İranın keçmiş prezidentinin qızının saxlanıldığı bildirilir

Faizə Rəfsəncani. Mənbə: wikipedia

Faizə Rəfsəncaninin Tehranın şərqində saxlanıldığı iddia olunur

İran İslam Respublikasının keçmiş prezidenti Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncaninin saxlanıldığı bildirilir.

Məlumatı “Azad İran” “Telegram” kanalı yayıb.

Bildirilir ki, Faizə Rəfsəncani bir müddət öncə “Atam da lider olsaydı, bir müddətdən sonra diktatora çevrilərdi” fikrinə görə həbs olunub.

Faizə Rəfsəncaninin Tehranın şərqində saxlanıldığı bildirilir.

Digər “Telegram” kanalı “Bizim Sulduz” F.Rəfsəncaninin son iğtişaşlarda iştirak etməsi və insanları aksiyaya çağırması ilə əlaqədar həbs olunduğunu bildirib.

İranın rəsmi qurumları həbsi nə təsdiq, nə də inkar edib.

Bildirilir ki, bu, Faizə Rəfsancaninin ilk həbsi deyil.

Onun barəsində ilk həbs qərarı 2012-ci ildə verilib.

Həmin ilin 23 sentyabrında İran məhkəməsi onu 6 ay həbs azadlıqdan məhrum etmişdi.

Faizə Rəfsancani 2 ay bundan əvvəl İran İslam rejimini Suriyada və Yəməndə qətliamlar törətməkdə ittiham etmiş, Ukraynanı işğal edən Rusiyaya hərbi dəstək verməkdə günahlandırmışdı.

F.Rəfsəncaninin atası Əli Əkbər Haşimi Rəfsancani 1989-1997-ci illərdə İran İslam Respublikasının Prezidenti seçilib.

O, İran İslam Respublikasının qurucularından sayılır.

İranda əxlaq polisinin hicab qaydalarını pozmaq iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin ölümündən sonra kütləvi etiraz aksiyaları 80-dən çox şəhər və yaşayış məntəqəsini əhatə edib.

Sosial şəbəkələrdə Tehran, Təbriz, İsfahan, Şiraz, Kərəc, Şəhriyar və Rəşt daxil olmaqla, bir çox şəhərlərdən etiraz aksiyalarının görüntüləri yayılıb.

22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən həbs edildikdən sonra komaya düşüb.

O, üç gün sonra Kəsri xəstəxanasında ölüb.

Rəsmi məlumatda onun ürəktutmasından öldüyü bildirilir.

Amma Əmininin yaxınları hesab edirlər ki, o döyülərək öldürülüb.

Prezident İbrahim Rəisi M.Əminin ölümünün araşdırılacağını desə də, daxili işlər naziri Əhməd Vahidi əkinə, Əmininin döyülmədiyini israr edir.

Ana səhifəDünyaİranın keçmiş prezidentinin qızının saxlanıldığı bildirilir