İran Suriya daxilində Türkiyə hərbi postlarının qurulmasını istəmir

“Biz Ankaranın Suriyada hərbi postlar qurmasına qarşıyıq … Suriyanın bütövlüyünə hörmət edilməlidir”.

Source: Foto: Meydan TV


Abbas Mosavi: “Suriya ilə Türkiyə arasındakı məsələlər diplomatik yolla həll edilməlidir”

İran Suriyanın daxilində türk hərbi postlarının qurulmasına qarşıdır və deyib ki, iki ölkə arasındakı mövcud sərhədlərə hörmət edilməlidir, – “Reuters” xəbər verir.

Dövlət televiziyasında yayımlanan həftəlik mətbuat konfransında çıxış edən İranın Xarici İşlər Nazirliyinin sözcüsü Abbas Mosavi Suriya ilə Türkiyə arasındakı məsələlərin diplomatik yolla həll edilməli olduğunu deyib:

“Biz Ankaranın Suriyada hərbi postlar qurmasına qarşıyıq … Suriyanın bütövlüyünə hörmət edilməlidir”.

Keçən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd qüvvələrinin Suriyanın şimal-şərqində kürdlərin ələ keçirdikləri bölgələrdən geri çəkilməsi üçün vaxt verib və bu məqsədlə döyüşləri müvəqqəti dayandırıb.

Oktyabrın 22-də möhlət müddəti bitib. Suriyalı kürd hərbçilər Türkiyə rəhbərliyindəki ərazilərdən kürd qüvvələrinin və sivil əhalinin çıxmasına icazə verəcəyi təqdirdə ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəsə əməl etmək üçün Suriyanın şimal-şərqindəki sərhəd bölgəsindən çıxmağa hazır olduqlarını deyib.

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu oktyabrın 20-də deyib ki, Ankara planlaşdırılan “təhlükəsiz bölgədə” bir kürd silahlısının qalmasını belə istəmir. O əlavə edib ki, Türkiyə bu məsələni Suriya prezidenti Bəşər Əsəd qüvvələriylə birlikdə Rusiya ilə müzakirə edəcək.

Ərdoğanın oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putinlə Rusiyanın Qara dəniz kurort mərkəzi Soçidə görüşəcəyi planlaşdırılır.

Döyüşlərin getdiyi şəhərləri indiyədək minlərlə dinc sakin tərk edib.

NATO üzvü olan Türkiyə tərəfindən edilən hücum beynəlxalq qəzəbə səbəb olub. Avropa Ankaraya silah embarqosu tətbiq etməyə hazırlaşarkən ABŞ prezidenti Donald Tramp Türkiyənin iqtisadiyyatına zərbə vuracağı ilə təhdid edib.

Çoxu hesab edir ki, Tramp ABŞ qüvvələrini Suriyanın şimal-şərqindən çıxarmaqla Türkiyə hərbi əməliyyatlarına yaşıl işıq yandırıb.

Tənqidçilər Trampın qərarını ABŞ-ın müttəfiq kürdlərə xəyanəti kimi xarakterizə ediblər və deyiblər ki, türkiyənin hərbi əməliyyatları kürd savaşçıları tərəfindən saxlanılan minlərlə İŞİD məhbusunun həbsxanalardan qaça bilməsinə səbəb ola bilər. Onlar bunu böyük narahatlıq adlandırıblar.

ABŞ-ın vitse-prezidenti Mayk Pensin elan etdiyi sazişə əsasən döyüşlər beş gün müddətinə dayandırılmalı və ABŞ kürd qoşunlarının Türkiyənin sərhəd boyu qurmağa çalışdığı “təhlükəsiz zonadan” çıxarılmasına kömək etməlidir.

Ərdoğan kürdlərin geri çəkilməsinin oktyabrın 22-nə qədər başa çatmadığı təqdirdə müharibəni buraxdıqları yerdən yenidən davam etdirəcəyini və terrorçuların başlarını əzməyə davam edəcəyini qeyd edib.

Ana səhifəDünyaİran Suriya daxilində Türkiyə hərbi postlarının qurulmasını istəmir