İqtisadçı: Qiymət bahalaşması mövsümi soğan satışa çıxarılanadək davam edəcək

Kənd Təsərrüfatı Nazirliyi açıqlama yayaraq bildirib ki, soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır.

Source: google.az


''Ölkədə ötən il əvvəlki illə müqayisədə niyə soğanın çox yeyilməsinin izahatını vermək çətindir''

Son bir neçə həftədə Azərbaycan bazarlarında soğanın qiyməti ikiqat artıb. Müstəqil iqtisadçılar buna səbəb kimi ölkədə əhaliyə yetəcək qədər soğan istehsal edilmədiyini göstərirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda soğan istehsalı 233 min ton olub. Bu da 2017-ci ildən 25 min 503 ton çoxdur.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu müqayisə üçün deyir ki, ölkədə 2013-cü ildə 158 min ton, 2016-cı ildə isə 178 min tona yaxın soğan tədarük olunub:

“Göründüyü kimi ötən 5 il ərzində soğan istehsalında artım müsbət olub. Bəs niyə bu gün bazarlarda acı soğan şirin almadan bahadır? Statistik məlumatlardakı maraqlı dəyişikliklərdən biri də odur ki, ötən il əvvəlki ilə nisbətən istehsal artsa da, ixrac azalıb. Yəni 2017-ci ildə ixrac 56 min 612 ton təşkil etdiyi halda, bu göstərici 2018-ci ildə 40,6 min tona qədər azalıb. Deməli, ötən il tədarük olunan soğanın daha çox hissəsi ölkədə qalıb”.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin 3 rübündə ölkədən 246,5, 2017-ci ildə isə 2188 ton soğan idxal olunub.

Q.İbadoğlu rəqəmlərə baxıb deyir ki, istehlak balansını (anbar qalığını 0 götürməklə) qurmaq üçün istehsaldan ixracı çıxıb üzərinə idxalı gələk. Bu hesablama göstərir ki, 2018-ci ildə 192 min 646 ton 500 kq, 2017-ci ildə isə 153 min 073 ton soğan daxili istehlaka yönəlib. Bu isə o deməkdir ki, hər adama 2017-ci ildə 15,6 kq, 2018-ci ildə isə 19,4 kq soğan yeyilib və yaxud da 2018-ci ildə 2017-ci illə müqayisədə soğan istehlakı 40 min ton çox olub.

“Ölkədə ötən il əvvəlki illə müqayisədə niyə soğanın çox yeyilməsinin izahatını vermək çətindir. Əslində rəsmi rəqəmlərin təhlili göstərir ki, ötən il soğana tələbatın artımı qiymətin bahalaşmasında əhəmiyyəti rol oynayıb”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

Bununla bağlı hökumətin gördüyü tənzimləmə tədbirlərinə gəlincə, iqtisadçı deyir ki, 2016-cı ilin oktyabrından etibarən hər 1 kiloqram soğanın idxalına tətbiq edilən köhnə rüsumun ləğvi, eləcə də hər 1 kq soğanın ixracına 2019-cu ilin aprelin 1-dən mayın 31-dək tətbiq edilən yeni rüsumun tətbiqinə dair Nazirlər Kabinetinin müvafiq qərarları ən azı 3 ay gecikmiş hesab olunmalıdır. Çünki bu ilin ilk 2 ayında Azərbaycanda 7 min 300 ton soğan ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6100 ton çoxdur:

“Əslində ixraca rüsumun tətbiqi ilə bağlı qərarın yanvarın 1-dən verilməsi ölkədən ən azı 7 min ton soğanın ixracının qarşısını ala bilərdi və təbii ki, bu da qiymətlərin tarazlaşmasında əhəmiyyətli rol oynaya bilərdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda istehlak bazarını tənzimləmək üçün zərur olan qərarlar bir çox halda ya verilmir və ya da vaxtında verilmədiyindən onun səmərəsi olmur. Bu halda isə Nazirlər Kabinetinin 5 aprel tarixli qərarının soğanın qiymətinin sabitləşməsində təsiri çox az olacaq. Qiymət bahalaşması mövsümi soğan satışa çıxarılanadək davam edəcək. Odur ki, gözləmək lazımdır ki, təzə soğan satışa çıxsın”.

Bazarlarda soğanın qiyməti kəskin bahalaşandan sonra Azərbaycan hökuməti ölkəyə idxal olunan soğana gömrük rüsumunu ləğv etdi. Bu barədə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin birgə məlumat da yaydılar. Həmin məlumatda deyilir ki, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-na qədər, soğan və kələmin ixracına isə bu il mayın 31-nə qədər ixrac rüsumu tətbiq edilib:

“Bundan başqa, soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətə qədər ləğv edilib. Bu addım daxili bazarda qiymət sabitliyinin təmin olunmasına, ölkə əhalisinin bu məhsullara olan tələbatının daha dolğun ödənilməsinə xidmət edir”.

Mart ayında ölkədə soğanın qiyməti kəskin artıb. Bir həftə ərzində bazarlarda soğanın qiyməti 70 qəpikdən 1 manat 50 qəpiyə qədər bahalaşıb.

Kənd Təsərrüfatı Nazirliyi açıqlama yayaraq bildirib ki, soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır.

“Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə çox – 7 min tondan çox soğan ixrac edib ki, bunun da, təxminən, 6 min tonu Türkiyəyə göndərilib. Bununla belə, daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb yoxdur. Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə, müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəqin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək”, – deyə nazirlikdən bəyan ediblər.

Ana səhifəXəbərlərİqtisadçı: Qiymət bahalaşması mövsümi soğan satışa çıxarılanadək davam edəcək