Xəbər təsdiqləndikdən sonra neftin dünya bazarında qiyməti düşdü
İyulun 13-də Avstriyanın paytaxtı Vyanada İran və 5+1 dövlətləri razılaşdılar. Bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Bildirilir ki, İranın nüvə proqramının azaltması qarşılığında Tehrana qarşı iqtisadi sanksiyaların bir hissəsisinin aradan qaldırılması razılaşdırılıb.
Adının çəkilməsini istəməyən iranlı diplomat “Reyters” agentliyinə bildirib ki, fasiləsiz danışıqlar nəticəsini verdi və anlaşma baş tutdu.
17 günlük davam edən danışıqlarda 100 səhifəlik anlaşma üzərində iş gedərkən Amerika dövlət katibi Con Kerri və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifi arasında ikili görüşlər də gerçəkləşmişdi.
Anlaşma haqqında xəbər təsdiqləndikdən sonra dünya bazarında neftin qiyməti 57 dollardan 56 dollara enib.
İran və 5+1 dövlətləri arasında razılaşmanı Meydan TV-yə şərh edən siyasi şərhçi Zərdüşt Əlizadə bildirib ki, bununla hansısa qarşıdurma və ziddiyyət nöqtəsi, həm də müəyyən bölgədə hərbi təcavüz aradan qaldırılır: “Tehran üçün İrana qarşı yürüdülən haqsız təzyiq siyasətinə son qoyulur və bu ölkə dünya ölkələr ailəsinə daxil olacaq. Amerika isə müəyyən mənada İsrailin təsirindən və təzyiqindən qurtulur. Qərb ucuz neft və qaz mənbələrinə yol tapır. Avropa şirkətləri İrana daxil olacaq və bu ölkədə də xeyli mənfəət əldə edib, iqtisadi problemlərini aradan qaldıracaq. Azərbaycana gəldikdə, neftin qiymətinin ucuzlaşması yaxşı heç nə vəd etmir. Amma Azərbaycan elə vəziyyətdədir ki, neft baha, yaxud ucuz olsun, hökumət çoxlu israf edir. Yəni ölkənin heç bir strategiyası yoxdur”.