İran ABŞ-ni qonşu ölkələrdəki bazalarına zərbələr endirəcəyi ilə bağlı təhdid edir

ABŞ-İran. Foto: tunasalmon/shutterstock

Vaşinqton İrandakı etirazlara müdaxilə edərsə, Tehran ABŞ-nin qonşu ölkələrdəki bazalarına zərbələr endirəcək.

Bunu yanvarın 14-də “Reuters”ə İranın yüksəkvəzifəli rəsmisi deyib.

Agentliyin mənbəsinin sözlərinə görə, Tehran regiondakı bir sıra dövlətlərə, o cümlədən Səudiyyə Ərəbistanına, BƏƏ-yə və Türkiyəyə müvafiq siqnallar göndərib. Mənbə bildirib ki, ABŞ bu ölkələrdə İrana qarşı hər hansı hərəkət edərsə, həmin ölkələrdəki Amerika hərbi obyektləri hədəfə çevriləcək.

“Reuters”ə danışan rəsmi deyib ki, İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff arasında birbaşa əlaqələr gərginliyin artması fonunda dayandırılıb.

ABŞ İranda etirazların zorakılıqla yatırılması fonunda bu ölkəyə qarşı bir neçə fəaliyyət variantını nəzərdən keçirir. Donald Tramp administrasiyası ABŞ-nin İrana qarşı hansı hərbi addımları hazırladığını dəqiqləşdirməyib. “The Wall Street Journal”ın məlumatına görə, mümkün variantlar arasında hərbi zərbələr, kiberhücumlar və yeni sanksiyalar da var. Amerikalı rəsmilərin sözlərinə görə, Tramp hələ yekun qərar qəbul etməyib və məsələnin necə həll olunacağını müşavirləri ilə müzakirə edir. Bununla yanaşı, ABŞ öz vətəndaşlarını və müttəfiq ölkələrin vətəndaşlarını İranı tərk etməyə çağırır.

Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 14-də İrandan həmkarı Abbas Əraqçi ilə telefon danışığında regiondakı gərginliklərin həlli üçün danışıqların zəruriliyini vurğulayıb.

İranda etirazlar 2025-ci ilin dekabrının sonunda, İran rialının kəskin dəyər itirməsi və qiymətlərin artmasından sonra başlayıb. Əvvəllər Tramp bir neçə dəfə bildirib ki, əgər ölkə hakimiyyəti etirazçıları öldürməyə başlasa, İrana zərbə endirmək imkanını nəzərdən keçirə bilər. O həmçinin İranla ticari əlaqələr quran ölkələrdən idxal edilən məhsullara 25%-lik gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.

ABŞ-də yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) yanvarın 13-də bildirib ki, iğtişaşlar nəticəsində ümumi ölüm sayı 2 571-ə çatıb. Onlardan azı 2 400-ü etirazçı, 147-si hökumətə bağlı şəxsdir. Habelə 12 uşaq və 9 digər şəxsin öldüyü təsdiqlənib. 18 434 nəfər həbs olunub, 1 134 nəfər isə ağır yaralanıb. 

Ana səhifəDünyaİran ABŞ-ni qonşu ölkələrdəki bazalarına zərbələr endirəcəyi ilə bağlı təhdid edir