İŞİD-də olmuş 200 azərbaycanlı qadının taleyi müzakirə edilir
“İraqda kimsəsizlər evində qalan 20-ə yaxın azərbaycanlı uşaq yaxın günlərdə Azərbaycana göndəriləcək”.
APA-nın yaydığı
məlumata
görə, bunu Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.
R.Qafarov bildirib ki, hazırda sənədləşmə işləri aparılır.
Onun sözlərinə görə, uşaqların Azərbaycanda qohumlarının olub-olmadıqlarına dair hələ məlumat yoxdur: “Həmin uşaqlarla görüşmüşük. Yaxın günlərdə onları ölkəmizə göndərəcəyik”.
İraqda İŞİD-lə əlaqədə ittiham olunan 200 azərbaycanlı qadının həbs edilməsi xəbərlərinə gəldikdə isə R.Qafarov qeyd edib ki, bu ölkədəki nümayəndəliyimiz Xarici İşlər Nazirliyi və İraqın yerli qurumları ilə bu məsələyə dair birgə işləyir və məsələnin müsbət həlli üçün çalışır.
Diplomat qeyd edib ki, qadınlar üçün vəkil tutulacaq:
“Onların həbsdə qalmaması və azad olunaraq Azərbaycana göndərilməsi üçün çalışacağıq. Hazırda bu işlə məşğuluq, araşdırma gedir. Təbii ki, başqa ölkənin qanunlarını pozan hər bir əcnəbi vətəndaş qanun çərçivəsində cəzasını çəkməlidir. Ancaq qadın olduqları üçün İraqın yerli qurumları ilə işləyirik və köməklik göstərməyə çalışırıq”.
İraqlı deputat Vian Dahil şəxsi “Twitter” səhifəsində hərbçilərin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadını saxladıqlarını
bəyan edib
. Deputatın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. V. Dahil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı açıqlamada qeyd edilib ki, bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi təmasdadır.
Təmiz Dünya Təşkilatının sədri Mehriban Zeynalova Meydan TV-yə deyib ki, 200 qadın və 20 uşağın İraqda olması ciddi araşdırma tələb edən məsələdir. Güman ki, Azərbaycandan İraqa nümayəndə gedib onlarla söhbət aparacaq.
“Amma nümayəndənin yanında psixoloq olsa, daha yaxşı olar. Çünki həmin qadınlarla hərtərəfli söhbətdə psixoloqun iştirakı vacibdir. Müharibə görmüş uşaqlarda ciddi tramvaların olması şübhəsizdir”, – M.Zeynalova deyib.
O qeyd edib ki, həmin qadınların niyə saxlanıldığı aydınlaşmalıdır.
M.Zeynalova hesab edir ki, Azərbaycandan gedən nümayəndə beynəlxalq vəkillərin dəstəyindən istifadə etməlidir.
“Hər bir qadının ora necə getməsi öyrənilməlidir. Bir tərəfdən onların təhlükəsiz yerdə olması sevindiricidir. Məncə, bu məsələ parlament və Xafrici İşlər Nazirlii səviyyəsində tənzimlənməlidir ki, həmin qadınlar və uşaqlar ölkəyə qayıtsın”, – M.Zeynalova deyib.
O qeyd edib ki, hələ biz qadınların və uşaqların olduqların məkanın düşüncə tərzinin təsirindən necə çıxacağını bilmirik.
“Bu çox həssas məsələ olduğundan dırnaqarası baxmaq olmaz. Biz qadınların və uşaqların İŞID-ın dini təsirinə hansı səviyyədə düşdüyündən məlumatsızıq. Bu terror təşkilatın ideoloji beyin yuma əməliyyatı çox təhlükəli fəsadlar verə bilər. Amma onların qaytarılması və bərpa prosesi keçməsi vacibdir”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, İraq və Suriya müharibəsi başlayanda yalnız gənclər yox, ailəli insanlar da həmin ölkələrə üz tutdular.
“Ailəlilərin getməsi xüsusi plan idi. Bəzən qadınlar getmək istəməyəndə məcburi aparılırdı. Onların ölkəni tərk etməsində əsas səbəb maliyyə idi. Ailəlilərə daha çox pul verirdilər. İkinci amil dini ideologiya olduğundan qadınların getməsində ərlərinin təzyiqi rol oynayıb. Başqa bir nüans da, bəzən qadınların özlərinin gedib, ərlərinin isə Azərbaycanda qalmasıdır. Hətta bununla bağlı keçmiş MTN-ə müraciət edənlər də oldu”, – İ.İsmayıl deyib.
Ekspert qeyd edib ki, hazırda İŞID-ın dağılması prosesi getdiyindən növbəti mərhələ Dövlət Təhlükəsizlik Xidmətinin üzərinə düşür.
“Qadınlar ciddi sorğu-sual şəklində filtrasiya olunmalı və bir müddət nəzarətdə saxlanılmalıdır. Onların geri dönməsi əhatəli öyrənilməlidir. Beləki bəziləri qayıtmaq istəməyə bilər. Gələcəkdə olayların təkrarlanmaması üçün məhz həmin qadınların simasında müəyyən profilaktik tədbirlər keçirmək, maarifləndirici işlər görülməlidir. Həmin qadınlar özləri də etiraflarda bulunmalıdır, səhv etdiklərini və bu səhvin hansı nəticələrə gətirdiyini ictimaiyyətə desinlər”.