”Sanksiya qərarı beynəlxalq birliyin alverə qayıtmayacağının çox aydın təzahürüdür”
Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsi Mehman Əliyevin barəsində olan həbs-qətimkan tədbirinin başqa yerə getməmək haqda iltizam tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib.
Mehman Əliyev məhkəmə zalından azadlığa buraxılıb.
Meydan TV “Turan”İA-nin direktorunun azad olunmasının səbəbləri ilə əlaqədar Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərə müraciət edib.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri hesab edir ki, Mehman Əliyevin azad olunmasında ABŞ Senatında sanksiya təklifinin çox əhəmiyyətli dərəcədə təsiri var:
“Ancaq bunun yeganə amil olduğunu söyləmək də düzgün olmaz. Mehman Əliyevin həbsi o qədər mənasız və məntiqsiz addım idi ki, onun azad olunmasının da səbəbini həbsin məntiqsizliyində axtarmaq lazımdır”.
İsa Qəmbər Mehman Əliyevin həbs olunduğu gündən daxildən və xaricdən İlham Əliyevə müraciətlərin edilməsini maraqlı proses adlandırıb:
“Demokratik düşərgə olaraq siyasi məhbusların azad olunmasını hər zaman tələb etmişik. Amma diqqət etdinizsə, siyasətdən mümkün qədər uzaq olmağa çalışan adamlar da Mehman Əliyevlə bağlı müraciətlərə imza atdılar. Bu həbsi hakimiyyətdaxili proseslərlə əlaqələndirən ekspertlər də oldu. Çox təəssüf ki, informasiyalarımız nə qədər çox olsa da, bu suallara tam dolğun cavab vermək üçün yetərli deyil. Ona görə də bu amillərin hər birinə diqqət yetirməliyik, ehtimalların hər biri önəmlidir. ABŞ Senatının birbaşa addımı da çox önəmlidir”.
İsa Qəmbər Mehman Əliyevin həbsi zamanı söylədiyi açıqlamasını xatırlatdı. Həmin vaxt İsa Qəmbər hesab etmişdi ki, hakimiyyət beynəlxalq birliyi siyasi məhbus bazarlığına döndərmək niyyətindədir.
“O zaman da xarici təşkilatların birmənalı və sərt mövqeyinin olacağını vurğulamışdım. Senatda Azərbaycan məmurları haqda sanksiya qərarı beynəlxalq birliyin alverə qayıtmayacağının çox aydın təzahürüdür. Yəqin ki, bu, Mehman bəyin azad olunmasında həlledici amil oldu”.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri Mehman Əliyevlə eyni gündə bloger Aleksandr Lapşinin də azad olunmasını maraqlı hadisə adlandırıb:
“Hakimiyyət təmsilçilərinin Lapşinin azad olması haqda izahatları kifayət qədər ilgincdir. Onun həbsdən gec buraxılmasının məsuliyyətini İsrailin üzərinə qoyurlar. Nardaran prosesində həbs olunanlardan 14 nəfərin buraxılması da diqqətəlayiqdir. Düzdür, onların əksəriyyəti 2-3 il cəza alanlardır, bəzilərinin həbs müddəti başa çatmaq üzrədir. Bu prosesin davam edib-etməyəcəyi hamımızdan asılıdır. Azərbaycan demokratik qüvvələri prinsipial və ardıcıl mövqeyini davam etdirsə və beynəlxalq birlik də birmənalı xətt götürsə, rəsmi Bakı bu tipli addımlar atmağa məcbur olar. Başqa yol yoxdur. Ancaq beynəlxalq birlik neytral qalsa, demokratik ictimaiyyət olaraq biz də sakit yanaşma sərgiləsək, təbii ki, hakimiyyət repressiv siyasətini davam etdirəcək. Ona görə də bütün tərəflər aydın və prinsipal mövqe ortaya qoymalıdır”.
AXCP sədri Əli Kərimli də Mehman Əliyevin azadlığa çıxmasını mühüm hadisə hesab edib: “Onun azadlığa çıxması üçün aparılan ictimai kampaniya uğurlu oldu. Ancaq o da şübhəsizdir ki, Mehman bəyin azadlığa çıxmasında həlledici amil ABŞ Senatının qəbul etməyə hazırlaşdığı sanksiya qərarıdır.
Mehman bəyin azadlığa çıxması onsuz da məlum olan 2 həqiqətin altını bir daha cızır:
1. Bu ölkədə azad məhkəmə yoxdur. Siyasi məhbusları həbs edən də, azad edən də İlham Əliyevdir.
2. Beynəlxalq sanksiyalar kifayət qədər təsirlidir. Qərb hakimiyyətə daha ciddi təsir göstərə bilər. Bunun üçün digər siyasi məhbusların həbsinə də Mehman bəyin həbsinə olduğu kimi prinsipial yanaşması lazımdır.
Hə, yeri gəlmişkən, 3 milyard dollarlıq korrupsiyanı da unutmamışıq”.