İş adamları ”Azərbaycan Dəmir Yolları”nın qarşısında aksiya keçirdi

Sahibkarlar onlara ödənməli olan pulları tələb edir

Source:


Sahibkarlar onlara ödənməli olan pulları tələb edir

Bir qrup iş adamı “Azərbaycan Dəmir Yolları” ASC-nin Baş İdarəsinin binası önündə aksiya keçirib. Aksiyada sahibkarlar Cavanşir Əli oğlu Əsgərov, Camal Qaçay oğlu Əhmədli, Rahid Famil oğlu İbadi və digəriləri iştirak ediblər. Camal Əhmədli Meydan TV əməkdaşına deyib ki, “Azərbaycan Dəmir Yolları” ASC-dən onlara gördükləri işə görə ödənməli olan pulların verilməsini tələb edirlər:

“Biz Ağstafa, Qazax, Gəncə, Göygöl, Goranboy, Ləki, Quba, Ucar, Nabran və digər rayonlarda öz ailələrimizdən, evimizdən ayrı düşərək yolların təmiri ilə əlaqəli dövlət proqramında iştirak etmişik. Ailələrimizə bir parça çörək qazanmaq istəmişik. 10 ilə yaxındır ki, “Azərbaycan Dəmir Yolları” ASC-nin nəzdində olan Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin sifarişlərini həyata keçiririk, onlarla müvafiq əmək müqavilələri imzalamışıq, ancaq bizə imza atandan sonra məlum olub ki, müqavilələrin surətlərini qəsdən bizdən gizlədiblər. Biz işə başlayandan sonra gördüyümüz işlərin 20-30 faizini ödədilər, səbəbini soruşanda dedilər ki, departamentin sədri Çingiz Məmmədovun qərarı belədir”.

Sahibkarın sözlərindən məlum olur ki, onlara hər dəfə “növbəti aylarda pullarınızı alacaqsınız” deyiblər: “Lakin belə olmadı, elə aylar oldu ki, bizə, ümumiyyətlə, pul vermədilər. Bəzi araşdırmalardan sonra öyrəndik ki, departament rəisi Çingiz Məmmədov vəzifə səlahiyyətlərini aşmaqda ad çıxarıb. Departamentin ştatında 300 nəfərə yaxın ölü “can” var. Bu yolla o külli miqdarda mal-mülk sahibi olub”.

Sahibkarlar gördükləri işlərə görə onlara ödənilməli olan külli miqdarda vəsaitlə bağlı bunları deyiblər: “Dövlət proqramına daxil olan işlərdə öz bilik və bacarığımızı əsirgəmədik. Azərbaycanın bir çox rayonlarında yenidənqurma və abadlıq işləri aparmışıq. Bizimlə bir yerdə çalışıb işləri yerinə yetirən əliqabarlı fəhlələrin əmək haqlarını, gördüyümüz işlərin həcmi müqabilində bizə çatacaq pulları vermədilər. Bizi ağır maddi duruma saldılar. “Azərbaycan Dəmir Yolları” ASC-nin o dövrdəki sədri Arif Əsgərovun imzası ilə təsdiqlənən sənədlərə görə bizə – Əsgərov Cavanşirin işçi qrupu 150 min manat, Rahid İbadinin işçi qrupuna 60 min manat, Camal Əhmədlinin işçi qrupuna 184 min 600 manat ödənməlidir. Pulları bugünə qədər ala bilməmişik”.

Sahibkarlar Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yazdıqları məktubların surətlərini də təqdim ediblər. Həmin məktubda departament rəisi Çingiz Məmmədovun mal-mülklərinin siyahısı da yer alıb.

Məktubdan sitat:

“Vaxtında pulların verilməməsi səbəbindən biz iş adamları məcbur olub evlərimizi və maşınlarımızı girov qoyub banklardan küllü miqdarda kredit götürmüşük ki, işçilərimizin cüzi pul vəsaitlərini ödəyək. 1-ci və 2-ci devalvasiyasından sonra banklara olan borcumuz ikiqat artıb. Sual oluna bilər ki, nəyə görə pullarınızı və şikayətinizi indiyə kimi tələb etməmisiniz? Dəfələrlə bizə söz verməklərinə baxmayaraq Çingiz Məmmədov himayədarlarına arxalanaraq pulların ödənilməsindən imtina edir. Onun malk-mülklərinin siyahısını da yazırıq.


1. Quba rayonu, İ.Dağıstanlı küçəsində villa



2. Qubada restoran



3. Şabran rayonunda villa



4. Xaçmaz rayonunda d/y stansiyası yanında şadlıq sarayı



5. İsmayıllıda villa



6. Varovskidə əzəmətli villa – Koroğlü küçəsi



7. Bilgəhdə villa



8. Nabran rayonunda villa



9. Gəncə şəhəri “Delavoy dvor” adlanan Azərbaycan küçəsində yerləşən d/y balansında olub, sonradan Çingiz Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanın adına özəlləşən 1.2 ha ərazidə olan obyektlər. Hansı ki, hal-hazırda kirayədədir.



10. “Mercedes GL-500” qara rəngli cip Az 90 AA 856, cip “Lexus 5.7” qara rəng Az 90 AA 524 nömərli, cip “Range Rover” qara rəngli, cip “BMW” x5 ağ rəngli, cip “Lexus” qara rəngli.

Yuxarıda qeyd olunan məbləğlərin bizə verilməyib mənimsənilməsinin drijoru departamentin rəisi Çingiz Məmmədovdur. Baxmayaraq ki, ölkə prezidenti dəfələrlə qeyd etmişdir ki, sahibkarları incitməyin, onların haqlarını mənimsəməyin, bunu qadağan edirəm. Ancaq deyəsən Çingiz Məmmədov ölkə prezidenti cənab İlham Əliyevin tapşırıqlarına belə əhəmiyyət vermir. Bizim üçün əsas məsələ çəkdiyimiz zəhmətin haqqının ödənilməsidir.

Sizdən artıq dərəcədə xahiş edirik ki, qanun çərçivəsində bizim hüquqlarımızın bərpa olunub bizim alın təri ilə qazandığımız pulların alınıb bizə verilməsinə kömək edəsiniz”.

Departament rəhbəri Çingiz Məmmədovla əlaqə saxlamaq mümkün olmasa da, “Azərbaycan Dəmir Yolları” ASC-nin mətbuat katibi Nadir Əzməmmədov Meydan TV-yə bildirdi ki, idarəyə şikayətə gəlmiş sahibkarlar əlaqədar şəxslər tərəfindən qəbul edilib və onlara bildirilib ki, tezliklə problemləri araşdırılacaq.

Ana səhifəXəbərlərİş adamları ”Azərbaycan Dəmir Yolları”nın qarşısında aksiya keçirdi