“Devalvasiyaya baxmayaraq krediti qaytaranlara da ödəniş ediləcək”
Prezident İlham Əliyevin fevralın 28-də problemli kreditlərlə bağlı verdiyi
fərman
kreditini vaxtında ödəmiş insanlara da şamil ediləcək.
Bunu Meydan TV-ə iqtisadçı Vüqar Bayramov deyib.
Fərmanın 8.3. maddəsində deyilir ki, bu fiziki şəxslərin 2012-ci il yanvarın 1-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə
aiddir.
İqtisadçı bildirir ki, nümunəvi kreditorlara kompensasiyanın verilməsi nəzərdə tutulur.
“Məsələn, vətəndaş 2015-ci ilin fevralın 21-dən əvvəl 10 min dollar kredit götürüb və hər iki devalvasiyaya baxmayaraq, kreditini geri qaytarıbsa, fərmana əsasən, devalvasiya nəticəsində yaranan fərq təsdiq olunan mexanizmə uyğun olaraq hesablanacaq və həmin məbləğ artıq kreditini bağlamış şəxsə ödəniləcək”.
Onun sözlərinə görə, fərman qəbul olunandan sonra edilən ödənişlər də hesablanacaq və kompensasiya hissəsi geri qaytarılacaq.
“Bu baxımdan, ödənişə davam etmək heç bir problem yaratmır. Vətəndaş həmin vəsait üzrə də kompensasiya alacaq”.
Bundan başqa iqtisadçı nəzərə çatıdırıb ki, güzəştlər həm dollar, həm də manatla götürülən kreditlərə aiddir və 17 min manatadək kredit götürmüş vətəndaşlar da güzəştlərdən yararlana biləcəklər:
“Kreditə görə ödənilən kompensasiya devalvasiya məbləğindən daha çoxdursa, bankda vətəndaşın adına hesab açılacaq və vəsait ora köçürüləcək. Vətəndaş həmin hesabdan pulunu nağdlaşdıra biləcək”.
Hansı halda vəsait banka və hansı halda vətəndaşa ödəniləcək sualına cavabında iqtisadçı bildirib ki, kompensasiya məbləği hesablanacaq və əgər qalıq borc bağlandıqdan sonra əlavə məbləğ qalarsa o vətəndaşa ödəniləcək:
“Tutaq ki, borc qiymətləndirildikdən sonra vətəndaşa ödəniləcək kompensasiya 4 min dollardır və onun min dollar borcu qalır və bu zaman 3 min dollar vətəndaşın bank hesabına ödənilir, qalan min dollar ilə kredit bağlanır”.
Avro və ya rubl ilə götürülən kreditlərə də bu Fərmanın aid olunacağını deyən,
Vüqar Bayramov bildirib ki, məbləği 10 min dollardan çox olmayan bütün xarici valyutada olan kreditlərə güzəşt şamil olunacaq:
“Bank olmayan kredit təşkilatlarından götürülən kreditlərə də kompensasiya veriləcək. Bütün növ kredit qurumlarından kredit alan vətəndaşlarımız bu güzəştlərdən faydalana biləcəklər”.
İqtisadçı kompensasiyadan sonra kredit bocu qalanların borclarını necə qaytaracaqları barədə məsələyə toxunaraq, deyib ki, məsələn, qiymətləndirmədən sonra vətəndaşın kredit qalığı 6 min dollardır və onun kompensasiya məbləği 4 min dollardır. Bu zaman həmin kredit üzrə 2 min dollar borc qalır:
“Həmin borc manata çevrilir. Bu zaman qalıq borc 3,4 min manat olur. Bu borcu ödəmək üçün vətəndaşa 1 ili faizsiz və qalan illəri 1 faiz olmaqla 5 illik kredit verilir, yeni ödəniş cədvəli tutulur və ona aylıq ödənişlər kəskin azaldılır. Yəni, faktiki olaraq qalıq borca faiz hesablanmır, müddətsə uzadılır ki, vətəndaş ödəniş edə bilsin”.
O deyib ki, fərmana əsasən, fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği 45 gün müddətində müəyyən ediləcək. Onun sözlərinə görə, ən geci aprelin ortasınadək hər bir vətəndaş alacağı kompensasiya məbləği barədə məlumatlandırılacaq:
“Fərmana əsasən, vətəndaşlar kompensasiyanı ən geci mayın 28-dək alacaqlar”.
Azərbaycanda 2015-ci ildə iki devalvasiya vaş verib. Fevralın 21-də olan devalvasiya nəticəsində manatın dollara qarşı olan kursu 0,78 manatdan 1,05 manata qədər dəyişib. Həmin il dekabrın 21-də olan devalvasiya nəticəsində dolların kursu 1,55 manata qədər artıb.
Dövlət Statistika Komitəsinin 2018-ci il üçün məlumatına əsasən, bankların kredit portfeli 13 milyard manatdır ki, bunların da 12,2 faiz problemli kreditlərdir.