”İrana qarşı sanksiyalar neft bazarına psixoloji təsir göstərir”

Vüqar Bayramov: ”Artıq əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar”

Mənbə: “makroblog.az”
Neft
Neft


Vüqar Bayramov: ”Artıq əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar”

“İrana qarşı sanksiyaların genişləndirilməsi neft bazarına gözlənilən təsirlərini göstərməkdədir. Neftin bir barelinin qiyməti son illər ilk dəfə olaraq 77 dolları keçdi. Azərbaycan neftinin bir barelinin qiyməti isə 80 dollarlıq psixoloji həddə yaxınlaşmaqdadır”.

Bu fikirləri iqtisadçı Vüqar Bayramov ABŞ prezidenti Donald Trampın İrana sanksiyaların tətbiq edilməsi ilə bağlı qərarından sonra baş verənləri təhlil edərkən deyib.

Mayın 9-da D.Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib. O, İrana qarşı ləğv olunmuş sanksiyaları bərpa etmək üçün prosesə başladıqlarını

bildirib

.

ABŞ prezidenti prosesə başlamaq üçün memorandum imzalayıb. D.Tramp “saziş İrana uranı zənginləşdirməyə və yekunda nüvə sıçrayışına nail olmağa imkan yaradıb”, – deyib. O, İranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib.

Vüqar Bayramov deyir ki, ABŞ prezidentinin son qərarı neft bazarın həm psixoloji, həm də iqtisadi təsirlər göstərir:

“Belə ki, ötən il 2.13 milyon barel gündəlik neft ixracatına malik olan İranın 2018-ci ilin növbəti aylarında “qara qızıl” nəqlini gündəlik 500 min barel azaltması təhlükəsi var. Bu iqtisadi baxımdan neftin hər barelində 6 dollar artım deməkdir. Sanksiyalar fondunda gələn il cənub qonşumuz dünya bazarına gündəlik daha 150 min barel az neft çıxara bilər. Bu isə neft bazarında təklifin hiss ediləcək səviyyədə azalması demək olacaq”.

İqtisadçının sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə bir il öncə 110 milyard dollarlıq silah alveri imzalayan ABŞ administrasiyası neftin dünya bazar qiymətinin yüksəlməsini əvvəlki kimi həssaslıqla qarşılamır:

“Yüksək qiymətlər Ağ Evin Yaxın Şərqdəki silah alıcıları olan müttəfiqlərinin də gəlirlərini artırır. Səudiyyə Ərəbistanı üçün neftin bir barelinin qiymətinin 85 dollar olmasının məqbul hədd sayıldığını nəzərə aldıqda hazırkı qiymət Ər-Riyadın maraqlarına tam uyğun gəlir. İrana tətbiq edilən sanksiyalar Azərbaycana birbaşa və dolayı təsirləri baxımdan da qiymətləndirilməlidir. Belə ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycana daxil olan valyutanın həcminin artmasına gətirib çıxarır”.

Vüqar Bayramov
Vüqar Bayramov

Vüqar Bayramov bildirir ki, rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına görə, neftin 2018-ci ildə bir barelinin orta qiyməti 70 dollar olarsa o zaman Azərbaycan əlavə olaraq 4,282 milyard manat, 75 dollar olarsa isə 5,139 milyard manat gəlir əldə edəcək:

“Bu isə ölkənin daxil olmalarının artması baxımdan vacibdir. Bununla yanaşı, sanksiyaların İran ilə əlaqələrimizə təsir göstərəcəyi gözlənilir. Belə ki, artıq əksər Azərbaycan bankları İran şirkətlərinə pul köçürmələrini dayandırıblar. Sanksiyalar birgə layihələrin də reallaşmasına mənfi təsir göstərə bilər. Bununla yanaşı, sanksiyaların digər ölkələrə təsirləri Avropa Birliyinin mövqeyindən asılı olacaq. Qədim qitə Trampın son addımını dəstəkləməməkdə davam edərsə, o zaman yeni sanksiyalar İran ilə iqtisadi əlaqələrimizə daha az təsir göstərəcək”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da Meydan TV-yə

demişdi ki

, Trampın İranla bağlı bəyanatları neft qiymətinin artmasına səbəb olur.

O, neftin qiymətinin bir müddət artacağını, sonra şok effekti ilə enəcəyini və 70 dollar qədər ucuzlaşacağını düşünür:

“Neftin real qiyməti 65 dollar civarındadır, bundan çox olursa, siyasi amillərin təsirindən qaynaqlanır. Məsələn, 2017-ci ildə neftin 54 dollar idi, amma cari ilin 4 ayının yekunlarına görə orta qiymət 68 dollar olub. Son qiymət artımı Azərbaycanın kifayət qədər gəlirləri olduğunu göstərir”.

İran ilə beynəlxalq vasitəçilər olan “altılıq” arasında (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) 2015-ci il iyulun 14-də İranın çoxillik nüvə probleminin nizamlanması ilə bağlı tarixi saziş imzalanıb və birgə hərtərəfli fəaliyyət planı qəbul olunub. Nəticədə BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı tərəfindən İrana qarşı əvvəllər tətbiq olunmuş iqtisadi və maliyyə sanksiyaları ləğv edilib. ABŞ isə sanksiyaları bir qədər yumşaldıb.

Ana səhifəXəbərlər”İrana qarşı sanksiyalar neft bazarına psixoloji təsir göstərir”