İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycanın 4 diplomatı arzuolunmaz şəxs elan etməsinə münasibət bildirib.
Nasir Kənani Azərbaycan hökumətinin qərarını qonşuluq prinsiplərinə zidd kimi qiymətləndirib.
O, Azərbaycanı qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipinə uyğun hərəkət etməyə, o cümlədən, yaxşı qonşuluq istiqamətində hərəkət etməyə və sionistlərin, region düşmənlərinin istədiklərindən uzaq durmağa çağırıb.
N.Kənani Azərbaycanın bu adımına qarşılıq veriləcəyini də əlavə edib.
Milli Məclisdə İrana cavab bəyanatı qəbul olunub
Aprelin 7-də Xarici İşlər Nazirliyinin “persona-non-qrata” (arzuolunmaz şəxs) elan etdiyi İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk ediblər.
Məlumatı “Report” yayıb.
Diplomatların Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana getdikləri bildirilir:
“Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları – Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb”.
Aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona-non-grata” elan edilib.
Bununla bağlı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağrılıb:
“Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib“.
Bu gün Azərbaycan Milli Məclisi (MM) də İran parlamentinin 5 aprel bəyanatına cavab verib.
Milli Məclis qonşu ölkə parlamentinin bəyanatını Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib:
“Azərbaycanın suverenliyinə və müstəqilliyinə açıq hörmətsizlik olan bu bəyanat İranın həyata keçirdiyi növbəti siyais təxribatdır. Təəssüf ki, Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalda saxlanılmasına, şəhər və kəndlərin viran qoyulmasına, milli sərvətlərin talan edilməsinə, tarix, mədəniyyət və din abidələrinin dağıdılmasına göz yuman, hətta təcavüzkara bir çox əməllərində dəstək verən İran olub”.
“Təəssüf ki, İran II Qarabağ savaşından sonra Azərbaycana qarşı açıq fəaliyyətə keçib. Belə görünür ki, İran silahlı qüvvələrinin Azərbaycan sərhədi yaxınlığında müntəzəm hərbi təlimlər keçirməsi, Tehrandakı səfirliyə qarşı terror aktı törədilməsi, 10 minlərlə azərbaycanlının qovulduğu Qafanda konsulluğun açılması və Təbrizdə Ermənistanın konsulluğunun açılmasına razılıq verməsi və digər bədniyyətli hərəkətlər eyni zəncirin həlqələridir”, – deyə bəyanatda qeyd olunur.
Bəyanatda İsraildə səfirliyin açılmasının Azərbaycanın suveren hüququ olduğu qeyd olunub və bununla bağlı ittihamlar qəbuledilməz adlandırılıb:
“Azərbaycan Fələstində də nümayəndəliyini açıb. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin təzahürüdür. Ona görə də üçüncü tərəfin, o cümlədən, İranın bu məsələyə müdaxiləsi yolverilməzdir”.