“Boş şeydir, inanmayın, bu hakimiyyət uşaqpulu verən deyil”
2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərclərinə dəyişiklik edilib. Beləliklə, DSMF-nin gəlir və xərcləri 4 milyard 784 milyon 700 min manat həcmində təsdiqlənib.
Bu, daha öncə təsdiqlənən 4 milyard 825 milyon 508 min 800 manatlıq büdcədən azdır.
Təsdiqlənən vəsaitin 9 900 000 (doqquz milyon doqquz yüz min) manatı uşaqların anadan olmasına görə müavinət üçün nəzərdə tutulub. 2019-cu il aprelin 1-dən uşağın anadan olmasına görə ödənən birdəfəlik müavinətin məbləği 200 manat idi.
İqtisadçı Qubad İbadoğlu bu rəqəmlərin yeni doğulan uşaqlara verməyə pul qalmadığını göstərdiyini deyir:
“Bu ilin büdcəsində nəzərdə tutulan məbləği 200 manatdan hesablayanda vəsait 49 500 yeni doğulan uşağa çatır. Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-iyun aylarında açıqladığı demoqrafik məlumata görə, ölkədə 59 356 nəfər doğulub. Heç şübhəsiz ki, ilin ikinci yarsında da təxminən bu qədər uşaq doğulacaq. Bu isə DSMF-nin büdcəsində bu il üçün nəzərdə tutulan məbləğin 2 dəfə artırılmasını tələb edir. Hazırkı büdcədə nəzərdə tutulan məbləğ 49 500 uşağa çatdığından bu saydan çox olan uşaqlara 200 manatlıq birdəfəlik uşaq pulunun hansı mənbədən ödəniləcəyi bilinmir”.
Qubad İbadoğlu əlavə edir ki, hələ hamiləliyə və doğuma, həmçinin, uşağa qulluğa görə müavinət də doğum sayından asılı müavinət növləridir. Bu növ müavinət məbləğləri üçün də uyğun vəsait nəzərdə tutulmayıb:
“Görünən odur ki, yeni doğulan uşaqlara birdəfəlik ödənişi vaxtında verməyə də vəsait çatmayacaq. Belə olanda niyə yalandan cəmiyyətin başını qatırlar ki, guya Milli Məclisdə uşaq pullarının ödənilməsi üçün işçi qrup yaradılıb. Boş şeydir, inanmayın, bu hakimiyyət uşaqpulu verən deyil”.
Milli Məclisin avqustun 6-da keçirilən iclasında deputatlar Tahir Kərimli və Sabir Rüstəmxanlı uşaqpulu ödənişinin bərpası məsələsini qaldırmışdılar.
Deputat Tahir Kərimli kasıb ölkələrdə belə uşaq pulunun verildiyini, bunun strateji məsələ olduğunu və bərpasının vacibliyini vurğulamışdı:
“Bizim valyuta ehtiyatımız var. İldə onun 1 milyard manatını bunun üçün ayıraq. Biz populistik etmirik. Bu yaşımızdan sonra özümüzü kimə göstəririk?”
Deputat Sabir Rüstəmxanlı da qeyd etmişdi ki, uşaq pulu verilsə, uşağı olan ailələr minimum xərclərlə təmin olunarlar:
“Gənc ailələrə yardım mənasında uşaqpulunun bərpa olunması çox vacib məsələdir. Konkret olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, əlaqədar qurumlar ailələrə uşaqpulu verilməsi məsələsinin bərpası ilə bağlı addım atmalıdır”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirmişdi ki, uşaqpulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib və hazırda vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir.
2006-cı il yanvarın 1-dək Azərbaycanda 18 yaşına kimi uşaqlara aylıq müavinətlər ( uşaq pulu) verilirdi. 2006-cı il yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə mindi və aztəminatlı ailələrə ünvanlı sosial yardımlar edilməyə başlandı. Bununla da uşaqlara aylıq müavinətin verilməsi dayandı.