Rövşən Ağayev: “Hesabatı oxumadan, açıqlama vermək qeyri-ciddi olardı”
Natiq Cəfərli: “Hansısa mesajların veriləcəyinə ümid etmək istəyirəm”
Martın 17-də Azərbaycan hökuməti Milli Məclisdə hesabat verəcək. Ənənəvi hesabatlardan olsa da, əvvəlki illərlə müqayisədə Mərkəzi Bankın 21 fevral qərarı müzakirələrin maraqlı keçəcəyi təəssüratını yaradır. Ancaq müraciət etdiyimiz iqtisadçılar hesabatla bağlı əhatəli məlumat ala bilmədiklərini söylədilər.
İqtisadçı Rövşən Ağayev Meydan TV-yə açıqlamasında təəssüfləndi ki, hesabatı əldə edə bilmədiyindən danışa bilməyəcək: “Hesabatı əldə etməyə çalışsaq da, cəhdimiz alınmadı. Jurnalist həmkarlarınız da sənədi tapa bilmədilər. Ona görə hesabatı oxumadan, açıqlama vermək qeyri-ciddi olardı. Məsələ ondadır ki, biz gərək hesabatı oxuyub ötən illə müqayisə edək, təəssüf ki, bu imkandan məhrumuq”.
Onun həmkarı Natiq Cəfərli də hesabatla tanış olmadığını söyləsə də, bildirdi ki, keçmiş ənənələrdən yanaşdıqda, hökumətin hesabatının normal yox, karikatura şəklində keçdiyi görünür: “Oturuşmuş demokratik cəmiyyətləri bir kənara qoyaq, qonşularımız Rusiyada, Qazaxıstanda, Gürcüstanda və Ermənistanda belə hökumətin hesabatı günlərlə, həftələrlə davam edir. Deputatların büdcə parametrləri ilə bağlı çoxsaylı sualları yaranır, hökumət üzvləri də bunlara cavab verməli olurlar. Azərbaycanda isə hökumətin hesabatı günün bir hissəsində yekunlaşır, bunu oturuşmuş qaydalara uyğun hökumət hesabatı adlandırmaq çox çətindir”.
Natiq Cəfərli builki fərqin ölkədə çox ciddi iqtisadi proseslərin başlanması ilə əlaqələndirdi: “Həm neftin qiymətinin enməsi, həm manatın devalvasiyası, həm sosial gərginliyin artması ehtimalı, həm də müxtəlif layihələrdə kəsintilərin olması ehtimalı hesabatı daha maraqlı edir. Amma ötən illərdən fərqli nəsə baş verəcəyini də düşünmürəm. Çox təəssüf ki, bu illərdə hökumətin hesabatları sırasında iki deputatın dalaşması yadda qalıb. Bu mənada Azərbaycan hökumətinin ciddi təkliflərlə yaddaqalan hesabat dövrünü xatırlamıram. Martın 17-də də yeniliklərin olacağını gözləmirəm. Amma hansısa mesajların veriləcəyinə ümid etmək istəyirəm. Azərbaycan postsovet məkanındakı problemli ölkələrdən olsa da, bugünə qədər hökumətin anti-böhran proqramı yoxdur. Artıq başqa respublikalarda bir neçə variantda bu cür proqramlar ictimaiyyətə təqdim olunub. Güman ki, anti-böhran proqramı haqqında nəsə desinlər. Ancaq indiki parlament formatında ciddi müzakirələrin olacağına inanmaq çox çətindir”.
Natiq Cəfərli güman edir ki, may ayında büdcəyə yenidən baxılması mümkündür: “Dəfələrlə büdcə təsdiqlənəndə neftin qiymətinin büdcədə daha konservatıv götürülməsini təklif etdik. Heç olmasa, 60 dollar götürülərdi. Əgər bunu etsəydilər, büdcə ciddi şəkildə azalmalıydı. Hökumət öz ritorikasının qurbanına çevrildiyindən büdcənin ciddi şəkildə azalmasına getmək istəmədi. Çünki insanlara izah edə bilməyəcəkdilər ki, əgər dünyadakı proseslərin Azərbaycana ciddi təsir göstərmədiyini deyirsinizsə, 2014-cü ilin büdcəsi ilə builki büdcə arasında niyə 15-20 faiz fərq var? Bu baxımdan bu ilin büdcəsinin yerinə yetirilməsində ciddi problemlər olacaq. Ümid edirik ki, ilin ortasında problemləri azaltmaq üçün müəyyən addımlar atılsın”.
İqtisadçı düşünür ki, büdcədə əsas kəsintiyə gediləsi xərc maddələri investisiya xərcləridir: “Hər il olduğu kimi, bu il də böyük miqdarda investisiya xərcləri nəzərdə tutulub, təqribən 9 milyarddan çox. Amma hökumətin qurduğu iqtisadi modeldə investisiya xərcləri mühüm rol oynayırdı, səbəb də o idi ki, başqa cür inkişafı təmin edə bilmirdilər. Başqa yollar deyəndə, rəqabətli mühit yaradılmalı, korrupsiyaya son qoyulmalı, ədalətli məhkəmə sistemi olmalıdır. Birinci modelə üstünlük verdiklərindən hökumət çıxılmaz vəziyyətdə qalıb. Çünki investisiya xərcləri azaldıqca, iş yerləri də azalacaq və bu, sosial gərginliyi gücləndirəcək. Təəssüf ki, gözlənilən gərginliyin qarşısını alacaq doğru-dürüst proqramları da yoxdur.