İrina Bokova: Xədicə İsmayılovanın azad olunması üçün çağırış etdim

Jurnalist YUNESKO-nun Baş direktoruna cavab yazdı

Source:


Jurnalist YUNESKO-nun Baş direktoruna cavab yazdı

“YUNESKO ilə Azərbaycan arasındakı əlaqələr mənim 2009-cu ildə seçilməyimdən çox öncə yaranıb. Azərbaycan 1992-ci ildən BMT-nin və YUNESKO -nun bir üzvü kimi, üzv ölkələrin razılığı ilə bir çox görüş və tədbirlər həyata keçirib, bir sıra layihələri şəffaf şəkildə maliyyələşdirib və dəstəkləyib. “Guardian”-ın qeyd etdiyi kimi (5 sentyabr hesabatı) bu ölkəyə həsr olunmuş sərgi təşkil etmək mənim qərarım deyildi, bu qərarı qəbul edənlər üzv dövlətlər idi. YUNESKO, il ərzində bütün dünyada çox sayda sərgi, konsert və tədbirlər keçirir. İnanıram ki, mənim Baş direktor vəzifəsində çalışdığım dövrdə YUNESKO-nun insan hüquqları sahəsində, xüsusilə, ifadə azadlığı və jurnalistlərin təhlükəsizliyi sahəsində rolu genişlənib”.

Bu sözləri YUNESCO-nun Baş direktoru İrina Bokova “Guardian”da dərc olunan “YUNESKO-nun Azərbaycan ilə münasibətləri haqqında həqiqətlər” məktubunda

yazıb.

Baş direktor deyib ki, BMT-nin jurnalistlərin təhlükəsizliyinə dair fəaliyyət planı və indi BMT-nin bütünlüklə ratifikasiya etdiyi toxunulmazlıq məsələsi onun təşəbbüsü olub:

“Sizin məqalənizdə mənim dəstəyimlə YUNESKO-nun jurnalistlər üçün ən yüksək mükafatı hesab olunan Guillermo Cano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülmüş iki azərbaycanlı jurnalistin – Eynulla Fətullayevin və Xədicə İsmayılovanın – həbsdə saxlanması ilə bağlı tənqidlərimdən bəhs edilməyib. Xanım İsmayılovanın azad edilməsi üçün çağırış etdim və ümid edirəm ki, mənim və YUNESKO-nun fəaliyyəti onun azad edilməsində kiçik rol oynayıb. Mən insan hüquqlarını müdafiə etmək uğrunda səylə çalışdım və dünyanın hər yerində mətbuat azadlığını müdafiə etməyə davam edəcəyəm”.


“Guardian” araşdırmaçı jurnalist Xədicə İsmayılovanın xanım Bokovaya cavabını da

dərc edib.

Jurnalist yazır: “YUNESKO-nun Baş direktoru İrina Bokova “Guardian” qəzetinə yazdığı məktubunda mənim Azərbaycan hakimiyyət orqanları tərəfindən həbsimi pislədiyini, azadlığa buraxılmağım üçün çağırış etdiyini və Guillermo Cano Dünya Mətbuat Azadlığı Mükafatının qalibi olmağımı dəstəklədiyini söyləyir. Söz azadlığı anlayışına sədaqətini nümayiş etdirmək üçün onun məni nümunə olaraq göstərməsindən şoka düşdüm. 2014-cü ilin sentyabrında – mənim həbsimdən biraz əvvəl – xanım Bokova bir sıra QHT-lərdən Azərbaycanda müstəqil mətbuata qarşı davam edən təqiblərə dair məktub alıb.

O dövrdə həbsdə olan 9 jurnalistin və iki bloqçunun adı məktubda kifayət qədər açıq qeyd olunmuşdu. Onlardan dördü hələ də həbsdədir. Problem bitməyib, hökumət hələ də saxta iddialarla media qurumlarını qapatmağa və jurnalistləri həbs etməyə davam edir”.

Jurnalist onu da yazır ki, qeyri-hökumət təşkilatları onlara cavab verilmədiyini söyləyirlər:

“Xanım Bokovanın məktub haqqında ictimaiyyətə bəhs etdiyini eşitməmişəm. Əlbəttə ki, onun prezident İlham Əliyevi təriflədiyi zamanlarda etmədiyindən əminəm. YUNESKO-nun saytında da bu barədə heç bir məlumat yoxdur.

Mənim mətbuat mükafatıma gəldikdə isə qaliblərin seçim prosedurunu öyrəndim və qaydalara riayət olunduğunu nəzərə alaraq, mənim mükafatımız nominasiya və ya seçim prosesində xanım Bokovanın heç bir rolunun olmamasından tam əminəm. Müstəqil münsiflər heyəti qalibi seçir və Baş direktor onu yalnız təsdiqləyir”.

“Guardian” və başqa media partnyorları Azərbaycanın nüfuzlu Avropa rəsmilərini ələ almaq və çirkli pulları ofşorlara ötürmək məqsədilə 2, 9 milyard dollarlıq məxfi fond işlətdiyini yazmışdı. Məqalədə İrina Bokovanın əri, Londonda mənzillənmiş Avropada Yenidənqurma və İnkişaf Bankı (AYİB) Direktorlar Şurasının üzvü Kalin Mitrevin də adı hallanır.

Bolqarıstan prokurorluğu Kalin Mitrevə pul ödənişlərinə dair təhqiqata başlayıb.

Prokuror Sotir Tsatsarov deyib ki, o, Bolqarıstanın AYİB-dəki nümayəndəsi Kalin Mitrevə dair istintaqa başlayıb. Guardian yazır ki, Mitrev, mətbuatda “Azərbaycanın pulyuyan maşını” adını qazanmış sxem üzrə azı 425 min avro alıb.

Mitrev bu ittihamları rədd edir. O deyir ki, bu pullar onun İsveçrə və Bolqarıstandakı bank hesablarına legitim məsləhətçilik xidmətlərinə görə keçirilib. Mitrev bunu da əlavə edib ki, pullar köçürüləndə o hələ Londondakı AYİB-in şurasında nümayəndə deyildi. Mitrev bunu da bəyan etmişdi ki, ona qarşı məqalələr, onun YUNESKO-nun baş direktoru olan arvadı İrina Bokovaya qarşı “iflasa məhkum siyasi hücumdur”.

Jurnalist Xədicə İsmayılova 2016-cı ildə YUNESKO-nun təsis etdiyi Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb. Mükafat qətlə yetirilmiş jurnalist Guillermo Canonun adına təsis olunub.

Ana səhifəXəbərlərİrina Bokova: Xədicə İsmayılovanın azad olunması üçün çağırış etdim