İranda etiraz aksiyaları: 76 nəfərin öldüyü bildirilir

Tehran. Foto: Reuters

“60-ı qadın olmaqla 739 nəfər saxlanılıb”

İranda əxlaq polisinin hicab qaydalarını pozmaq iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin ölümündən sonra kütləvi etiraz aksiyaları 80-dən çox şəhər və yaşayış məntəqəsini əhatə edib.

Sosial şəbəkələrdə Tehran, Təbriz, İsfahan, Şiraz, Kərəc, Şəhriyar və Rəşt daxil olmaqla, bir çox şəhərlərdən etiraz aksiyalarının görüntüləri yayılıb.

Sənəndəc şəhərindən yayılan videolardan birində etirazçılara atəş açıldığı görünür.

Norveçin paytaxtı Osloda yerləşən İran İnsan Haqları Təşkilatı kütləvi etirazlarda 76 nəfərin öldürüldüyünü iddia edib.

Təşkilatın sentyabrın 25-nə olan hesabatında ölkənin əksər əyalətlərini bürüyən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən 76 nəfərin adını da açıqlayıb.

Hesabatda ilk yerlərdə dayanan Mazandaran əyalətindən 25, Qərbi Azərbaycan, Gilan və Kürdüstan əyalətlərinin hər birindən isə 10 nəfərin öldüyü qeyd olunub.

İran rəsmiləri isə sentyabrın 24-dən baş verən hadisələri iğtişaş adlandırıb, 41 nəfərin öldüyünü açıqlayıblar.

“Amnesty İnternational” sentyabrın 26-da İranda 11 jurnalistin saxlanıldığı barədə məlumat yayıb:

“Saxlanılan etirazçıların sayı yüzlərlədir, təkcə Gilan bölgəsinin şimal-qərbində 24 sentyabrda 60-ı qadın olmaqla 739 nəfər saxlanılıb”.

Foto: “theguardian.com”

Azərbaycanın İran İslam Respublikasında keçmiş səfiri olan Nəsib Nəsibli Meydan TV-yə deyib ki, İranda ən həssas məsələlərdən biri qadınların hüquqlarının olmamasıdır.

Nəsib Nəsibli xatırladıb ki, 44 il əvvəl, 1978-ci il inqilabı da qadınların hərəkatı ilə başlayıb:

“O vaxt şah demişdi ki, İran “qara qarğalar”la XXI əsrə çıxa bilməyəcək. Şah çadra örtən qadınları nəzərdə tuturdu. Bundan bir neçə gün sonra Qumda, ardınca Təbrizdə etirazlar başlandı”.

Ancaq N.Nəsibli İranda yalnız qadınların hüquqlarının yox, sosial-iqtisadi və siyasi problemlərin olduğunu da deyir:

“Mollalar hakimiyyətə gələndə İslamda bərabərlik prinsipinin olduğunu bəyan etdilər. Amma İranın bugünkü sosial həyatında çox zənginlər və çox yoxsullar var. Son illərdə orta təbəqə çox zəiflədi. İkincisi, 85 milyonluq İran çoxmillətli dövlət kimi problemlər yaşayır. Üçüncüsü, islam ideologiyası cəlbediciliyini çoxdan itirib. Hətta bəzi müxalifətçilər İranı ən ateist ölkə sayır. Çünki İrandakı ateistlər çox aqressivdirlər. Dördüncü, İran siyasi idarəçilik forması kimi özünü tükədib, vilayəti-fəqih institutu, mollaların siyasi qurumlara nəzarəti ciddi narazılıq yaradır”.

Nəsib Nəsibli
N.Nəsibli. Foto: Meydan TV

Davam edən aksiyaları bir dalğa hesab edən Nəsib Nəsiblinin sözlərinə görə, İranı dəyişmək istəyən qüvvələr hakimiyyətdən zəifdir:

“Buna baxmayaraq aksiyaların təsiri olacaq. Çünki onlarla ölən var, minlərlə insan həbs edilib. Bilirsiniz, əvvəlki illərdəki aksiyaları da nəzərə alsaq, bunlar üst-üsə gələndə, İran rejiminin tükəndiyini göstərir. Ancaq rejimin nə zaman çökəcəyi proqnozunu vermək doğru olmaz. Rejimin çöküşü barədə müzakirələri ordunun bir hissəsinin xalqın tərəfinə keçəndə açmaq olar”.

Güney Azərbaycan Milli Hərəkatının fəallarından olan Haqan Türkelli Meydan TV-yə deyib ki, baş verənləri bir prizmadan qiymətləndirmək olmaz:

“Bura insan haqlarının durumu, hakimiyyətdaxili mübarizənin təzahürləri, həmçinin milli məsələlər daxildir. İnsanlar 40 illik repressiyalardan beziblər”.

Haqan Türkelli deyir ki, İranda qadınlar iki qat zülmdən cana doyublar:

“Sosial böhran başdan aşmış, iqtisadi durum dözüləcək həddən çıxıb. İnsanlar, əsasən gənclər gələcəyə ümidlərini tam itiriblər. İşsizlik, aclıq və səfalət baş alıb gedir. Bununla yanaşı, korrupsiya ölkəni bürüyüb. Artıq insanların itirməyə heç nəyi qalmayıb və küçələrə axışıblar”.

“İnsanlar rahat nəfəs ala bilmir. Əxlaq polisinin əlindən insanlar ailəsi ilə də çölə çıxa bilmir. Qadınının saçına, kişinin geyiminə, hər şeyə qarışırlar. İbrahim Rəisi prezident olandan sonra isə əxlaq polisinə daha geniş səlahiyətlər verilib”,- deyə Haqan Türkelli bildirib.

O, bir sıra milli problemlərin də olduğunu dilə gətirib:

“Xalqlar ayrı-seçkilikdən və Tehran mərkəzli şovinizmdən cana doyublar. Məhsa Əmininin ölümü bu etirazlarin səbəbi deyil, yalnız bir bəhanə idi. Türklər, ərəblər, kürdlər və başqa xalqlar 40 ildir ki, davam edən şovinizmdən beziblər. Həmçinin Xamneyinin sağlıq durumu çox ağırdır. Ona görə hakimiyyətdaxili qarşıdurmaların da etirazların körüklənməsinə təsiri az deyil”.

Foto: Haqan Türkellinin şəxsi arxivindən

Onun fikrincə, Azərbaycan xalqı və qadını başqaları ilə müqayisədə on qat zülmə məruz qalır:

“Azərbaycanlılar İranın başqa əhalisindən daha acınacaqlı durumdadır. Əslində, mədəni, siyasi və iqtisadi ayrı-seçkilik ucbatından Azərbaycanı Afrikadakı müstəmləkələrlə müqayisə etmək olar. Ona görə də Azərbaycan daha aydın bir şüarla meydana gəlib: Azadlıq, ədalət və milli hökumət”.

H.Türkelli yeganə çıxış yolunu antiinsani saydığı rejimin dəyişməsində görür.

Onun fikrincə, indiki rejimin yerinə bənzər düşüncəli alternativlərin gəlməsi də xalqlara heç nə vəd etmir:

“İran əsarətindəki xalqlar öz milli azadlığını, milli hökumətlərini tələb edirlər. Bu rejimin mərkəzçi alternativləri düşüncə etibarı ilə hazırkı hakimiyyətdən çox fərqlənməsə də, heç bir alternativ bu vəhşi rejimdən pis ola bilməz. Əlbəttə ki, Güney Azərbaycan müstəqillik istəyi ilə mübarizə aparır. Ancaq bu prosesin sonunda hər nə əldə edə bilsə, istiqlala və bütövlüyə doğru bir addım da qazanacaq. Güney Azərbaycan bunu təkbaşına da edə bilməyəcək, Azərbaycan və Türkiyənin dəstəyinə ehtiyac var!”.

Prezident İbrahim Rəisi baş verənləri: “Düşmənlər xaos yaratmaq istəyirlər”, – deyə qiymətləndirib.

“BBC-Azərbaycan” belə yazır.

Daxili işlər naziri Əhməd Vahidi televiziya çıxışında bildirib ki, əgər İranın düşmənləri iğtişaşlarla sistemi çökdürə biləcəklərini düşünürlərsə, bu, uşaqsayağı düşüncədir.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “Əl-Monitor” nəşrinə müsahibəsində belə deyib: “İranda tam demokratiya hökm sürür, özünüz gəlib görün”.

Tehran küçələrində etirazçıların zorakılıqla yatırılması ilə bağlı görüntüləri saxta adlandıran Abdullahian əlavə edib ki, Tehran küçələrində söz azadlığı və insanların həyat tərzində azadlıq var.

Foto: Reuters

22 yaşlı Məhsa Əmini bir həftə əvvəl əxlaq polisi tərəfindən həbs edildikdən sonra komaya düşüb.

O, üç gün sonra Kəsri xəstəxanasında ölüb.

Rəsmi məlumatda onun ürəktutmasından öldüyü bildirilir.

Amma Əmininin yaxınları hesab edirlər ki, o döyülərək öldürülüb.

Prezident İbrahim Rəisi M.Əminin ölümünün araşdırılacağını desə də, daxili işlər naziri Əhməd Vahidi əkinə, Əmininin döyülmədiyini israr edir.

Ana səhifəDünyaİranda etiraz aksiyaları: 76 nəfərin öldüyü bildirilir