Yadigar Sadıqlı

Mənbə: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

İraq: 14 iyul çevrilişi

Yeni İraq konstitusiyası fərq tanımadan bütün İraq vətəndaşlarını bərabər elan edirdi

İraq ordusunda respublikaçı-qəsdçi təşkilat 1949-cu ildə yaradıldı. Yeddi ərəb dövlətinin yenicə yaranan İsrail dövlətinə qarşı 1948-1949-cu illərdə apardığı müharibədə məğlub olmaları həmin təşkilatın yaranmasına təkan verdi. Onun əsasını sadəcə mayor rütbəsi daşıyan, amma şəxsi keyfiyyətlərinə görə zabitlər arasında böyün nüfuzu olan Rıfat əl-Həcc Sirri qoydu.

İranda Baş nazir Müsəddiqin nefti milliləşdirməsi və Böyük Britaniya ilə əlaqələri kəsməsindən, eləcə də Misirdə Camal Əbdül Nasirin rəhbərliyi altında millətçi zabitlərin monarxiyanı devirməsindən sonra İraqda da monarxiya və onun yürütdüyü ingilispərəst xarici siyasətə qarşı müxalif əhval-ruhiyyə gücləndi. Narazı hərbçilərdən əlavə ölkədə qeyri-leqal şəkildə liberal, millətçi, solçu partiyalar fəaliyyət göstərirdilər.

1955-ci ildə ABŞ-жn himayəsi altında Böyük Britaniya, Türkiyə, İraq, İran və Pakistanın iştirakı ilə Mərkəz Müqaviləsi Təşkilatının (The Central Treaty Organization – CENTO) yaradılması, eləcə də Nasirin Süveyş kanalını milliləşdirməsindən sonra baş verən Süveyş böhranı zamanı İraq iqtidarının Misiri dəstəkləməməsi narazılıqları daha da alovlandırdı. Bu illərdə respublikaçı zabitlər arasında general Əbdülkərim Qasım və polkovnik Əbdülsalam Arif irəli çıxmağa başlayırlar.

Ölkənin müxtəlifyönümlü siyasi təşkilatları isə 1957-ci ildə Milli Birlik Cəbhəsində (MBC) birləşdilər. MBC ordudakı müxalif zabitlərlə sıx əlaqə saxlayırdı. İlin sonlarında kral II Feysələ orduda qəsdçi təşkilatın olması barədə informasiya daxil olanda, o, yalnız hərbi tapşırıq yerinə yetirən hərbi hissələrə döyüş sursatının verilməsini tapşırdı. Bu da hazırlanın çevrilişi həyata keçirməyi xeyli çətinləşdirdi. Amma bir müddət sonra əlverişli şərait yarandı.

***

1958-ci ilin ortalarında Livanda daxili vəziyyət gərginləşdi. Burada 1943-cü ildə bağlanan və ölkənin çoxməzhəbli tərkibini nəzərə alan Milli pakta əsasən, Prezident vəzifəsini maronit-xristian, Baş nazir vəzifəsini isə sünnü müsəlman, parlamentin sədri vəzifəsini isə şiə müsəlman tuturdu.

1950-ci illərdə bütün ərəb dünyasını sarsıdan hadisələr Livandan da yan keçmədi. Xristian prezident qərbyönümlü siyasətə üstünlük verirdi, müsəlmanlar – xüsusən də sünnü müsəlmanlar – isə ərəb həmrəyliyinin tərəfdarı idilər. 1958-ci il fevralın 1-də Misir və Suriya Birlərşmiş Ərəb Respublikasını yaradanda Livan müsəlmanları da bu birliyə qoşulmağa tərəfdar oldular, xristianlar isə yox. Üstəlik, prezident Şamun dalbadal prezident seçilməyə məhdudiyyət qoyan konstitusiyanı dəyişdirmək istədi. Nəticədə tərəflər arasında silahlı toqquşmalar başladı.

İraq və İordaniya da 1958-ci il fevralın 14-də Ərəb Federasiyası yaratmışdılar. İordaniya Livan ilə həmsərhəd olduğundan buradakı hadisələrdən ciddi narahatlıq keçirirdi və İraqdan kömək istədi. İraq hökuməti də özünün 3-cü diviziyasının 19-cu və 20-ci briqadalarını İordaniyaya göndərməyi qərara aldı.

19-cu briqadanın komandiri Əbdülkərim Qasım idi, 20-ci briqada da isə Əbdülsalam Arif xirmət edirdi. Mənsuriyədə yerləşən bu hissələr İordaniyaya getmək üçün əvvəlcə cənuba, Bağdada doğru hərəkət etməli, paytaxtın yanından isə şərqə dönərək İordaniyaya yollanmalı idilər. Amma hər şey belə olmadı.

Bağdad həndəvərinə çatdıqda, 19-cu briqada burada ehtiyatda durdu, 20-ci briqada isə qəflətən paytaxta daxil oldu. Hərbçilər şəhərin mühüm məntəqələrini ələ keçirməyə başladılar. Arifin göndərdiyi bir batalyon da səhər 5-ə işləmiş əl-Rahab kral sarayını mühasirəyə aldı. Kral qvardiyasının çoxu üsyançılara tərəf keçdi, az bir hissəsi isə müqavimətə cəhd etdi, amma tank atəşindən sonra onlar da təslim oldular.

Qiyamçılar səsgücləndirici vasitəsilə kral ailəsinə yanğın başlayan sarayı tərk etməyi təklif etdilər. Az sonra saraydan aralarında hakim xanədanın üzvləri ilə yanaşı qulluqçuların da olduğu 14 nəfər çıxdı. Onları üzü divara saxlayandan sonra isə hərbçilərdən biri atəş açaraq hamını öldürdü. Ölənlər arasında II Feysəl və onun dayısı, kral azyaşlı olduğu müddətdə ölkəni naib kimi idarədə edən Əbd əl-İlah da vardı. 14 nəfərin arasında yalnız Əbd əl-İlahın arvadı Xəyyam sağ qaldı. Qəsdçilər əvvəlcə onun da öldüyünü güman etdilər. Sağ qaldığını anlayanda isə daha toxunmadılar.

Kral ailəsinin qətliamından sonra iraqlıların xüsusi nifrət etdikləri başqa bir şəxsin – yeddi dəfə ölkənin Baş naziri postunu tutan və ingilispərəst siyasətin əsas siması hesab olunan Nuri əl-Səidin axtarışına başlandı. Amma onu yalnız ertəsi gün, çadraya bürünərək ölkədən qaçmaq istərkən yaxalamaq mümkün oldu. Bəzi versiyalara kütlənin əlinə sağkeçmək istəməyən əl-Səid özünü güllələdi, başqa ehtimala görə isə yaxınlıqdakı əsgər tərəfindən öldürüldü.

Həm əl-Səidin, həm də Əbd əl-İlahın cəsədləri əhali tərəfindən küçələrdə süründü, həqarətlərə məruz qaldı. Onlardan fərqli olaraq xüsusi nifrət bəslənilməyən 23 yaşlı kralın cəsədi sakitliklə dəfn edildi. Bununla da İraqda monarxiya devrildi, respublika elan olundu.

***

Yeni İraq Respublikasının müvəqqəti konstitusiyası prezident seçilənə qədər dövlət başçısı səlahiyyətlərinin Suverenlik Şurası deyilən orqana verilməsini nəzərdə tuturdu. Şura üç nəfərdən ibarət idi: sədr Məhəmməd Nəcib ər-Rübai sünnü ərəbləri, Məhəmməd Mehdi Kubba şiə ərəbləri, Xalid ən-Nəqşbəndi isə kürdləri təmsil edirdi.

Respublikada gerçək hakimiyyət isə Baş nazir və müdafiə naziri postlarını tutan Əbdülkərim Qasım, eləcə də Baş nazirin müavini və daxili işlər naziri olan Əbdülsalam Arifin əlində cəmləndi. Amma az keçmədi ki, 14 iyul çevrilişinin bu iki rəhbəri arasındakı münasibətlər pisləşməyə başladı.

Arif ərəb millətçisi (qövmiyyə) və Birləşmiş Ərəb Respublikasına qoşulmağın tərəfdarı idi. Qasım isə İraqın müstəqil qalmasını (vətəniyyə) istəyirdi və hətta Nasiri sevməyən kommunistlərə meyl edirdi. İki lider arasındakı konflikt senyabrın 12-də Arifin rəhbərlikdən uzaqlaşdırılaraq Qərbi Almaniyaya səfir təyin edilməsilə nəticələndi. O, bu vəzifəni tutmaqdan imtina etdikdə isə həbs edildi. Məhkəmə 14 iyul çevrilişinin əsas qəhrəmanını edama məhkum etdi, amma Qasım cəzanı ömürlük həbslə əvəzlədi, 1961-ci ildə isə azad etdi.

Əbdülkərim Qasım bir sıra mütərəqqi islahatlar həyata keçirdi. Yeni İraq konstitusiyası fərq tanımadan bütün İraq vətəndaşlarını bərabər elan edirdi. Hətta İraqın ərəb və kürdlərin birgə dövləti olduğu yazılırdı. Bununla belə, Qasım kürdlərin muxtariyyət istəklərini rədd etdi.

Hökumət əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq istiqamətində xeyli addımlar atdı, xəstəxanalar və məktəblər tikildi. Aqrar islahatla iri torpaq sahibliyini məhdudlaşdırdı, torpaqsız kəndlilərə torpaq verdi. Səkkiz saatlıq iş günü tətbiq edildi. Gecəqondularda yaşayan bağdadlılar üçün Mədinət əl-Taura (inqilab şəhəri, sonralar Saddam-siti, indi isə Sədr-siti adlanır) adlı rayon salındı və burada 35 min sosial mənzil tikildi.

Əbdülkərim Qasım monarxiya zamanı həbs edilən siyasi məhbusları azad etdi. Siyasi partiyaların fəaliyyətinə rəsmən icazə verilməsə də, demək olar ki, leqal fəaliyyət göstərməyə başladılar. Ata tərəfdən sünnü, ana tərəfdən şiə olan Qasım bu iki icma arasında balanslaşdırılmış siyasət yürüdürdü.

İraq qadınları bu illərdə kişilərlə hüquq bərabərliyi qazandılar. Çoxarvadlılılıq qadağan edildi, nikah üçün minimum hədd 18 yaş oldu, boşanma zamanı qadınların hüquqlarını qoruyan qanunlar qəbul olundu. İraq kommunist partiyasının üzvü Naziha əl-Dulaimi nəinki İraqda, bütün ərəb dünyasında ilk qadın nazir oldu.

Bununla belə, Baş nazirin hakimiyyəti getdikcə avtoritar şəkil alırdı və narazıların sayını artırırdı. Qövmiyyə və panərəbizmə meyl edən, ideologiyası ərəb millətçiliyi və sosializm olan BƏƏS partiyasının üzvləri xüsusilə narazı idilər. Əbdülkərim Qasım özünə təhlükə saydığı bir sıra zabitləri, o cümlədən orduda ilk respublikaçı təşkilatın banisi Rıfat əl-Həcc Sirri, Nazim ət-Tabakcalı və digərlərini qondarma ittihamlarla edam etdirdikdə nüfuzuna xeyli xələl gətirdi.

1959-cu ilin martında Mosulda hökumət əleyhinə üsyan baş verdi, amma yatırıldı. BƏƏS partiyasının üzvləri Baş naziri öldürmək üçün bir neçə cəhd etdilər. Belələrindən birini sonralar İraqın diktatoru olacaq Səddam Hüseyn həyata keçirdi. Sonralar həmin hadisə ətrafında xeyli mifologiya formalaşmışdı. Əslində isə qəsdin uğursuz alınmasının səbəbkarı Səddam Hüseyn idi.

1959-cu ilin otyabrın 7-də həyata keçirilməli olan qəsd zamanı Səddama ikinci dərəcəli vəzifə tapşırılmışdı. O, Qasımı öldürəcək qəsdçilərin hadisə yerindən uzaqlaşmasını təmin etməli idi. Amma Baş nazirin avtomobili yanından keçdikdə əsəbləri dözmədiyindənmi, ya da şöhrət istəyindənmi, atəş açdı. Amma Qasım yalnız yaralandı, sürücüsü isə öldü. Səddam hadisə yerindən qaça bildi.

General Qasımın kürdlərlə münasibətləri də korlandı. 1961-ci ildə kürdlər Mustafa Bərzaninin rəhbərliyi altında üsyan qaldırdılar. Qasımın Xuzistana iddialarına cavab olaraq İran, eləcə də Misir bu üsyanı dəstəklədi. Hökumət qoşunlarının say və texniki üstünlüyünə baxmayaraq, kürdlər partizan taktikası hesabına onlara ağır zərbələr endirdilər.

1960-cı illərdə Qasımın mövqeləri xeyli zəiflədi. Bundan istifadə edən Əbdülsalam Arif BƏƏS partiyasından olan zabitlərin köməyi ildə 1963-cü fevralında Bağdadda üsyan qaldırdı. Baş nazir müqavimət göstərməyə cəhd etdi, ancaq məğlub oldu. Fevralın 9-da həyatına toxunulmayacağı vədindən sonra təslim oldu. Amma devrilmiş Baş naziri və iki generalı yaxınlıqdakı telestudiyaya gətirdilər və burada güllələdilər. Çevrilişdən sonra Əbdülsalam Arif İraqın prezidenti, BƏƏS üzvü, general Əhməd Həsən əl-Bəkr isə Baş nazir oldu.

Sonrakı 40 il ərzində İraqda BƏƏS partiyası hakim olduğundan Əbdülkərim Qasıma rəsmi münasibət mənfi oldu. Səddam Hüseynin devrilməsindən sonra isə adı Bağdadda və başqa şəhərlərdə küçə və meydanlara verildi, heykəlləri qoyuldu. Uzun müddət gizli saxlanılan məzarı 2004-cü ildə Bağdaddan şimalda aşkar edildi, DNT analizindən sonra yenidən dəfn olundu.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rq29he

Ən çox baxılan