İran prezidenti Həsən Ruhani (Hassan Rohani) İranın cənub-şərqində İran İslam İnqilabçı Qulları Korpusunun (IRGC) 27 üzvünün ölümüylə nəticələnən intihar hücumuna görə ABŞ və onun regional müttəfiqlərini günahlandırıb.
Ruhani febralın 14-də “bu cinayət Ağ Evdə, Tel-Əvivdə və onların bölgədəki tərəfdarlarının qara siyahısında çirkin bir ləkə olaraq qalacaq,”- deyib. Ruhaninin nitqi İran təhlükəsizlik qüvvələrinin yaxın illərdə ən ölümcül hücumundan bir gün sonraya təsadüf edir.
İRGC söyləyib ki, 13 fevralda intihar bombası partlayıcı maddə olan bir vasitəni Sistan-Bəluçistan vilayətində qoşunlarını daşıyan bir avtobusa sürüb.
Hücumun məsuliyyətini Ədalət ordusu (Jaish al-Adl) adlı militant sünni müsəlman separatçı qrup üstlənib.
Bu qrup deyir ki, onlar İranın etnik Bəluç azlıqları üçün daha böyük hüquqlar və daha yaxşı həyat şəraiti axtarırlar.
Sistan-Bəluçistan İranın Pakistan və Əfqanıstan ilə sərhədləri yaxınlığında yerləşən, döyüşən qruplar və narkotik qaçaqmalçıların tez-tez fəaliyyət göstərdiyi qeyri-sabit bir ərazidir. Əyalətdə sünni müsəlman etnik bəluçlar yaşayır.
Tehran, ABŞ, İsrail və ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanını İran təhlükəsizlik güclərinə qarşı hücumlarını həyata keçirən sünni milis qruplarını dəstəklədikləri üçün dəfələrlə günahlandırıb. Onlar ittihamları rədd edirlər.
Ruhani İranın qonşularını “qanuni məsuliyyətlərini” qəbul etməyə və “terroristləri” öz ərazilərindən hücum hazırlamaq üçün istifadə etməməyə çağırıb.
“Əgər bu davam edirsə və onlar terroristləri dayandıra bilmirlərsə, beynəlxalq hüquqa əsaslanaraq biz müəyyən hüquqlara sahibik və vaxtında bunun üzərinə hərəkətə keçəcəyik”, – deyə İran prezidenti bildirib. O, bu fikrin üzərinə heç bir əlavə etməyib.
Ruhani bu fikirləri Tehranın Mehrabad hava limanında, Suriya mövzusunda Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın Soçi şəhərində görüşmək üçün gedərkən deyib.
İranın dövlət televiziyası bildirib ki, Ali Rəhbər Ayətullah Əli Xameney hücumun məsul şəxslərinə qarşı təcili tədbirlər görülməsini əmr edib.
“Bu cinayətlə bəzi regional, beynəlxalq casusluq və kəşfiyyat orqanları arasında bir əlaqə var,”- deyə Xameney qeyd edib.