İqtisadçı: Vətəndaşlar yaxın zamanlarda kirayə mənzilə müraciət edə biləcəklər

Yeni fərmanda kirayə mənzilin təklif edilməsi artıq ipoteka ilə əlaqəli bütün qanunvericiliyə daxil olundu və bu da hüquqi bazanın formalaşıb başa çatması anlamına gəlir

Foto: Meydan TV


''Son fərman kirayə mənzil fondunun yaradılması ilə bağlı mexanizmin hazırlanmasının yekunlaşdığından xəbər verir''

Prezident

İlham Əliyev

iyunun 10-da “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman verib. O, bu fərmanla “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli fərmanlarında dəyişiklik edib.

İqtisadçı Vüqar Bayramov prezidentin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik etməsinə şərh verib. O, bu dəyişikliklərdə nələr nəzərdə tutulur və nə zamandan vətəndaşlar satın almaq məqsədi ilə kirayə mənzilə sahib ola biləcəklərini izah edib.

V.Bayramov deyir, bu o deməkdir ki, vətəndaşlar yaxın zamanlarda kirayə məzilə müraciət edə biləcəklər:

“Yeni fərmanda kirayə mənzilin təklif edilməsi artıq ipoteka ilə əlaqəli bütün qanunvericiliyə daxil olundu və bu da hüquqi bazanın formalaşıb başa çatması anlamına gəlir. Eyni zamanda, elektron ipoteka portalında da kirayə mənzillərə müraciət formalaşdırılacaq”.

İqtisadçı bildirir ki, Fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək:

“Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşların zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axrarış sistemi vasitəsi ilə əldə etmələridir. Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçiriləcək”.

Evə kirayə götürmək üçün isə aşağıdakı sənədlər tələb olunacaq:


– Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;


-Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi;


– Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;


– Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin ailə tərkibi barədə məlumatlar;


– Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;


– Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin kredit bürolarında saxlanılan məlumatları;


– Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar;


– Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar;

Yeni qaydalara əsasən kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq. İqtisadçı deyir ki, digər vacib dəyişiklik kirayə mənzilə müraciətə yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəyidir:

“Vətəndaşlar həmçinin, “ASAN Xidmət” Mərkəzləri vasitəsilə ilə də kirayə evlərə müraciət edə biləcəklər”.

Ana səhifəXəbərlərİqtisadçı: Vətəndaşlar yaxın zamanlarda kirayə mənzilə müraciət edə biləcəklər