İqtisadçılar özəl obyektdə baş verən yanğına görə dövlətin kompensasiya ödəməsini doğru saymır

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib

Source: report.az

"Azərbaycanda sığorta mədəniyyəti formalaşmayıb, çünki normal vergi və sığorta münasibətlərinin yaranmasını təşviq edən sistem yoxdur"

Martın 26-da “Diqlas” Ticarət Mərkəzində baş verən yanğından zərərçəkən sahibkarlara ilkin kompensasiyanın verilməsi qərara alınıb.

Bununla bağlı Prezident İlham Əliyev 3 milyon manat vəsaitin ayrılması barədə sərəncam verib. Vəsait Prezidentin Ehtiyat Fondundan ödəniləcək.

İqtisadçılar özəl obyektdə baş verən yanğına görə dövlətin kompensasiya ödəməsini doğru saymır. Belə durumun büdcəyə ziyan vurduğunu düşünürlər.

ReAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli də deyir ki, normal ölkələrdə yanğın, subasma, zəlzələ və digər bənzər hadisələr baş verərkən heç kim dövlətdən maddi yardım gözləmir, dövlət ancaq təhlükəsizlik, ilkin tibbi yardım, kommunakasiyaların yaradılması məsələsinə baxır. Mal-mülk sahiblərinə dəyən ziyanı sığorta şirkətləri ödəyir, çünki sığorta mədəniyyətinin formalaşması üçün dövlət şərait yaradır:

“Azərbaycanda sığorta mədəniyyəti formalaşmayıb, çünki normal vergi və sığorta münasibətlərinin yaranmasını təşviq edən sistem yoxdur – vergi və sığorta münasibətləri ona görə yaranmır ki, dövlətin şəffaf çalışan institutları yoxdur – şəffaf çalışan instututlar ona görə yoxdur ki, məmləkətdə seçki institutu yoxdur, əslində bu qədər bəsitdi hər şey!”

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı deyir ki, dükanı olan malını sığortalamaq üçün aldığı malları rəsmən əldə etməlidir. Aldığı malları rəsmən əldə etmək üçün həmin məhsullar ölkəyə rəsmən daxil olmalıdır. Malların ölkəyə rəsmən daxil olması üçünsə şəffaf gömrük sistemi yaradılmalıdır:

“İcarədarlar icarəyə götürənlərlə rəsmi müqavilələr bağlamalı, həmin müqavilədə olan vəsaitin 14 faizini ya icarəyə verən, ya icarəyə götürən vergi şəklində büdcəyə ödəməlidir. Həmin müqavilədə fors-major vəziyyətlər nəzərə alınmalı, məsuliyyət bölgüsü açıq göstərilməlidir”.

N.Cəfərli deyir ki, Azərbaycanda bunların heç biri yoxdur. Böyük obyektlərin sahibi iri, ya çox iri məmurlar olduğu üçün nə qanuna baxırlar, nə qaydaları gözləyirlər, onlara da söz deyən oğul tapılmır:

“Nəticədə müqavilə mədəniyyəti də formalaşmır, bunun üçün məmur ya kreslosundan, ya da biznesdən qopardılmalıdır, saat 18:00-a qədər məmur, 18:00-dan sonra iri biznesmen olan məmurlar ordusu ölkənin ən böyük bəlalarından biri, iqtisadiyyatın əyləcidirlər…”

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə deyir ki, ticarət mərkəzindəki yanğın bir çox həqiqətləri aşkara çıxardı. Məlum oldu ki, vergi qanunvericiliyinə yeni dəyişikliklər yanvarın 1-dən tətbiqə başlasa da hələ də mühasibat uçotu və hesabatları köhnə qayda ilə aparılır:

“İcarədarla icarəçi arasında müqavilələr formal xarakter daşıyır. İcarədarların ödədikləri vəsait rəsmiləşdirilmir. Bəlli oldu ki, gəlirli obyektlər siyasi hakimiyyətdə yüksək vəzifəsi olmuş və ya olan şəxslərə məxsusdur. Onlar üçün isə nəinki qanun, hətta qaydaların belə aliliyi yoxdur. Onları yalnız qazancları və onu necə artırmaq yolları düşündürür”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı deyir ki, bu hadisə həm də göstərdi ki, aidiyyatı orqanlar hətta bu miqyasda yanğının söndürülməsində acizdirlər. Xüsusilə də mülki geyimli şəxslərin (işçi və ya kənar şəxs olmasına baxmayaraq) yanğınsöndürmə işinə cəlbi bu sahədə idarəçilik probleminin mövcudluğunu üzə çıxartdı:

“Yanğınsöndürmə işinin təşkili göstərdi ki, bunun üçün əvvəlcədən yaradılmış infrastrukturun mövcud olmaması bu şəraitdə göstərilən səyləri səmərsiz edir. Bəlli oldu ki, yanğından mühafizə qaydalarına və təlimatlarına əməl olunmamasından, əmlakın sığortalanmamasından ən çox ziyanı xırda və fərdi sahibkarlar çəkir. Onların hüquq və mənafelərini qoruyan sahibkarlıq birliklərinin, eləcə də məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməməsi bu problemin həllinin nə ictimai və nə də hüquqi müstəvidə mümkün olmayacağını deməyə əsas verir”.

İqtisadçı deyir ki, bütün bunlara görə xırda və fərdi sahibkarlara dəymiş zərərin ədalətli, tam kompensasiya olunacağı ehtimalı çox azdır.

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonundakı “Diqlas” Ticarət Mərkəzində yanğın baş verib.

Yanğın nəticəsində ticarət mərkəzi yararsız hala düşüb və alov yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Yanğın elektrik naqillərini sıradan çıxarıb.

Faktla əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb.

Ana səhifəXəbərlərİqtisadçılar özəl obyektdə baş verən yanğına görə dövlətin kompensasiya ödəməsini doğru saymır