İqtisadçı Rövşən Ağayev ReAL-dan istefa verdi

”Bacarmayan kənara çəkilib, bacaranların yolunu açmalıdır”

Source:


”Bacarmayan kənara çəkilib, bacaranların yolunu açmalıdır”

İqtisadçı Rövşən Ağayev ReAL Hərəkatından istefa verib.

Bu barədə o özü “Facebook” səhifəsində açıqlama yayıb.

İqtisadçı atdığı addımı “bəzən son dərəcə çətin qərarlar vermək məcburiyyətində qalırıq” – deyə xarakterizə edib və bildirib ki, bu qərarları qəbul etmək zərurəti məcburiyyətlərə üstün gəlir.

2011-ci ildən ReAL İdarə Heyətinin (İH) üzvü olduğunu xatırladan Rövşən Ağayev bildirib ki, təşkilatdan ayrılmaqla bağlı qərar vermək onun üçün çox çətin olub:

“Səbəbləri haqda çox qısa bunları deyəcəm. Hərakatın lideri İlqar Məmmədov artıq 4 il 2 aydır həbsdədir. Təşkilatın İH-nin hər bir üzvü belə şəraitdə onun da əvəzinə çalışmalı, liderin yoxluğunu hiss etdirməməli və ReAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədəkar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin İH-dən gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Bu qərarı qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Otən 6 ildə ReAL-ın proqramının işlənməsi xarici bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bacarmayan kənara çəkilib, bacaranların yolunu açmalıdır.

Ümid edirəm ki, İlqar Məmmədovun həbsdən çıxması uzun çəkməyəcək və onun liderliyi ilə ReAL Azərbaycanın gələcək siyasi həyatında öz layiqli yerini tutacaq”.

“Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizdən gözləntisi yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var…”,-deyə R.Ağayev fikrini yekunlaşdırıb.

Rövşən Ağayevin istefa qərarına İdarə Heyətinin digər üzvü Altay Göyüşov münasibət bildirib:

“Elə adınızın İH-də olması REAL-a da, cəmiyyətə də əvəzedilməz xidmət idi. Amma biz uçuruma yuvarlanan cəmiyyətik. Təəssüf ki, bunun qarşısını almağa gücümüz çatmadı. Getməyiniz REAL- a böyük itkidir. REAL-ın hər hansı şəkildə zəifləməyi Azərbaycan üçün itkidir. Hər halda bir şey dəqiqdir ki, yenə də bizi bir yerə gətirən ideallar uğrunda, cəmiyyəti boğulduğu bataqlıqdan çıxartmaq üçün səylərinizi və fəaliyyətinizi davam etdirəcəksiniz. Ona görə buna getmək kimi baxmıram, sadəcə həmin ideallar uğrunda fəaliyyəti daha səmərəli etmək düşüncəsindən doğan qərar kimi qiymətləndirirəm”.

Ana səhifəXəbərlərİqtisadçı Rövşən Ağayev ReAL-dan istefa verdi