“Əgər Əliyev və YAP hakimiyyəti bunu özünə yaraşdırırsa, bu da onların seçimidir”
Dövlət başçısı İlham Əliyev İkinci Dünya Müharibəsi veteranları ilə görüşdə 1992-1993-cü illərdə hakimiyyətdə olmuş AXC-Müsavat iqtidarını hədəfə alıb. Dövlət başçısı bildirib ki, AXC-Müsavat cütlüyü 9 mayı tarixdən silmək istəyirdi, amma özləri siyasi səhnədən silindi.
Həmin dövrdə Milli Məclisin spikeri olan İsa Qəmbər İlham Əliyevin fikirlərini Meydan TV-yə belə şərh etdi: “1992-ci ilin 8 mayında Şuşa işğal olunduğu üçün 9 mayı Qələbə Günü kimi qeyd etmək psixoloji cəhətdən çox mürəkkəb bir hadisəydi. O zaman yalnız AXC-Müsavat hakimiyyətinin tərəfdarları deyil, əksər ictimai xadimlər, neytrallar da 9 mayda bayram edilməsini mümkünsüz hesab edirdilər. Ona görə də həmin mərhələdə bu cür yanaşmanın olması qaçılmaz idi. Onsuz da hansısa şəkildə müharibə veteranlarının təbrik edilməsi baş verirdi, Elçibəy hakimiyyəti də onlara qarşı həmişə diqqətli olub. Amma hər halda 8 mayda Şuşanı itirib, 9 mayda qələbə gününü qeyd etmək doğru deyil. Əgər Əliyev və YAP hakimiyyəti bunu özünə yaraşdırırsa, bu da onların seçimidir”.
AXC-Müsavat hakimiyyətinin tarixdən silinməsi barədə fikirlərə gəlincə, İsa Qəmbər dedi ki, o, tarixçi kimi əmindir ki, 1918-20-ci illər Azərbaycan tarixinin şərəfli səhifəsi olduğu kimi, 1992-1993-cü illər də müstəqillik və demokratiya tarixinə qızıl hərflərlə yazılıb, bunu heç kim dəyişə bilməyəcək.