İran və ABŞ: girov böhranı

Böhrandan sonra dindarlar solçuları da darmadağın etdilər və hakimiyyətin şəriksiz sahibi oldular

Foto: Meydan Tv

1979-cu ildə İranda inqilabi dəyişikliklər baş verir. Yanvarın 16-da Məhəmməd Rza şah Pəhləvi ölkəni tərk edir. Son 15 ili qürbətdə keçirən ayətullah Xomeyni fevralın 1-də Tehrana dönür və 10 gün sonra ölkəyə nəzarəti tam əlinə keçirir. Sonralar "İslam inqilabı" adlandırılacaq inqilab qalib gəlir.

Devrilən və qan xərçəngindən əziyyət çəkən şah bir müddət Misirdə və Mərakeşdə, daha sonra Baham adalarında və Meksikada yaşayır. Başına gələnlər keçmiş şahın səhhətini daha da pisləşdirir: o, xərçəngdən əlavə öd kisəsindəki daşlardan əziyyət çəkir, üstəlik, sarılığa yoluxur. Onun təcili müalicəyə, xüsusən də öd kisəsində əməliyyata ehtiyacı yaranır və buna görə ABŞ-a giriş izni üçün müraciət edir.

Şahın müraciəti ABŞ siyasi isteblişmentini parçalayır. Prezident Karter və onun demokrat administrasiyası şahın gəlişinə qarşı çıxır. Dövlət departamenti prezidentə xəbərdarlıq edir ki, şaha icazə verilməsi Tehrandakı ABŞ səfirliyinin tutulmasına səbəb olar bilər (artıq iki dəfə – fevral və sentyabr aylarında – belə cəhdlər olmuşdu).

Lakin siyasi isteblişmentin bir hissəsi, xüsusən də respublikaçılar partiyasının nümayəndələri şaha icazə verilməsini tələb edirlər. ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer və Beynəlxaq münasibətlər üzrə Şura adlı nüfuzlu təşkilatın sədri Devid Rokfeller bu tələbdə xüsusən israr edirlər.

Cimmi Karter və sovet rəhbəri Leonid Brejnev iyunun 18-də Vyanada nüvə silahının istehsalının məhdudlaşdırılması barədə SSM-2 (strateji silahların məhdudlaşdırılması) müqaviləsini imzalamışdılar. Bu müqavilənin konqresdə ratifikasiyası üçün isə respublikaçıların dəstəyinə ehtiyac vardı.

Yaratdığı problemdən dolayı şahın ünvanına bir neçə dəfə ağır söyüşlər söyən Cimmi Karter uzun tərəddüdlərdən sonra oktyabrın 22-də onun ABŞ-a gəlməsinə icazə verdi. Bununla da nəticəsi bu günə qədər özünü göstərən hadisələrin əsası qoyuldu.

***

XX əsrin ortalarına qədər İran ictimai fikrində ən çox nifrət olunan ölkə Böyük Britaniya idi. İkinci dünya müharibəsindən sonra İranda gedən siyasi proseslər, Məhəmməd Müsəddiqin başçılığı altında Milli Cəbhənin yaradılması, hakimiyyətə gəlməsi və İran neftinin milliləşdirməsi məhz Böyük Britaniya əleyhinə əhval-ruhiyyənin təzahürü idi. ABŞ-a münasibət isə əsasən loyal idi.

Lakin 1953-cü ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Müsəddiq hökumətinin devrilməsini həyata keçirdi və bundan sonra real hakimiyyətə yiyələnən Məhəmməd Rza şahın əsas müttəfiqi oldu. İran müxaliflərinə qarşı işgəncələrilə məşhur olan SAVAK adlı gizli polis təşkilatı da amerikalıların köməyilə yaradıldı. Bundan sonra ABŞ İranda ən nifrət edilən ölkələr siyahısında Böyük Brütaniyanı qabaqlayaraq birinci yerə çıxdı.

1976-cı il prezident seçkilərində qalib gələn demokrat Cimmi Karter əvvəlki prezidentlərdən daha çox demokratiya və insan hüquqları məsələsinə önəm verirdi. Onun təzyiqilə İran şahı siyasi məhbusların bir hissəsini azad etdi, Qırmızı xaç komitəsinə həbsxanalara baş çəkmək icazəsi verdi, siyasi basqılar bir qədər azaldı. Buna baxmayaraq, İranda ABŞ-a münasibət kəskin mənfi olaraq qalmaqda idi.

1977-ci ilin son günlərində Karter və xanımı Rozalin qeyri-rəsmi səfərlə Tehranda oldular və Yeni ili burada qarşıladılar. Ziyafətdə dediyi tost zamanı Karter İranı dünyanın ən qeyri-sabit regionlarından birin "sabitlik adası" adlandırdı, əhalinin isə şaha hörmət, heyranlıq və sevgi ilə yanaşdığını vurğuladı. İran televiziyası ilə göstərilən bu çıxış ölkədə ABŞ-a qarşı ikrah hissi doğurdu. Cəmi 8 gün sonra isə Qum şəhərində baş verən hadisələrlə İran qeyri-sabitlik adasına çevrildi.

İslam inqilabının qələbəsindən cəmi 3 gün sonra, 1979-cu ili fevralın 14-də solçu Fədailər təşkilatının nümayəndələri ABŞ səfirliyinə hücum etdilər, pəncərələr gülləbarana tutuldu və əməkdaşlar girov götürüldülər. Lakin liberal Mehdi Bazərganın rəhbərlik etdiyi hökumətin xarici işlər naziri İbrahim Yəzdinin köməyilə səfirlik yenidən amerikalılara qaytarıldı. Bu hadisədən sonra səfirliyin pəncərələrinə gülləkeçirməyən şüşələr salındı, sayı min nəfərə çatan personaldan isə 60-dan bir qədər çox adam qaldı.

Sentyabr ayında isə artıq islamçı tələbələr tərəfindən səfirliyin işğalı planlaşdırılırdı. 23 yaşlı İbrahim Əsgərzadənin rəhbərlik etdiyi qrup bəzi ali din xadimlərinin və səfirliyi qoruyan İran polislərinin də razılığını almışdı. Lakin siyasi səbəblər üzündən bu plan həyata keçirilmədi.

***

Karterin icazəsindən bir neçə gün sonra Məhəmməd Rza şah ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus təyyarə ilə ölkəyə gətirildi və “Wilford Hall Medical Center” adlı hərbi qospitala yerləşdirildi. Müsəddiqin devrilməsi barədə təəssüratların hələ köhnəlmədiyi İranda bu xəbər ABŞ-ın şahı dəstəkləməsi kimi qəbul olundu və etirazlar başladı.

Noyabrın 4-də isə yüzlərlə etirazçı Tehrandakı ABŞ səfirliyinin binasına hücum etdilər və 66 nəfəri girov götürdülər. Səfirliyi tutanların əsas tələbi şahın İrana təhvil verilməsi idi. Vaşinqtonda isə baş verənləri diplomatik immunitet barədə Vyana konvensiyasının pozulması və şantaj kimi qiymətləndirdilər. Bir çoxunun fikrincə, əgər həmin gün Karter sərt mövqe tutub qəti ultimatum versəydi, girovlar tezliklə azad olunacaqdılar. Qeyd etmək lazımdır ki, ABŞ İran diplomatlarına qarşı analoji davranmadı.

İranın milli mənafelərini qorumaq şərtilə Qərb ölkələri, o cümlədən ABŞ-la normal münasibətlərin saxlanılmasının tərəfdarı olan Baş nazir Mehdi Bazərgan və hökuməti bu hadisəni pislədilər. Lakin ali rəhbər Ruhulla Xomeyni səfirliyin tutulmasını "ikinci inqilab" kimi öydü. Ali rəhbərlə fikir ayrılığı üzündən Bazərgan hökuməti noyabrın 6-da istefaya getdi. O zaman İranda xeyli nüfuza malik solçu “Xalq Mücahidləri” təşkilatı isə səfirliyin tutulmasını dəstəklədi.

Hadisələr Karter administrasiyasında da fikir ayrılığı yaratdı. Dövlət katibi Sayrus Vensin rəhbərlik etdiyi tərəf insidentin danışıqlar vasitəsilə həll etməyə tərəfdar idi. Prezidentin milli məsələlər üzrə köməkçisi Zbiqnev Bjezinski isə iranlılarla sərt davranılmasını istəyirdi.

İlk vaxtlarda Vensin xətti qalib gəldi. Prezident Karter İrandan neft alışını dayandırmaqla və ABŞ-da olan 8 milyard dollar (indiki kursla 33 milyarddan artıq) həcmində İran hesablarını dondurmaqla kifayətləndi. Müalicəsi tələm-tələsik yekunlaşdırılan şah dekabrın ortalarında ölkədən çıxarıldı və çətinliklə Panamada sığınacaq tapdı.

İranın da sanki danışıqlara meylli olduğu görünürdü. Noyabrın 19-20-də girovlardan 13 nəfər – 5 qadın, 8 afroamerikalı azad edildi, 53 girov qaldı. Ayın sonlarında yeni xarici işlər naziri təyin olunan Sadeq Qotbzadə də ABŞ-la anlaşma tərəfdarı idi. Yanvarda keçirilən prezident seçkilərində isə inqilabın sekulyar qanadının nümayəndəsi Əbülhəsən Bənisədr qalib gəldi.

1979-cu ilin dekabrında SSRİ-nin Əfqanıstana müdaxiləsi başladı. Bu hadisədən sonra ABŞ Əfqanıstanla həmsərhəd olan İranla münasibətləri normallaşdırmaqda daha maraqlı oldu. Üstəlik, ümid edirdilər ki, sovet təhlükəsi İranı daha üzüyola edəcək. Lakin gözlənilən kimi olmadı.

***

ABŞ səfirliyi geniş ərazidə yerləşən bir neçə binadan ibarət idi. Konsulluq ayrıca binada yerləşirdi və səfirliyə hücum başlanarkən buradakı diplomatlar gizlənməyə cəhd göstərdilər. Konsulluğun 54 yaşlı əməkdaşı Robert Andersin rəhbərlik etdiyi 6 nəfərlik qrup altı gün sürən sərgərdanlıqdan sonra Kanada səfirliyinin əməkdaşı ilə əlaqə saxlaya bildi və onlara sığınmaq icazəsi aldı.

Noyabrın 10-dan etibarən üç diplomat Kanada səfiri Ken Teylorun, digər üç nəfər isə səfirliyin əməkdaşı Con Şerdaunun evində məskunlaşdılar. Kanada hökuməti də olaya anlayışla yanaşdı. Altı diplomatı Kanada pasportu ilə təmin etmək üçün xüsusi fərman verildi.

Bundan sonrasını hazırlamaq Mərkəzi Kəşfiyyat İdarəsinin üzərinə düşürdü. Diplomatların guya Hollivuddan gəldikləri və "Arqo" adlı film çəkməkdən ötrü yer axtardıqları barədə əfsanə yaradıldı. Əfsanənin inandırıcı olması üçün hətta ssenari yazıldı, film haqqında məlumatlar mətbuatda yerləşdirildi. Filmin hətta örtük şəkli də hazırlanmışdı və bir nümunəsi diplomatlara verilmişdi.

Filmi guya Studio Six Productions (altı diplomatın şərəfinə belə adlandırıldı) kinostudiyası çəkirdi. Hər ehtimala qarşı Hollivudda xüsusi ofis tutuldu və bura gələn telefon zənglərinə Studio Six adından cavab vermək tapşırıldı. Kanada pasportlarına giriş üçün saxta İran vizasının vurulması və vizit kartlarının hazırlanması da MKİ-nin öhdəsinə düşürdü.

Amerikalılar ən mürəkkəb variantları fikirləşdikləri halda bəsit bir səhvə yol vermişdilər. Onlar İranda təqvim ilinin martın 21-də dəyişdiyini unutduqlarından vizaların tarixində səhvə yol vermişdilər. Kanada səfirliyinin əməkdaşı bu səhvi gördü. Amerikalıların xoşbəxtliyindən ehtiyat pasportlar vardı və onlara yeni viza möhürləri vuruldu.

Dipomatları xilas etmək üçün Tehrana gələn MKİ əməkdaşı Toni Mendes və 6 diplomat yanvarın 27-də Mehrabad hava limanında yoxlamadan problemsiz keçərək Sürixə uçan təyyarəyə mindilər. Bu hadisələr haqqında 2013-cü ildə "Ən yaxşı film" nominasiyasında Oskar mükafatına layiq görülən "Arqo əməliyyatı" adlı film çəkildi.

***

1980-ci ilin ilk günlərində Sadeq Qotbzadə və Karterin elçiləri arasında Parisdə məxfi danışıqlar başladı. Bir neçə həftə sürən təmaslardan sonra problemin həll edilməsi üçün çoxmərhələli plan işlənib hazırlandı. Amerikalılar çox nikbin idilər. Danışıqlar barədə məlumat mətbuata sızandan sonra məsələyə münasibət bildirən vitse-prezident Uolter Mondeyl giröv böhranının sona yaxınlaşdığını bildirirdi.

Lakin bu zaman məsələyə ayətullah Xomeyni qarışdı və amerikalıların nikbinliyini alt-üst etdi. Ali rəhbər söylədi ki, girovların taleyini hələ mart ayında seçiləcək İran parlamenti həll edəcək. Bu, bir tərəfdən məsələnin həllini uzadırdısa, digər tərəfdən Qotbzadənin Parisdəki razılaşmasını əhəmiyyətsiz edirdi. Xomeyninin bu bəyənatından sonra Bənisədr də əvvəlki mövqeyini dəyişdi.

Məsələ uzandıqca, Karter administrasiyasında güc tətbiqi tərəfdarları çoxalmağa başladı. Girov böhranı bütün dünyada ABŞ-ın nüfuzuna sarsıdıcı zərbə endirirdi. ABŞ-ın özündə də prezidentin nüfuzu aşağı düşürdü. 1980-ci il isə prezident seçkiləri ili idi. Girov böhranını həll etmədən bu seçkilərdə qələbəyə ümid etmək olmazdı.

Hərbçilərin verdikləri rəyə görə, həm havaların sərinliyi, həm də gecələrin uzunluğu baxımından əməliyyatı aprelin sonlarına qədər keçirmək lazım idi. Əks halda noyabra qədər gözləmək lazım gələcəkdi ki, bu zaman da seçkilər artıq baş tutacaqdı.

Aprelin 7-də ABŞ İranla diplomatik əlaqələri kəsdiyini elan etdi. Dörd gün sonra Milli Təhlükəsizlik Şurasının Sayrus Vensin iştirakı və xəbəri olmadan keçirilən toplantısında girovları azad etmək üçün xilasetmə əməliyyatın keçirilməsi qərara alındı. Növbəti məqaləmizdə haqqında ətraflı bəhs edəcəyimiz bu əməliyyata "Qartal caynağı" adı verildi.

Aprelin 25-də Tehrandan təxminən 400 kilometr cənubi-şərqdə, Dəşt-i Kəvir səhrasına təyyarə və helikopterlərlə enən Delta Force qrupundan olan xüsusi təyinatlıların işi əvvəldən düz gətirmədi. Nəhayət, helikopterlərdən birinin yerdəki təyyarə ilə toqquşması nəticəsində 8 hərbçi həlak oldu. Ruhdan düşən amerikalılar digər helikopterləri ataraq təyyarə ilə İranı tərk etdilər.

Güc tətbiqinə üstünlük verilməsi dövlət katibi Sayrus Vensin kəskin etirazına və istefasına səbəb oldu. Bundan sonra amerikalılar onun diplomatiya xəttini Vensin özü olmadan aparmalı oldular. İran isə yeni cəhddən sığortalanmaq üçün girovları ölkənin müxtəlif yerlərinə səpələdi.

***

Səhhəti getdikcə pisləşən Məhəmməd Rza şah Pəhləvi iyulun 27-də Misirin paytaxtı Qahirədə vəfat etdi. Bundan sonra girovların saxlanılması ilk baxışda məntiqsiz bir hadisəyə çevrilirdi. Ancaq İran rəhbərliyinin bir hədəfi qalmaqda idi: ABŞ-dakı prezident seçkiləri.

Cimmi Karter ABŞ tarixində demokratiya və insan hüquqlarına ən çox önəm verən prezident idi. Lakin İslam inqilabının məhz onun dövründə baş verməsi iranlıların ABŞ-a olan nifrətlərinin Karterin şəxsinə yönəlməsinə səbəb oldu. Onun prezident seçkilərində uduzması İranda ən çox arzulanan hadisəyə çevrildi. Bəzi açıqgözlü siyasətçilərin respublikaçıların namizədi Ronald Reyqanın daha sərt xarici siyasət yürüdəcəyi barədə xəbərdarlıqlarına önəm verilmədi.

Girov böhranı ilə həll edə bilməməsi həqiqətən də Karterin nüfuzunun azalmasına və seçkilərdə uduzmasına səbəb oldu. ABŞ səfirliyinin tutulmasından düz 1 il sonra, 1980-ci ilin noyabrın 4-də keçirilən seçkilərdə o, sarsıdıcı məğlubiyyətə uğradı. Yalnız 6 ştatda və Vaşinqton dairəsində qalib gələn Karter cəmi 49 seçimçinin səsini qazandı. Onun rəqibi Ronal Reyqan isə 34 ştatda qalib gəldi və 489 seçimçinin səsini qazanaraq əzici qələbə çaldı.

1981-ci il yanvarın 19-da Əlcəzairdə girovların azad edilməsi barədə İran və ABŞ arasında razılaşma imzalandı. Müqavilənin əsas şərtləri aşağıdakılar idilər: – ABŞ İranın daxili işlərinə qarışmayacaq; – İranın dondurulmuş bank hesablarını açacaq və ticari sanksiyaları ləğv edəcək; – Hər iki tərəf qarşılıqlı ittihamların həlli üçün arbitraj məhkəməsinin yaradılmasına razılıq verəcək; – İran ABŞ-a olan borclarını ödəyəcək.

Ertəsi gün, yanvarın 20-də Ronald Reyqanın andiçmə nitqinin bitməsindən bir neçə dəqiqə sonra İran 52 girovu (bir girov xəstəliyi üzündən daha əvvəl azad edilmişdi) azad etdi. Mehrabad hava limanında təyyarəyə mindirilən girovlar pilotun İran ərazisini tərk etmələri barədə elanından sonra ağlamağa, qucaqlaşmağa başladılar. 444 gün sürən və tarixdə ən uzun girov böhranı olan insident beləcə başa çatdı.

***

İran bu insidentdə qalib kimi göründü. Amma daha dərindən baxsaq, İranın da qazanmadığını, əksinə itirdiyini görərik. Girov böhranı Mehdi Bazərgan, Sadeq Qotbzadə, Əbülhəsən Bənisədr, ayətullah Şəriətmədari kimi mötədil siyasətçilərin, İran Azadlıq Hərəkatı, Milli Cəbhə kimi təşkilatların dindarlara və solçulara məğlubiyyətinə səbəb oldu. Böhrandan sonra dindarlar solçuları da darmadağın etdilər və hakimiyyətin şəriksiz sahibi oldular.

İranın beynəlxalq nüfuzuna ciddi ziyan dəydi və ölkə siyasi izolyasiyaya düşdü. 1970-ci illərdə İranın əsas hərbi təchizatçısı olan ABŞ-la münasibətlərin pisləşməsi İraq prezidenti Səddam Hüseyni öz qonşusuna qarşı müharibəyə həvəsləndirdi. İki-üç ölkənin minimal yardımını nəzərə almasaq, İran bu səkkizillik müharibəni təkbaşına və öz resursları hesabına aparmalı oldu, bunun da bədəli çox ağır oldu.

Üzərindən həbs götürülən hesablardakı vəsaitin böyük əksəriyyəti isə İranın ABŞ-a olan borclarına getdi.

Müsəddiq hökumətini devirən "Ayaks" əməliyyatından 26 il keçirdi və iranlıların öz daxili işlərinə yeni müdaxilədən qorxularını anlamaq mümkündür. Lakin bu qorxu əsassız idi. ABŞ rəhbərliyinin İranda monarxiyanı bərpa etmək barədə heç bir planı və arzusu mövcud deyildi.

Ana səhifəXəbərlərİran və ABŞ: girov böhranı