İranda dini hakimiyyətə qarşı misli görünməmiş etirazlar zorakılıqla yatırıldıqdan sonra paytaxt Tehranın küçələrində təhlükəsizlik qüvvələri nəzarəti bərpa edib və şəhərin küçələri əsasən boş görünür.
Tehran sakinləri şəhərdə faktiki hərbi vəziyyətin hökm sürdüyünü, küçələrə təhlükəsizlik əməkdaşlarının yerləşdirildiyini, axşamlar isə mağaza və restoranların bağlı olduğunu deyirlər.
“Gecələr tam mənası ilə hərbi vəziyyət hiss olunur. Bunun səbəblərindən biri də odur ki, silahlı qüvvələr avtomobilləri saxlayır və tam yoxlayırlar. Həmçinin insanlardan telefonlarını açmağı tələb edir, onları da yoxlayırlar”, – bu sözləri yanvarın 17-də İranı tərk etmiş 70 yaşlı bir kişi “AzadlıqRadiosu”nun fars xidmətinə (“Radio Fərda”) deyib.
İranda 2025-ci il dekabrın 28-də başlayan etirazlar hökumət qüvvələri tərəfindən zorakılıqla yatırılıb, etirazlar zamanı isə ölkə üzrə internet və rabitə kəsilib.
Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, son üç həftə ərzində minlərlə etirazçı öldürülüb, 20 mindən çox insan saxlanılıb. Real ölü sayının daha çox olduğu güman edilir. Dövlət rəsmiləri isə ölü sayı ilə bağlı heç bir rəsmi açıqlama vermir.
Radioya danışan şəxs bildirib ki, təhlükəsizlik qüvvələri vətəndaşların sosial şəbəkələrdəki fəaliyyətini, eləcə də telefonlarındakı fotoqalereyaları etirazlarda iştirakla bağlı sübutlar axtarmaq məqsədilə yoxlayırlar.
O, Tehranın şimalında saxlanıldığını və eyni halların başqalarının da başına gəldiyini eşitdiyini deyib.
“Buna görə də insanlar bir-birinə axşam saat 8-dən sonra evdən çıxmamağı tövsiyə edirlər”, – həmin şəxs bildirib.
Tehran sakinlərinin sözlərinə görə, İran əsgərləri, mülki geyimli agentlər və yarımhərbi “Bəsic” qüvvəsinin üzvləri təkcə şəhər mərkəzində deyil, yaşayış məhəllələrinə də yerləşdirilib.
Oxşar təhlükəsizlik tədbirləri İranın digər bölgələrində, o cümlədən kürdlərin sıx yaşadıqları ərazilərdə də görülüb.
“Küçələrdə hərbi və təhlükəsizlik qüvvələrinin mövcudluğu o qədər açıqdır ki, insanlar faktiki hərbi idarəetmədən danışırlar. Adi insanların hərəkəti yasaqlanmayıb, amma bütün hərəkətlərə ciddi nəzarət olunur”, – bunu İnsan Haqları Şəbəkəsinin üzvü Kaveh Kermanşahi “Radio Fərda”-ya deyib.
Hüquq-müdafiə təşkilatları bildirir ki, təhlükəsizlik qüvvələri və hətta zirehli bölmələr bir neçə əyalətdə, xüsusilə də kütləvi etirazların və ya hökumət binalarına hücumların baş verdiyi ərazilərdə yerləşdirilib.
Aktivistlərin idarə etdiyi “Vahid Online” teleqram kanalı Tehrandakı bir yaşayış binasına aid təhlükəsizlik kamerası görüntüsünü yayımlayıb. Görüntülərdə yanvarın 7-də mülkigeyimli agentlərin binaya girərək etirazçıları pilləkənlərdə dəyənəklə, odlu silahlarla qovaladıqları görünür.
Görüntülər özəl məkanlara sığınan nümayişçilərin sistemli təqib olunması ehtimalını gücləndirir. Üstəlik, indiyədək etiraz yerlərindən uzaqda yaşayanlar da qapı-qapı reydlərin, həbslərin keçirildiyini dilə gətiriblər.