Məhəmməd Rəsulof səbəb göstərilmədən ölkədən çıxışına qadağa qoyulduğunu deyir
İranlı kinorejissor Məhəmməd Rəsulofun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.
Rejissor açıqlamasında deyib ki, İran hakimiyyəti heç bir səbəb göstərmədən ona münsiflər heyətində iştirak etmək üçün Kann Film Festivalına getməyə icazə verməyib.
2022-ci il mayın 23-də İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində 41 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra ölkədə etirazlar başlamışdı.
Məhəmməd Rəsulof isə İran təhlükəsizlik qüvvələri və hərbçilərinə etirazçılara qarşı güc tətbiq etməməyi xahiş edən petisiyanı imzaladıqdan sonra 2022-ci il iyulun 8-də saxlanılmışdı.
“Evin” həbsxanasında yeddi ay saxlanılan rejissor səhhəti ağırlaşdığına görə 2023-cü ilin fevralında müvəqqəti olaraq həbsdən buraxılıb.
Mayın 16-da başlayan Kann Film Festivalı bu ayın 27-dək davam edəcək.