İran, Turan, quran, yaradan və dağıdan

İrana şans verildi, Azərbaycan isə uduzdu…

Source:

ABŞ  və AB rəsmi şəkildə İran üzərindən 2005-ci ildən tətbiq olunan sanksiyaları götürdü. Bu o deməkdir ki, neftin qiymətinin qısa müddətdə barrel üçün $20 və ondan da aşağı düşməsi artıq çox realdır. Bu heç su qiyməti də deyil. Çünki su daha bahadır. Niyə məhz neftin bu qiymətində? Ümumiyyətlə, niyə sanksiyalar götürülür?

Əvvəla onu deyim ki, son hadisələrin fonunda “mason nəzəriyyəsi”nə ciddi şəkildə inanmağa başlamışam. Bəli, nəhayətdə masonlar var. Özü də deyildiyi kimi ABŞ-da. Daha doğrusu, ABŞ tamamilə masonlardan ibarətdir. Məndən olsa, ABŞ-ın adını dəyişib, MBŞ edərdim – Mason Birləşmiş Ştatları.

Amerika cəmiyyəti, siyasəti, iqtisadiyyatı, elmi, incəsənəti ilə bütünlükdə masonlardan ibarətdir. Bu masonlar dünyanın, insan sivilizasiyasının gələcək müqəddəratını müəyyən edir, bizim bir növ kimi sağ qalmamız barədə düşünürlər.

Unutmayın ki, insan sivilizasiyası artıq yüz ilə yaxındır ki, tamamilə özünü və yaşadığı planeti məhv etmək gücünə sahib olub. Bundan başqa biz təbiət qarşısında da çox gücsüzük. İstənilən orta ölçülü meteorit, güclü günəş tufanı, və ya iri vulkan püskürməsi biz daxil bütün canlıları yer üzündən silə bilər.

Son 150 ildə elmdə edilən kəşflərin sayı və əhəmiyyəti ona qədər olan insanın mövcud olduğu 200 min ildə edilən kəşflərin sayı və əhəmiyyətindən qat-qat çoxdur. Bu kəşflərin mütləq əksəriyyəti isə məhz ABŞ-da baş verib və indi də orada həyata keçir. Amerika insan sivilizasiyasının gələcəyi üçün o qədər əhəmiyyətli işlər görüb ki, indi həmin sivilizasiyanın müqəddəratını müəyyən etməyə tam haqqı və gücü çatır.

Mən qəbul edə bilərəm ki, son zamanlar dünyada baş verən hadisələrdə ABŞ-ın əli var. Lap durmadan səsləndirilən və bizimkilərin xüsusilə sevdiyi  bu ehtimalları da hardasa qəbul edə bilərəm ki, İŞİD də, ƏL-Qaidə də elə ABŞ-dakıların təşəbbüsü ilə yaranan təşkilatlardır və məqsədləri də əsl İslamı gözdən salmaqdır. Tutaq ki.

Müasir cəmiyyətdə mübahisələr yerin düz ya kürə formasında olması, insanın adəm və həvvadan və ya hominidlərdən yaranması müstəvisində olmamılıdır. Bu mərhələ artıq çoxdan geridə qalıb və sivilizasiyanın inkişafı üçün nəinki xeyirli deyil, hətta ziyanlıdır.

Mübahisələr insanın yaşaya biləcəyi ən yaxın planetə ən tez hansı yolla çatmağın mümkünlüyü, xərçəngin müalicəsində ən effektiv üsulun hansı yolla tapılması, süni intellektin yaradılmasında qarşılaşa bilinəcək problemlər müstəvisində olmalıdır. Geniş anlamda doqmatik cəmiyyətlərlə bu səviyyəli söhbətlər sadəcə mümkünsüzdür.

Qayıdaq İrana. Bu ölkəyə qarşı sanksiyaların götürülməsi əlbəttə ki, neft qiymətlərinin daha da aşağı salınması üçün vacibdir. Səbəb birinci növbədə Rusiyadır. Çünki bu ölkə son 44 illik tarixi ilə sübut etdi ki, islaholunmazdır. Orda gedən prosesslər isə bütün bəşəriyyət üçün çox təhlükəlidir.

Hər şey 1972-ci ildə Sibirdə çox zəngin neft yataqlarının kəşf olunması ilə başladı. Bundan istifadə edən “masonlar” dərhal dünya bazarında neftin qiymətlərini qaldırdılar. Plan çox sadə idi. Əgər SSRİ bundan düzgün istifadə etsə, islahatlara getsə, bu nəhəng pullarla normal bazar iqtisadiyyatına, bunun ardınca mərhələli şəkildə cəmiyyətin demokratikləşməsinə getsə, qərb SSRİ-nin timsalında özünə böyük və çox əhəmiyyətli tərəfdaş qazanacaq, yox əgər asan yolu seçsə, neft pullarından başı gicəllənsə, heç bir islahata getməsə, hər şeyi pulla həll eləsə, onda neft narkotikinə oturacaq və tamamilə bu “qaraya” oturandan sonra neftin qiymətlərini kəskin endirməklə ölkəni iflic etmək mümkün olacaq.

SSRİ ikinci yolu seçdi və bir dövlət kimi mövcudluğuna son verdi. Onun yerində yaranan ən böyük dövlət – Rusiyaya isə yenidən şans verildi. Amma Rusiya da SSRİ-nin çox yaxında etdiyi səhvi təkrarladı. Ona görə də, biz indi ola bilsin, Rusiyanın bir dövlət kimi süqutu prosesinin seyrçiləriyik.

Yuxarıda dediklərim aşağı-yuxarı Azərbaycana da aiddir. Amma Azərbaycan o qədər balaca və geosiyasət üçün əhəmiyyəti az ölkədir ki, “mason məllimlər” onunla xüsusi məşğul olmurlar. Azərbaycanda baş verənlər həqiqətən də, İlham Əliyevin dediyi kimi, dünyada gedən prosseslərin nəticəsidir.

İrana isə bu şans indi verilir. Amma bu ölkədə hökm sürən ideologiyanın xüsusiyyətlərini nəzərə alaraq, neftin 30 dollardan aşağı qiymətlərində verilir ki, çox da tez güclənə bilməsin. İranın da bu şansdan necə istifadə edəcəyi onun gələcəyini müəyyən edəcək.

Azərbaycan isə öz şansını səhv istifadə etməklə itirdi -uduzdu. Təəssüf.


Yazı müəllifin şəxsi mövqeyini ifadə edir…

Ana səhifəMənim Fikrimcəİran, Turan, quran, yaradan və dağıdan