İran Məhsa Amininin məzarına ziyarəti əngəlləyib

Illustration: Meydan TV

İranın təhlükəsizlik qüvvələri Məhsa Amininin vəfatının üçüncü ildönümündə onun dəfn olunduğu Ayçi qəbiristanlığına gedən yolları bağlayıb.

Məhsa Amini 2022-ci il sentyabrın 13-də hicab qaydalarını pozma ittihamı ilə İranda əxlaq polisi tərəfindən həbs olunub və üç gün sonra xəstəxanada vəfat edib. 

Onun ölümü İranda kütləvi etirazlara səbəb olub. Etirazlar zamanı qadınlar məcburi hicab qaydalarına qarşı çıxaraq hicablarını çıxarıb, dini lider Ayətullah Əli Xameneiyə qarşı şüarlar səsləndiriblər. 

Hökumət etirazlara sərt cavab verib və nəticədə 500-dən çox insan öldürülüb, 20 mindən çox adam həbs olunub.

Ziyarətçilərin qəbiristanlığa daxil olaraq Amininin məzarını ziyarət etməsinə imkan verilməyib. Hətta ailə üzvlərinə də məzarı ziyarət etmək yasaqlanıb.

Onun ailəsinə yaxın mənbə AzadlıqRadiosunun fars xidmətinə (Radio Fərda) deyib ki, İranın Kürdüstan vilayətində, Saqqezdə kəşfiyyat rəsmiləri Məhsanın atası Əmjad Aminini çağıraraq tədbir keçirməməklə bağlı xəbərdarlıq ediblər.

Bildirilir ki, hətta qəbiristanlığa aparan yolu bağlamaq məqsədilə yaxınlıqdakı su anbarından Saqqezə əlavə su buraxaraq, bu çayın daşmasına səbəb olublar.

“Human Rights Watch” təşkilatı Amininin ölümünün ildönümü ilə bağlı açıqlamasında bildirib ki, İran hakimiyyəti “Qadın, Həyat, Azadlıq” hərəkatı zamanı baş verən insan hüquqları pozuntularına dair hələ də səmərəli və müstəqil istintaq aparmayıb.

“Zorakılığa məruz qalmış qurbanların və onların ailələrinin ədalət əldə etmək ümidi yoxdur, çünki məsuliyyət daşıyan şəxslər özləri bu cinayətlərdə iştirak edib və günahkarları qoruyurlar”, – Təşkilatın İran üzrə baş tədqiqatçısı Bahar Səba deyib.

Ana səhifəDünyaİran Məhsa Amininin məzarına ziyarəti əngəlləyib