qüvvələr və təşkilatlar böhrandan çıxmağın yolları haqda bir sıra təkliflər irəli sürdülər, Milli Strateji Düşüncə Mərkəzi olaraq “Yol xəritəsi”ni təklif etdik. “Yol xəritəsi” qəbul olunsaydı, Azərbaycanı böhrandan xilas etmək imkanı yaranacaqdı. Təəssüf ki, hakimiyyət ölkəni, xalqı böhrandan xilas etmək əvəzinə, öz rejimini, ailə hakimiyyətini böhrandan xilas etmək xəttini seçir. 26 sentyabr referendumu da bunun sübutudur. Bu kontekstdə cəmiyyətdə qorxu mühitini gücləndirmək istəyirlər. Çünki bir tərəfdən cəmiyyətin fəallaşması, digər tərəfdən ölkədə sosial-iqtisadi şərtlərin daha da ağırlaşacağı baxımından ictimai-siyasi fəallığın daha da artacağı şübhəsizdir. Ona görə də, Əliyev rejimi bütövlükdə cəmiyyəti, demokratik düşərgəni qorxutmaq istəyir. Bir tərəfdən Natiq Cəfərlini həbs etməklə iqtisadçılara, Elgiz Qəhrəmanı həbs etməklə gənclərə xəbərdarlıq edir. Eyni zamanda, bu tipli reperessiyalara yönəlik addımlar var. Bunlar hamısı rejimin qorxu mühitini gücləndirmək cəhdləridir. Amma bu cəhdlərin heç bir perspektivi yoxdur. Artıq qorxudan keçib, hərə öz mövqeyini ortaya qoyur. Heç həbs nə cəmiyyətin mövqeyini qorxutmayacaq, nə də ölkənin problemlərini həll etməyəcək”.
İ.Qəmbər hesab edir ki, hakimiyyətin son addımları xalqın maraqlarına zidd olduğu kimi öz mənafelərinə də fayda gətirməyəcək: “Hesab edirəm ki, hakimiyyət artıq tükənir, ancaq prosesin bu gün, ya da sabah bitəcəyini indidən demək olmaz. Sadəcə, proses o istiqamətə getdiyindən mükafat təsis etməyi düşünürəm. Şərtlərinə gəldikdə, tələsməyə ehtiyac yoxdur. Hələ rejimin son məhbusunun bəlli olmasına çalışmalıyıq. O zaman onu mükafatlandırmaq problem olmayacaq”.