“Mərkəzi Bankın uçot dərəcəsini 9.5 faizdən 15 faizə yüksəltməsi son 10 ildə ən son 2008-ci ilin iyununda qeydə alınmışdı. Ancaq cəmi 4 aydan sonra Mərkəzi Bank həmin dərəcəni yenidən 3 faiz aşağı salmışdı”, – deyir iqtisadçı Vüqar Bayramov.
O, hesab edir ki, Mərkəzi Bankın uçot dərəcəsini kəskin yüksəltməsi manatla yığımları artırmaq məqsədi daşıyır. Bu, milli valyuta ilə yığımlara daha çox dividend ödənişi deməkdir:
“Amma Mərkəzi Bank daha bahalı mərkəzləşdirilmiş kreditlər də təklif edəcək. Bu qərar, eyni zamanda, qorunan əmanətlərdə sığortalanan faiz dərəcələrinin dəyişdirilməsini bir daha aktuallaşdırıb”.
V. Bayramov deyir ki, dollarda cəmi 3, milli valyutada isə yalnız 12 faizədək divident təklif edən əmanətlərin sığortalanması, banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artıracaq. Bundan əlavə, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edəcək:
“Bu, manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər. İstehlak və mikro kreditlərin maksimum faiz dərəcələri uyğun olaraq 29 və 25 faiz olaraq məhdudlaşdırıldığı üçün bu təklifin qəbul edilməsi kredit faizlərinin yüksəlməsinə səbəb olmayacaq. Sadəcə əhalinin daha çox əmanətlərinin dövlət tərəfindən qorunmasına imkan verəcək”.
Qeyd: Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12 faiz, yuxarı həddini 18 faiz, uçot dərəcəsini isə 15 faiz səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.