İqtisadçı: Yerüstü xidmətlər də AZAL-ın monopoliyasındadır

“Altı iri dövlət şirkəti dövlət büdcəsindən aldığı vəsaitdən qat-qat az vəsaiti geri ödəyir”

Source:


“Altı iri dövlət şirkəti dövlət büdcəsindən aldığı vəsaitdən qat-qat az vəsaiti geri ödəyir”

Macarıstanın aşağıbüdcəli “Wizzair” aviaşirkəti iyulun 1-dən Gürcüstanın Kutaisi beynəlxalq hava limanından olan uçuşlarını bərpa edəcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, şirkət yenilənmiş aeroportdan 6 istiqamət üzrə – Milan, Praqa, Afina, Saloniki, Larnaka, Memmingen şəhərlərinə reyslər yerinə yetirəcək: “İlkin mərhələdə epidemioloji vəziyyət və Avropa ölkələrində tətbiq olunan məhdudiyyətlər səbəbindən Kutaisidən müntəzəm reyslər həftədə bir dəfə həyata keçiriləcək. Ancaq qış mövsümündən etibarən istiqamət və reyslərin sayı tədricən artırılacaq”.

“Wizzair” Kutaisi hava limanında bazasını 2012-ci ildə yaradıb.

Ötən ilin iyulunda bazanın fəaliyyəti dayandırılıb.

İqtisadçı Natiq Cəfərli Kutaisidən Avropa şəhərlərinə olan uçuşların 1 həftəlik bilet qiymətlərinə baxıb.

O deyir ki, iyulun 4-dən 11-dək Praqa şəhərinə olan bilet qiymətləri 165 dollar civarındadır: “Eyni tarixdə Bakıdan da Praqaya uçuş var. Reysi Türk Hava Yolları (THY) həyata keçirir və biletin qiyməti 1180 manatdır (694 dollar). Fərq 529 dollardır”.

İqtisadçı bildirir ki, Azərbaycan Hava Yolları Şirkəti (AZAL) rəhbərliyi nə düşünür, niyə başqa şirkətlərin qiyməti endirməsinə mane olur: “Biz nə vaxta qədər Gürcüstandakı qiymətlərə baxıb həsəd aparacağıq? Nə zamana qədər AZAL-a olan yaxın münasibətə görə camaat əziyyət çəkib, öz cibindən bu şirkəti maliyyələşdirib, hələ bir büdcədən də dotasiya almasını, bütün bunlara rəğmən ziyanla işləməsini görüb təəccüblənəcək? Bir tək bu məsələni həll etmək bu qədərmi çətindir?”

Natiq Cəfərli deyir ki, Bakıdan olan uçuş qiymətlərinin yüksək olmasının tək səbəbi AZAL-ın bazardakı inhisarçı mövqeyi deyil, həm də yerüstü xidmətlərin də onun monopoliyasında olmasıdır: “Bu günlərdə Naxçıvan Hava Limanını MR-nın nazirlər kabinetinə idarəetməyə verdilər. Yəni AZAL-dan aldılar. Əgər Vasif Talıbov o hava limanını Türkiyə şirkətlərindən birinə işlətməyə versə, onlar da bütün “Low Cost” hava şirkətlərini ora toplayıb ucuz qiymətlərlə uçuşlar təşkil etsələr, ləzzət alaram. Ölkənin ən sərt idarəetmə məkanı olan Naxçıvan bu sahədə Bakıya dərs versə, necə də yaxşı olar”.

Hesablama Palatasının 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyində deyir ki, altı iri dövlət şirkəti dövlət büdcəsindən aldığı vəsaitdən qat-qat az vəsaiti geri ödəyir.

Bunlar “Azərsu”, AZAL, Dövlət Dəmir Yolları, “Azərenerji”, “Azəriqaz” və Xəzər Dəniz Gəmiçiliyidir.

2019-cu ildə açıqlanan rəqəmə görə, AZAL 210 milyon manat ziyanla işləyib.

Baş nazir Əli Əsədovun iyunun 23-də imzaladığı qərara əsasən, Naxçıvan aeroportu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tabeliyindən çıxarılaraq, Naxçıvan Muxtar Respubıikasının Nazirlər Kabinetinin sərəncamına verilib.

Bu qərar bir sıra ekspertlər tərəfindən aviasiya sahəsində müəyyən islahatların başlanğıcı kimi qəbul edilib. Belə ki, Azərbaycan Avropa məkanında aeroport və milli aviadaşıyıcının bir şirkətin əlində cəmləşdiyi nadir ölkələrdəndir.

İqtisadçılar belə bir halın AZAL-ın inhisarçı kimi mövqe tutmasına və rəqabət yarada biləcək aviaşirkətlərin Azərbaycan aviasiya bazarına buraxmamasına şərait yaratdığını illərdir qeyd edirlər.

Baş nazirin qərarından sonra ekspertlər Naxçıvan aeroportunun Türkiyə şirkətinin idarəçiliyinə veriləcəyi barədə ehtimallar irəli sürüb.

Ana səhifəXəbərlərİqtisadçı: Yerüstü xidmətlər də AZAL-ın monopoliyasındadır