Nicat Məlikov: Milli azlıqlardan söhbət getsə də, İranda farslarla azərbaycanlıların sayı baxımından ikincilər faiz nisbətində deyillər
İran prezidenti Həsən Ruhani ölkədə yaşayan milli azlıqların doğma dillərində təhsil almaq hüquqlarını təsdiq edib.
Bu barədə Trend IRINN telekanalına istinadən məlumat verir.
Mahabad şəhəri sakinləri qarşısında çıxış edən H.Ruhani bildirib ki, ölkə ərazisində yaşayan bütün mili azlıqların nümayəndələri öz dillərini öyrənmək imkanı əldə etməlidirlər.
Onun sözlərinə görə, İran Administrasiyası Təhsil Nazirliyi ilə birlikdə İran Konstitusiyasının 15-ci maddəsinin reallaşdırılması məsələsini müzakirə edir.
Həmin maddədə deyilir ki, İranın rəsmi dili fars dilidir, lakin mətbuatda və kütləvi informasiya vasitələrində regional və tayfa dillərindən istifadə etmək olar, eləcə də məktəblərdə ədəbiyyatın tədrisi üçün bu, fars dilinə əlavə kimi icazə verilir.
İran prezidenti Həsən Ruhaninin addımını Meydan TV-yə şərh edən siyasi şərhçi Nicat Məlikov iki əsr əvvəl imzalanan Türkmənçay müqaviləsini xatırladaraq bildirib ki, qonşu ölkədə yaşayan azərbaycanlıların insan və milli hüquqları tez-tez gündəmdə olub, tarixdən Səttarxan, Xiyabani və Pəşəvəri mübarizəsinə bələdik. Bu mübarizə həmişə olub və davam edəcək. Bəli, Azərbaycan İranın ərazi bütövlüyünü tanıyaraq ordakı soydaşlarımıza daha çox hüquqlar və milli-mədəni suverenlik verilməsini istərdi. Ki, bunlardan biri də öz dilində təhsil, mətbuat orqanları, kitab nəşr etdirməkdir.
Ancaq Nicat Məlikov İrandakı azərbaycanlıları milli azlıq hesab etmir: “Milli azlıqlardan söhbət getsə də, İranda farslarla azərbaycanlıların sayı baxımından ikincilər faiz nisbətində az deyillər. Hətta İran dövlətçiliyinin yaranmasında, dövlət rəhbərliyində azərbaycanlıların iştirakına baxdıqda, soydaşlarımızın bu gedişatda rolunun əvəzsiz olduğunu görürük. Artıq azərbaycanlılara İranda milli azlıq kimi baxılması düzgün deyil, bu mənim qənaətimdir. Bununla belə İranda başqa millətlərin hüquqlarının genişlənməsi müsbətdir və prezident Ruhaninin addımı təqdirəlayiqdir. Bilirsiniz ki, İran son illər dünyaya daha açıq siyasət yeridir, Qərblə daha ardıcıl dialoq həvəsini gizlətmir. Ruhani də ideologiyaya tam uymayan, praqmatik siyasət tərəfdarıdır. Bu siyasət nə qədər davam edəcək, onu tarix göstərəcək. Hələki müsbət dəyişikliklər var”.
O, indiki addımın gələcəkdə azərbaycan dilinin ikinci dil statusuna gətirə biləcəyi barədə suala belə cavab verdi: “Dünyada belə praktika mövcuddur və əgər belə olarsa, qanunuyğun sayılar. Amma fars şovinizmini müdafiə edənlərin siyasi elitaya təsiri də nəzərə alınmalıdır. Dini elitaya gəlincə, teokratik dövlət olan İranın Ali Dini Şurasının başçısı Xamneyi mənşəcə türkdür. Düzdür, onun milli köklərə bağlılığı haqda müxtəlif fikirlər yürütmək mümkündür. Bəlkə bu amil də nə zamansa, özünü büruzə versin”.