6 nəfərlik qrup Azərbaycana narkotik maddələr keçirmək istəyib
Azərbaycan-İran sərhədində martın 12-də saat 00:07 radələrində növbəti atışma olub.
Məlumatı
Dövlət Sərhəd Xidməti
yayıb.
Bildirib ki, Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxslər müşahidə olunub:
“Sərhəd naryadı tərəfindən verilən “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları odlu silahdan atəş açıblar. Cavab atəşi ilə sərhəd pozucularından biri öldürülüb. Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq ərazinin mürəkkəb relyefindən və havanın qaranlıq olmasından istifadə edərək geri qaçıb”.
Zərərsizləşdirilmiş sərhəd pozucusunun yaxınlığında əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd 12 mm çaplı ov tüfənginin patronları və gilizlər aşkar olunub.
Son aylar İran tərəfindən sərhədin qeyri-qanuni yollarla keçmə və narkotik daşıma cəhdlərinin sayı artıb.
Martın 10-da
“Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhdin qarşısı alınması zamanı kiçik çavuş Səxavət Füzuli oğlu Məmmədov həlak olub.
Bundan başqa İran tərəfdən sərhədin müxtəlif istiqamətlərində fevralın 11, 23 və 26- da analoji cəhbdlər olub.
Fevralın 11-də baş verən hadisə zamanı sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseynqulu oğlu öldürülüb.