ABŞ və İsrailin İranı hədəfləyən hərbi əməliyyatlarının beşinci günündə regional qarşıdurma daha da genişlənib.
Müharibə artıq İranla ABŞ və İsrail arasında məhdudlaşmır, prosesə regional qüvvələr də cəlb olunur. “Hizbullah” İsrailə raket və dron hücumları ilə ikinci cəbhəni açıb, İsrail da cavab zərbələri endirib.
Yəməndəki husilər və İraqdakı iranlı dəstəkli silahlılar da müharibəyə qoşula biləcəklərini bəyan ediblər, bu isə qarşıdurmanın coğrafiyasını və təsir dairəsini genişləndirir.
İran da öz növbəsində cavab olaraq raket və dron zərbələri ilə ABŞ-nin digər ölkələrdəki hərbi və diplomatik obyektlərini, həmçinin Fars körfəzinə yaxın enerji infrastrukturunu hədəfə almaqda davam edir.
CNN isə mənbələrinə istinadla yazır ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İranda kürd müxalifət qüvvələrini silahlandırmaq üzərində işləyir. Məqsəd, bu qüvvələrin İran təhlükəsizlik orqanları ilə qarşıdurmaya girərək şəhərlərdəki vətəndaşların etirazlara çıxmasını asanlaşdırmaqdır. Kürdlərin bu əməliyyatları bölgədə xaos yaradaraq həm İran rejiminin hərbi resurslarını yayındırmaq, həm də ölkənin şimalında aralıq təhlükəsiz zonası yaratmaq planına xidmət edir.
Bu arada, “The New York Times” yazır ki, İranın Ekspertlər Şurası Əli Xameneinin oğlu, 56 yaşlı Möctəbə Xameneini yeni ali lider olmaq üçün əsas namizəd seçib. Qəzetin mənbələrinə görə, Möctəbə Xameneinin təyinatı bu gün, martın 4-də elan oluna bilərdi. Amma ABŞ və İsrail üçün hədəfə çevrilmə ehtimalına görə bu edilmədi.
Londonda fəaliyyət göstərən “Iran International” telekanalı martın 3-də axşam xəbər verib ki, Ekspertlər Şurası “İslam İnqilabı Keşikçiləri Korpusunun təzyiqi altında” Möctəbə Xameneini ölkənin yeni Ali lideri seçib. Oxşar məlumat “Deutsche Welle” də mənbəsinə istinadla yazıb. Bu məlumat hələ rəsmi təsdiqlənməyib.
İsrailin müdafiə naziri İsrael Katz “X” sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, “İran tərəfindən İsraili məhv etmək, Amerika Birləşmiş Ştatlarını, azad dünyanı və region ölkələrini təhdid etmək planını davam etdirmək üçün təyin olunacaq istənilən lider birbaşa hədəfə çevriləcək”.
“Adının nə olduğu və ya harada gizləndiyi önəmli deyil. Belə bir şəxs qəti şəkildə zərərsizləşdiriləcək hədəf olacaq”, –
Katz vurğulayıb. Nazir qeyd edib ki, bu istiqamətdə tapşırıq İsrail Müdafiə Qüvvələrinə Baş nazir Benyamin Netanyahu ilə birgə verilib.
ABŞ hərbçiləri bildirir ki, İsraillə birgə bombardman kampaniyasının başlanmasından bəri İranın təxminən 2000 hədəfi vurulub, İran isə 500-dən çox ballistik raket və 2000-dən çox pilotsuz uçan aparatı işə salıb.
ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper deyib ki, bu missiyada 50 000-dən çox əsgər, 200 döyüş təyyarəsi, iki hərbi təyyarə (və ya hərbi aparat) və bombardmançılar iştirak edir.
ABŞ-da yerləşən və insan haqlarının qorunması ilə məşğul olan HRANA xəbər agentliyi fevralın 28-dən bəri İranda 1097 dinc sakinin öldüyünü xəbər verir.
Agentliyin məlumatına görə, onların 181-i 10 yaşdan kiçik uşaqlardır. Vətəndaş itkilərinin sayı 5402-ə çatıb, o cümlədən 100 uşaq, HRANA əlavə edir. HRANA-ya görə, son 24 saat ərzində ən azı 104 hücum həyata keçirilib. Onlar hərbi bazalara, tibbi mərkəzlərə və yaşayış məntəqələrinə təsir edib.
Qeydiyyata alınmış daha yüzlərlə ölüm hadisəsi üzrə yoxlamalar aparılır.