Rauf Mirqədirov: “Situasiya kəskin dəyişərsə, Azərbaycan birbaşa dəstək verə bilər”
Oktyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya hərbçilərinin Ukraynadakı müharibədə iştirak etmək üçün Rusiya ərazisinə gəlməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
Vladimir Putin şimali koreyalılarının Ukrayna ilə savaşa cəlb edilməsini Moskva ilə Pxenyan arasındakı strateji tərəfdaşlıq sazişi ilə əsaslandırıb və Dövlət Dumasının sənədi ratifikasiya etdiyini əlavə edib:
“Sənədin 4-cü maddəsində deyilir ki, əgər tərəflərdən biri hər hansı dövlət və ya bir neçə dövlət tərəfindən silahlı hücuma məruz qalarsa və beləliklə də, özünü müharibə vəziyyətinə salarsa, digər tərəf Rusiyanın Mülki Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq sərəncamında olan bütün vasitələrlə dərhal hərbi və digər yardım göstərəcək. Biz Şimali Koreya rəhbərliyinin razılaşmalarımızı ciddi qəbul etdiyinə heç vaxt şübhəylə yanaşmamışıq. Amma nəyi və necə edəcəyimiz bu məsələ çərçivəsində bizim işimizdir”.
Moskva ilə Bakı arasında da oxşar sənəd imzalanıb.
2022-ci il fevralın 22-də İlham Əliyevlə Vladimir Putin arasında “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” 43 maddədən ibarət Bəyannamə Rusiyanın Ukraynaya hərbi təcavüzündən 2 gün əvvəl imzalanmışdı.
Həmin sənədin XVI maddəsində deyilir: “Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya və Azərbaycan bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər”.
Sual yaranır, Rusiya gələcəkdə Azərbaycandan da belə bir hərbi dəstək istəyə və Ukrayna cəbhəsinə göndərə bilərmi?
Müsavat Partiyasının başqanı İsa Qəmbər Meydan TV-yə deyib ki, Rusiya Azərbaycandan bunu tələb edə bilməz, Azərbaycan da Ukrayna cəbhəsinə əsgər göndərməz:
“Çünki 2022-ci il bəyannaməsində söhbət sülhdən və təhlükəsizlikdən gedir. Ancaq sülhü, əmin-amanlığı da pozan, təhlükəsizliyi də çətin vəziyyətə salan Rusiyadır. Ona görə də Azərbaycanın məlum bəyannamə əsasında Rusiyaya dəstək verməsi hüquqi cəhətdən mümkünsüzdür. Eyni zamanda, siyasi cəhətdən də çox böyük yanlış olardı, bu mənada buna gedilməyəcəyinə əminəm. Çünki hazırda Rusiyanın Ukraynaya qarşı başladığı savaşa görə beynəlxalq ictimaiyyət, təşkilatlar, böyük dövlətlər ciddi şəkildə Kremli durdurmaq və müharibədən çəkindirmək, məğlub etmək üçün səylər göstərirlər. Belə şəraitdə Rusiyanın yanında olmaq Azərbaycanın köklü maraqlarına çox ciddi şəkildə ziddir və yolverilməzdir. Ona görə də hesab edirəm ki, Azərbaycan Rusiyaya dəstək verməyəcək”.
İsa Qəmbərin fikrincə, belə bir addım hakimiyyətdəkilərin şəxsi maraqlarına da ziddir:
“Onlar isə şəxsi maraqları hər zaman yüksək səviyyədə nəzərə alırlar. Ona görə də belə yanlışa yol verməyəcəklər”.
Siyasi şərhçi Rauf Mirqədirov Rusiya ilə Azərbaycan arasında sazişin yox, bəyannamənin imzalandığını deyib.
O bildirib ki, bu, tərəflərin xoş məramıdır və onlar üzərlərinə konkret öhdəliklər götürmürlər:
“Düzdür, Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyənnaməsində hərbi öhdəliklərlə bağlı konkretlik var, bununla belə o da bəyənnamədir, saziş deyil. Rusiya ilə Şimali Koreya arasında isə məhz saziş imzalanıb. Məsələ ondadır ki, tərəflər üzərlərinə götürdükləri ciddi öhdəlikləri heç də həmişə yerinə yetirmirlər, biz bunu NATO çərçivəsində də görmüşük”.
“2022-ci ildə imzalanan “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyənnamənin XVI maddəsini diqqətlə oxuyanda məlum olur ki, qarşılıqlı öhdəliklər çoxlu şərtlərlə əlaqələndirilib. Konkret olaraq, BMT nizamnaməsi, tərəflərin digər müqavilələrlə bağlı üzərlərinə götürdükləri öhdəliklər xatırlanır. Yəni qeyri-müəyyənlik və şərtlər çox olduğundan həmin bəndi yerinə yetirməmək üçün manevr imkanları var və hazırda məhz Ukraynanın ərazi bütövlüyünə hərbi təcavüz olub“, – deyə Mirqədirov əlavə edib.
Onun sözlərinə görə, son 20 ilin siyasi gedişatında Rusiya və Azərbaycan heç bir hüquq normalarını yerinə yetirməyi özlərinə borc bilmirlər:
“Məsələn, Azərbaycan Avropa Şurasına daxil olanda insan hüquqları, söz azadlığı, azad toplaşmaq, qanunun aliliyinin təmin edilməsi və başqa məsələlərlə bağlı öhdəliklər götürmüşdü. Amma rəsmi Bakı sadaladığım öhdəliklərin heç birini yerinə yetirmir. Rusiyanın isə başqa dövlətə təcavüzünü beynəlxalq hüquq normalarına cavab verdiyini iddia etməsi isə həyasızlıqdan başqa bir şey deyil. Ona görə siyasi situasiyadan asılıdır. Yaxın və orta perspektivdə Azərbaycanın Ukrayna savaşına qatılacağına inanmıram”.
“Rəsmi Bakı manevr imkanlarını saxlayacaq, Ukraynaya humanitar yardımlar göndərəcək, hələlik “bir əldə iki qarpız tutmaq” məsəlinə riayət edəcək. Ancaq siyasi situasiya kəskin dəyişərsə, yəni Rusiyanın qələbəsi 100 faiz olarsa, Azərbaycan birbaşa dəstək verə bilər. Eyni zamanda, əks-vəziyyətə uyğun davranar. Hazırda dünyadan təcrid olunmuş iki dövlət Rusiyaya dəstək verir: Şimali Koreya və İran, ikincisi silah-sursat satır”, – deyə siyasi şərhçi qeyd edib.