İqtisadçı: “Ünvanlı sosial yardım alan ailələrin sayı ilbəil azalır”

Manat, Foto: Janusz Pienkowski/Shutterstock

“2021-ci il ərzində 32 min 569 aztəminatlı ailənin çörəyi kəsilib”

2021-ci ildə 77 min 269 ailəyə ünvanlı sosial yardım təyin olunub.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2021-ci il iyulun 1-də 62 min aztəminatlı ailənin 264,1 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 60,06 manat olub.

İqtisadçı Nemət Əliyev düşünür ki, ünvanlı sosial yardım alan ailələrin sayı ilbəil azalır.

Məsələn, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixində ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilib.

Həmin məlumatda bildirilir ki, 100 manat 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edib.

Nemət Əliyevin sözlərinə görə, həmin dövrdən sonra da sayda azalma olub.

Hazırda sosial yardım alan ailələrin sayı 44 min 700-ə düşüb: “Bu, o deməkdir ki, 2021-ci il ərzində 32 min 569 aztəminatlı ailənin çörəyi kəsilib. Yəni ünvanlı dövlət sosial yardımı alanların 40 faizi qayçılanıb”.

İqtisadçı bildirib ki, təzəlikcə Azərbaycan Boks Federasiyasının prezidenti seçilən Sahil Babayevin rəhbərlik etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021-ci ilin yekunlarına dair çox açıqlamalarla çıxış edib.

Lakin nazirlik son zamanlar ünvanlı sosial yardım alan ailələrin sayının hansı səbəbə azaldığına bir kəlmə aydınlıq gətirməyib:

Nemət Əliyev
Foto: Meydan Tv

“Yardımları kəsilmiş 130 min nəfərin həyat səviyyəsinin 2021-ci il ərzində yaxşılaşmasını düşünmək absurd olardı. Çünki əməkhaqqı, əhali gəlirləri və bahalaşma səviyyəsinə dair yayılan göstəricilərin müqayisəsi çox açıq şəkildə göstərir ki, Azərbaycanda ötən il həyat səviyyəsi göstəricisi kəskin şəkildə pisləşib. Belə olan halda bu qədər aztəminatlı ailənin son ümid yeri necə baltalana bilər? Hər yerdən əli üzülən bu yoxsul ailələrin hansı çətinliklərlə üz-üzə qalmalarını təsəvvür etməyə çalışın”.

Nemət Əliyev deyir ki, böyük ehtimalla aztəminatlı ailədə sonuncu işçinin iş yerini itirməsi yardımların kütləvi şəkildə kəsilməsinin əsas səbəbi olub:

“Çünki İlham Əliyevin ölkədə qurduğu sosial təminat sisteminin “gül” qaydasına görə işləməyənə, yəni heç bir təminatı olmayan ailələrə ünvanlı dövlət sosial yardımı verilə bilməz. Gərək iş yerindən arayış gətirib işlədiyini sübuta yetirəsən ki, bu yardımı ala biləsən. Yardım aldığın müddətdə iş yerini itirdinsə, batdın, dərd üzərinə dərd gələcək, yardımın verilişi dərhal dayandırılacaq və tək Allahın ümidinə buraxılacaqsan”.

BMT Beynəlxalq Əmək Təşkilatı ötən ilin payızında dərc olunan sonuncu Qlobal Sosial Müdafiə Hesabatında bildirir ki, Azərbaycanda aztəminatlı əhalinin yalnız 13.4 faizi sosial yardım proqramı ilə əhatə olunur.

Hesabata görə, həmin göstərici Qazaxıstanda 74.2, Gürcüstanda 93 faizdir.

Ana səhifəSosialİqtisadçı: “Ünvanlı sosial yardım alan ailələrin sayı ilbəil azalır”