“Bu günə qədər Fərid nə Azərbaycan, nə də İran tərəfdən vəkillə təmin olunub”
Bu ilin martında İranda casusluq ittihamıyla həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun müdafiəsiz qaldığını deyir. Ana bununla əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.
Oğlunun Azərbaycanla İran arasındakı gərginləşən münasibətlərin qurbanı olduğunu düşünən Dilarə Əsgərova gileylənir ki, indiyədək Fərid Səfərliyə öz ölkəsi vəkil tutmayıb.
“Dörd aydan yuxarıdır ki, oğlum Fərid heç bir cinayət törətmədiyi halda, İranda həbsdə saxlanılır. Onun hüquqları pozulur, məhkəmədə fars dilində dindirilir. Bu günə qədər Fərid nə Azərbaycan, nə də İran tərəfdən vəkillə təmin olunub. O, cinayətkar olsaydı, heç kimə ağız açmazdım. Hamı yaxşı bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs edilib. Sizdən xahiş edirəm, Azərbaycan dövləti adına onun müdafiəsi üçün səylərinizi əsirgəməyəsiniz”, – Fərid Səfərlinin anası nazirə müraciətində yazır.
Dilarə Əsgərova oğlunun vəkillə təmin olunması prosesinin sürətlənməsini, övladı ilə yenidən telefonla danışmasına və görüşməsinə şərait yaradılmasını xahiş edir. Onun daha bir istəyi isə konsulluq əməkdaşlarının Fərid Səfərlinin məhkəməsində iştirakıdır.
Fərid Səfərli həbsdə olduğu dörd aydan artıq müddətdə cəmi iki dəfə anasıyla telefonla danışıb.
Bu ilin martında İranda yoxa çıxan Fərid Səfərlinin casusluq ittihamıyla həbsdə saxlandığı iyunun əvvəlində məlum olub.
Dilarə Əsgərova bildirib ki, casusluq ittihamı tamamilə əsassızdır. O, oğlunun Azərbaycan vətəndaşı olduğuna görə həbs edildiyini düşünür.
Dilarə Əsgərovanın sözlərinə görə, oğlu fevralın 20-də Almaniyadan İrana Jena Universitetində təhsil almış iranlı həkim qız dostunu görməyə gedib. O, martın 3-nə qədər ailəsi, dostlarıyla əlaqə saxlayıb. Hətta martın 3-də dostlarından xahiş edib ki, ona geri qayıtmaq üçün bilet alsınlar. Fərid Səfərli üçün martın 4-nə Tehran-İstanbul-Berlin reysinə bilet alınsa da, o, geri qayıtmayıb. Ümumiyyətlə, martın 4-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, o, təyyarəyə də minməyib.