İran Azərbaycan səfirliyinin açılmasına ümid edir

Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian. Foto: XİN

Kənani bu prosesi arzuolunan və perspektivli sayır

Rəsmi Tehran Bakının İrandakı səfirliyinin fəaliyyətə başlayacağına ümid edir.

Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi mətbuat konfransında danışıb.

Atılan addımlar nəticəsində Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpa olunmasının şahidi olacağımıza ümid edirik”, – deyə Kənani bildirib.

Kənani sentyabrın 17-də İran və Azərbaycan xarici işlər nazirləri – Hüseyn Əmir Abdullahiyan və Ceyhun Bayramov arasında baş tutan telefon danışığında müzakirə olunan məsələləri şərh edərkən belə deyib.

O bildirib ki, nazirlər iki ölkə arasında ikitərəfli münasibətləri, iqtisadi əlaqələri və regional vəziyyəti müzakirə ediblər.

Kənani aparılan müzakirələr fonunda səfirliyin açılmasını arzuolunan və perspektivli sayır.

Sentyabrın 17-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Ceyhun Bayramov arasında telefon danışığı olub.

Nazirlər iki ölkə arasında münasibətləri müzakirə edib, xüsusilə də iqtisadi sahədə edilən razılaşmalara toxunublar.

Telefon danışığı zamanı iqtisadi və siyasi sahədə hər iki ölkənin nümayəndə heyətlərinin fikir mübadiləsi aparması, həmçinin iki ölkə rəsmilərinin görüşləri də daxil olmaqla, əlaqələrin perspektivi ilə bağlı  razılaşmalar əldə edilib.

Xarici işlər nazirləri Qafqazdakı son hadisələri, o cümlədən Qarabağdakı vəziyyəti, Ermənistan-Azərbaycan sərhədlərindəki mövcud durumu araşdırmağın vacibliyini vurğulayıblar.

İran XİN hesab edib ki, kənar müdaxilələr regionda vəziyyəti daha da mürəkkəbləşdirib. Ona görə də bu məsələlər dialoq yolu ilə həll edilməlidir.

Tərəflər həmçinin regional və beynəlxalq forumlarda əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi də aparıblar.

İranla Azərbaycan arasında nə baş verib?

Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.

Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.

Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.

Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.

Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyyə edilib və səfirliyin fəaliyyəti dayandırılıb.

Ana səhifəSiyasətİran Azərbaycan səfirliyinin açılmasına ümid edir