”Azərbaycanlı Türkiyədə mənzil alan xarici vətəndaşlar reytinqində 6-cı yeri tutublar”
Pulu daşınmaz əmlaka yatırmaq müəssisələrin qiymətli kağızlarını almaqdan və ya banka depozit qoymaqdan daha sərfəlidir. Müəssisə müflisləşə, bank iflas edə bilər, daşınmaz əmlak isə həmişə dəyərli qalacaq. Bir çox azərbaycanlılar müstəqil ekspertlərin bu məsləhətlərinə qulaq asıblar və öz kapitallarını xaricə aparıb, iqtisadi sabitlik və inkişafın hökm sürdüyü başqa ölkələrdə mənzillər və villalar alıblar.
Report-un Türkiyənin Statistika İdarəsinə istinadən yaydığı məlumata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları ölkədə 333-dən çox ev və mənzil alıblar və Türkiyədə mənzil alan xarici vətəndaşlar reytinqində 6-cı yeri tutublar. Siyahıya İraqlı alıcılar liderlik edir (1 645), onların ardınca Səudiyyə Ərəbistanı (1 517), Küveyt (798), Rusiya (600) və Əfqanıstan (524) vətəndaşları gəlir.
Azərbaycanlılar yanvar ayında 54, fevralda 55, martda 50, apreldə 65, mayda 63, iyunda 46 ev alıblar. 2016-cı ilin analoji dövründə Azərbaycan vətəndaşları Türkiyədə 336 ev alıb.
Araşdırmalar göstərib ki, həmvətənlərimiz əsasən Antalya, Belek, Alanya şəhərlərində və Aralıq Dənizi boyunca digər yaşayış məntəqələrində ev və villalar alırlar.
Amma dənizkənarı daşınmaz əmlak alınması coğrafiyası Türkiyə ilə məhdudlaşmır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin “Mülkiyyət” qəzetinin məlumatına görə, həmvətənlərimiz kurort zonalarının yerləşdiyi Bolqarıstandan, Qaradəniz sahillərindən də daşınmaz əmlak alırlar. Məlum olub ki, yeni sakinlər yay mövsümündə bu evlərdə qalır, qalan vaxt evlər boş olur.
Yerli daşınmaz əmlak firmalarının məlumatına görə, azərbaycanlılar mənzilin sahəsindən, şəhərdən, rayonun nüfuzundan və digər amillərdən asılı olaraq daşınmaz əmlak qiymətlərinin 40 min avro ilə 500 min avro arasında dəyişdiyi Çexiyada da məskən salırlar. Praqanın mərkəzində çətin ki, 70 min avroya mənzil ala biləsiniz, amma kənarlarda gözəl, təmirli ikiotaqlı mənzil almaq olar. Yeri gəlmişkən, oliqarxlar, böyük biznesmenlər, yüksək vəzifəli məmurlar və onların qohumları çoxdan Çexiyanı öz kapitallarını xilas etmək üçün sakit liman kimi seviblər. Məsələn, məşhur azərbaycanlılar, xüsusən, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə, onun qardaşı deputat Cavanşir Paşazadə, Milli Məclisin deputatı Adil Əliyev, habelə biznesmen Fəxrəddin Mirzəyevin atası Sahib Mirzəyev Çexiyanın nüfuzlu Karlovı Varı kurort şəhərində villa və mənzillər alıblar.
Maraqlı bir təfərrüat – Karlovı Varı havasını təkcə Adil Əliyev deyil, onun qardaşları – Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi general-polkovnik Məhərrəm Əliyev, habelə keçmiş polis polkovniki Allahverdi Əliyev də udur.
Əliyev qardaşları deputat və ya general maaşı ilə 360 min avroya 120-150 kvadrat metr sahəsi olan villaları necə ala bilərdilər? – sualı açıq olaraq qalır. “Nəzakətsiz” jurnalistlərimizin bu cür suallarından qəzəblənən Adil müəllim mətbuat vasitəsi ilə deyib: “Bəli, mənim Karlovı Varıda evim var. Bunda qeyri-adi nə var ki? Bu evi hamı ala bilər”…
Amma əsas mövzuya qayıdaq. Almaniya, İtaliya, Fransada öz evi olanlar arasında da Azərbaycan vətəndaşları az deyil. Əlbəttə, bu insanlar ölkənin siyasi və biznes elitasına daxildirlər, belə ki, Münhendə, Hamburqda, Londonda və Parisdə ev almaq hər bir məmurun və ya sahibkarın işi deyil. Məsələn, Almaniyanın Münhen şəhərində kiçik bir mənzilin başlanğıc qiyməti 240 min avrodur, Londonda penthauz və villa qiymətləri 500 min avrodan başlayır. Parisdə Senanın sahilində üçotaqlı mənzil 16 mln. avroya satılır. Bundan irəli gələrək, bu Avropa paytaxtlarında kimlərin mənzil ala biləcəyini təxmin etmək çətin deyil.
“Houzboom” daşınmaz əmlak firmasının rəhbəri Xaqan Qulamov qeyd edir ki, son vaxtlar iqtisadi böhran fonunda vətəndaşlarımızın xaricdə daşınmaz əmlaka marağı xeyli artıb. Burada üç amil rol oynayır. Birincisi, insanlar öz əmanətlərini banklardan götürür və maliyyə imkanlarından asılı olaraq, bəziləri Türkiyədə, bəziləri Gürcüstanda (Tbilisi və ya Batumi) mənzil alırlar. Bununla onlar öz kapitallarını qoruyur, eyni zamanda da istirahət üçün yer əldə edirlər. Bu obyektləri sonra səmərəli şəkildə satmaq olar. İkinci amil biznes, investisiyalardır. Bəzi azərbaycanlılar Avropada ev alıb onları icarəyə verirlər və gəlir əldə edirlər. Və üçüncü amil – bir sıra Avropa ölkələrində bahalı daşınmaz əmlakların sahibləri üçün imtiyazlar nəzərdə tutulub, məsələn, onların daimi yaşayış və vətəndaşlıq almaq hüquqları var.
Məhz buna görə bizim nazirlərin və oliqarxların övladlarının və həyat yoldaşlarının (bəlkə də özlərinin də) Qərb dövlətləri vətəndaşlıqları var. Doğma Azərbaycanda məhkəmə təqibi olarsa, “kordonun” arxasında gizlənmək olar. ABB-nin keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə xanım buna nümunə ola bilər, o, Böyük Britaniya vətəndaşı olaraq çoxmilyonluq villasında rahat-rahat yaşayır.