”İran gəncliyi maşınlarda yaşayır”

Neçirvan Baldar
Neçirvan Baldar



Neçirvan Baldar: ”İran dünyaya beyinlər bəxş edir”


İran bizim üçün ziddiyyətli ölkədir. Bir tərəfdən insanlarımızın şəfa üçün axışdığı, digər tərəfdən də şəriətlə idarə olunan, insanların davranışlarına çoxlu məhdudiyyət qoyan ölkədir. İranda həyat necədir? Bu ölkədə gənclik necə yaşayır? Şəriətin haram buyurduğu şeylərdən istifadənin cəzası nədir? Bu ölkənin vətəndaşları informasiyanı hardan alır? Bütün bu suallarımızın cavabını iranlı, kürd əsilli aktivist Neçirvan Baldardan almağa çalışırıq.


Neçirvanın 27 yaşı var. O, İranın Urmiya şəhərində, kürd əsilli ailədə böyüyüb. İranda fars dilində təhsil alıb. Neçirvan fars, kürd, türk, ingilis dillərində sərbəst, ərəb dilində isə müəyyən qədər danışır. O, gənc yoldaşları ilə dini tənqid etdiyinə, ateist fikirlərə sahib olduğuna və bu fikirləri yaydığına görə öz vətənində mürtəd elan edilib. Bunun cəzası isə edamdır. Lakin Neçirvan İranı tərk edə bilib.


– Neçirvan, İran barədə məlumatlar çoxdur. Amma bu ölkənin gəncliyinin həyatı, dini siyasətin özəllikləri barədə ziddiyyətli məlumatlar var. Bizə maraqlıdır, İranda bir gəncin sevgi, əyləncə, sosial həyatı necə keçir?

– Bizim çox seçimimiz yoxdur. Gənclər adətən tanış olmaq, qızlı-oğlanlı söhbət etmək üçün partilər təşkil edir. Burda qızlar və oğlanlar tanış olur, bir-birinə nömrə verir. Duspesəri (oğlan sevgili) və dusduxtəri (qız sevgili) olurlar. Musiqi dinləyir, söhbət edir, bəzən içki içirlər. Amma təbii ki, gizli şəkildə. Əgər polisə xəbər verilsə, order alıb, evdə axtarış apara bilərlər. İçki və qızlı-oğlanlı məclisləri görsələr, həbs və cəza verə bilərlər.


– Bu cəzalar adətən nədən ibarət olur?

– Müxtəlifdir. İki gün həbs cəzası var, valideynlərinin evini zamin ala bilərlər ki, bir daha belə şey etməyəsən. Amma adətən valideyn varlıdırsa, ya haradasa nüfuzlu tanışı varsa, tez məsələni həll edir və o dəqiqə uşağını ordan çıxarır. Ümumiyyətlə, İranda siyasi günahlar istisna olunmaqla, qalan qanun pozuntularının cəzasından pul verib qurtulmaq mümkündür. Çox adam da bundan istifadə edir. İçki içmək, küfr danışmaq, ziyafət məclisi təşkil etmək, hamısı puluna minnətdir. Pulun varsa, verib cəzadan qurtaracaqsan.


– Bəs içkini necə əldə edirlər?

– Özləri hazırlayanlar var, qaçaq yolla gətirilir, gizlin satılır. Araq içməyin ən geniş yayılmış üsulu maşında içməkdir. Qadağan olunmuş çox şeyin həyata keçirilməsi maşında baş tutur. Sevişmək, araq içmək, ateist söhbətlər etmək… Çoxu maşında baş tutur. Hətta bizdə bir zarafat var ki, İran gəncliyi maşınlarda yaşayır.


– “Ateist söhbətlər” deyəndə nəyi nəzərdə tutursunuz? Yəni İranda qanunla inancsızlıq qadağandır?

– İki yanaşma var. Bir odur ki, sən xristiansan, ki ona biz İranda “Məsihilər” deyirik. Onda sən İsadan döndün, ya dönmədin, elə bir fərq yoxdur. Amma müsəlman olub, dinindən dönənin cəzası edamdır. İranda müsəlman ailəsində dünyaya gələn hər kəs müsəlman hesab olunur və mürtədlik edib, dinindən dönərsə, ateist olarsa, rəsmi cəzası edamdır. Təbii ki, çox vaxt ateistlər bu barədə danışmırlar, xüsusilə də yad adamların yanında. Polis və ya qurumlar da biləndə ki, filankəs Məhəmmədin şəirətinə inanmır, çox vaxt göz yumurlar. Amma ateizm təbliğatı aparanların xilası yoxdur. Nə rüşvətlə, nə də digər şeylərlə qurtulmaq mümkün deyil. Məsələn, mən neçə qohumum, dostlarımla söhbətlər eləmişdim. Müxtəlif dinləri, onların yaranma tarixlərini, motivlərini, zamanlarına görə vacibliyini izah etmişdim. Belə söhbətlərdən sonra onlar ateist olmuşdular. Bəziləri isə polisə xəbər vermişdi ki, mən ateizm təbliğatı aparıram. Bunun isə cazası ölümdür.

Neçirvan Baldar
Neçirvan Baldar


– Qadın haqları barədə də xeyli ziddiyyətli fikirlər var. Kimlərsə onların heç haqları olmadığını deyir, kimlərsə düşünür ki, İran qadınları kifayət qədər azaddırlar.

– İndi İran qadınının ən böyük dərdi baş örtüyüdür. Baş örtüyü olmadan küçəyə çıxan qadın həbsə, işgəncəyə məruz qalır. İran qadınları isə kifayət qədər hökmlü, yenilikçi, müasirdirlər. Xüsusilə böyük şəhərlərdə. Onlar baş örtüsü taxmaq istəmirlər. Amma şəriət onları buna məcbur edir. İkinci ən böyük bərabərsizlik iş yerlərindədir. Qadının karyera qurması çox çətindir. Yüksək vəzifələrə sahib olması isə demək olar ki, mümkün deyil. Qeyri-rəsmi qanuna görə, məsələn, nazir kimi yüksək çinlərə ancaq şiəliyə etiqad edən və kişi cinsindən olanlar iddia edər. Qadınların, etnik və dini azlıqların, homoseksualların, – biz onlara həmcinsbaz deyirik -yüksək vəzifələrdə təmsilçiliyi qeyri-realdır.Yeri gəlmişkən, homoseksuallar da İranda ən çox əziyyət görən kəsimdir. Həyat tərzləri üzə çıxarsa, cəzaları edamdır. Bəzən edam etməsələr də, həbsxanalarda işgəncə və zorlamaya məruz qalırlar. Ümumiyyətlə, İran hökuməti homoseksualların haqları məsələsi gündəmə gələn kimi, deyirlər ki, bizdə homoseksual yoxdur. Hətta bir dəfə keçmiş prezident Mahmud Əhmədinejat Amerikaya səfəri zamanı demişdi ki, həmcinsbaz nə olan şeydir, bizdə elələri yoxdur. İranda fars, türk, türkmən, bəluç, kürd yaşasa da, karyera qurmaq şansı daha çox farslardadır. Çünki evdə öz ana dillərində danışan digər millətlər məktəbə farsca başlayanda, təbii ki, geridə qalırlar. Və yaxşı savadlana, təhsil ala bilmirlər. Öz dillərində isə təhsil almaq hüquqları yoxdur. Öz dillərində televiziya kanalı, qəzet açmaq hüququ yoxdur.



İranda insanların maariflənməsi əsasən necə baş verir? Lisey və universitetlərdən kənar mühiti nəzərdə tuturam…

– Əsasən “Radio-Fərda” (Azadlıq Radiosu), “Sədayi Amerika” radioları çox məşhurdur. Alternativ infromasiya mənbələri əsasən bunlardır. “Sattelit” üzərindən İsrail, Türkiyə kanalarına baxa bilirlər və bu kanallar İranda kifayət qədər məşhurdur. Ölkənin öz televiziyaları yayım siyasətinin böyük hissəsini dini verilişlər, şəriəti məsələlər üzərindən qurur. Əyləncə də yoxdur, maarifçilik də. Mən humanist filosofların varlığından ölkədən çıxandan sonra xəbər tutmuşam. Heç vaxt kitab dükanlarında dinə aidiyyatı olmayan əsərlər görməmişəm. Təbii, ingilis dili bilən elita bu kitabları ingilis dilindən oxuyur, varlı ailələr haradansa tapır. Amma kasıbsansa, dünyəvi dillərdən birini bilmirsənsə, informasiyaya çıxışın da azdır. Bir misal çəkim, əyalətdə yaşayan adamların çoxu heç məzarı İranın Nişapur şəhərində olan Ömər Xəyyamı tanımırlar. Çünki onun əsərlərində içki, məclis var. İran televiziyaları onun adını çəkmir. Halbuki, dünyada ən çox tanınan şərqli Ömər Xəyyamdır.


– Nəçirvan, İranı bir cümlə ilə necə təsvir edərsiniz? Nədir sizin üçün İran?

– Elə ölkələr var, dünyaya terror bəxş edib. Elə ölkələr var, dünyaya tiryək verir. Elə ölkələr var, dünyaya zəngin mədəniyyət bəxş edir. İran isə dünyaya beyinlər bəxş edir. Amma kədərlisi budur ki, həmin beyinlər bir daha o ölkəyə qayıtmayacaqlar…

Ana səhifəVideo”İran gəncliyi maşınlarda yaşayır”