Nəsib Nəsibli hesab edir ki, bu cür sistemli təhqirlərin məqsədi türk gəncliyində milli şüurun artmasına reaksiyadır
Son bir neçə həftədir İran İslam Respublikasının Azərbaycan əyalətlərində etiraz dalğası dayanmır. Televiziya tamaşasına etirazdan başlanan proseslər azərbaycanlılar yaşayan bütün şəhərləri əhatə edir. Meydan TV mövcud durumla bağlı Azərbaycanın İranda sabiq səfiri, Avrasya Universiteti Siyasət elmi və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Nəsib Nəsibliyə bir neçə sualla müraciət etdi.
– Nəsib bəy, Azərbaycan əyalətlərində başlanan mitinqlər spontandır, yoxsa uzun zamandır təşkil olunmuş, davam edən proseslərin tərkib hissəsisdir?
– Əlbəttə, mitinq və yürüşlər əvvəldən planlana bilməzdi. Çünki məlum televiziya verilişini bu mitinqçilər hazırlamamışdı. Türklərə qarşı təhqir, alçaldıcı münasibət bu ölkədə artıq 90 ildir davam etməkdədir. Rzadan bu yana İran dövləti Türkə düşmən olduğunu gizlətməmişdir. Hökumətlər, rejimlər dəyişsə də, bu düşmənçilik azalıb artmış, amma əslən dayanmamışdır. Dövlət TV kanalındakı sonuncu hadisə də bu sürəcin bir anıdır.
– Bu mitinqlər rejimin möhkəmlənməsinə xidmət edəcək, yoxsa milli azadlıq hərəkatına çevriləcək?
-Televiziyadakı adıçəkilən alçaldıcı səhnənin bilərəkdən təşkili və onun mövcud rejimi möhkəmləndirmk üçün təşkil edilməsi haqqında bizim mətbuatda gedən fikrə mən də rast gəldim. Bundan gülməli, daha doğrusu, gülünc “analiz” təsəvvür etmək çətindir. Təhqirlərə indiki kütləvi etirazlar milli hərəkatın elə özüdür.
–
Azərbaycan respublikasının gedişata münasibəti necə olmalıdır, həm cəmiyyətin, həm iqtidarın, həm də müxalifətin?
– İran TV kanalının son təhqiri bütün Azərbaycan türklərinə, hətta Türk dünyasının hamısına yönəlib. Fars irqçiliyinin bu nifrət qusmasına cavab verilməlidir. Əslində bu cür sistemli təhqirlərin məqsədi türk gəncliyində milli şüurun artmasına reaksiyadır. Zaman vardı bu cür murdar təhqirlərə türklük cavab vermək iqtidarında deyildi. Çünki hakim rejimin və onun anti-Türk ideologiyasının tam kontrolu altında idi. İndi bu cür etnik aşağılamalara həssas, qəzəbli cavablarla Türklük aşağılıq kompleksindən çıxdığını bir daha ortaya qoymuşdur.
– Aksiyalar uzanacaqsa, beynəlxalq reaksiya gözləyirsinizmi?
-Əlbəttə, artıq “beynəlxalq reaksiya” dediyiniz hadisə göz önündədir.